ABŞ-ın həqiqi "sahibləri" kimdir – Konspiroloji nəzəriyyə

   ABŞ-ın həqiqi "sahibləri" kimdir –    Konspiroloji nəzəriyyə
  10 Noyabr 2022    Oxunub:5481
...Sizə elə gəlir ki, “Coca-Cola” və “Pepsi-Cola” rəqib şirkətlərdirlər? “Facebook” və “Google” bir-birilə rəqabət aparır? “Apple” ilə “Microsoft” arasında mübarizə gedir? Bəs “Nike” ilə “Adidas”, “Boeing” ilə “Airbus”, “Ford” ilə “Toyota” CNN ilə “Fox”, “Pfizer” ilə “Moderna”? Bunlar azad bazarda bir-birilə azad rəqabətdədirlərmi?..

“PepsiCo” səhmlərinin 72,82%-i 3155 hüquqi şəxsə məxsusdur - bunlar investisiya, sığorta şirkətləri və fondlar, banklar və bəzi hallarda dövlətlərdir. Əsas səhmdarların siyahısına diqqətlə nəzər saldıqda məlum olur ki, ilk onluq “PepsiCo” səhmlərinin üçdə birinə sahibdir, onların da ən böyüyü iki firmadır: “Vanguard” (8,73%) və “BlackRock” (7,13%).


Bəs “Coca-Cola” şirkətinin sahibi kimdir? “Yahoo Finance” axtarış sistemi əsas səhmdarları qısa zamanda tapır: “Vanguard” (7,35%) və “BlackRock” (6,58%) ikinci və üçüncü yerləri tuturlar.


“Vanguard” və “Black Rock”dan sonra digər tanınmış investisiya şirkəti “State Street Corporation” da dünyanın ən böyük şirkətlərinin əsas səhmdarları siyahısındadır.

“Böyük Üçlük”

ABŞ-ın maliyyə dairələrində “Vanguard”, “BlackRock” və “State Street Corporation”a “Böyük Üçlük” deyilir. Bu üç firma birlikdə “S&P 500”dəki bütün firmaların 90%-nə sahibdir, ABŞ-da ən çox sərmayə qoyulan 500 açıq şirkət onların səbətindədir.


Britaniyanın “The Expose.uk” nəşri yazır ki, 2020-ci ilin noyabr ayında “Böyük Üçlük” Amerika iqtisadiyyatının dörddə üçündən çox olan 15 trilyon dollarlıq bazara nəzarət edirdi. 2021-ci ilin yanvarına qədər isə onların biznesinin həcmi artıq 18 trilyon dollara çatmışdı.

İnternetə kim nəzarət edir?

Bu gün İnternet dünyasında “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” dominantlıq edir. “Alphabet”, “Apple” və “Microsoft” bu gün dünyada istifadə olunan demək olar, bütün smartfonlar və kompüterlər üçün əməliyyat proqramı təminatının istehsalı və satışı sahələrini inhisara alıblar. Milyardlarla istifadəçisi olan bazara praktik olaraq təkbaşına nəzarət edən bu texnologiya nəhənglərinin sahibi kimdir? “Vanguard” və “BlackRock”!


Eyni zamanda, onlar “Sony”, IBM, HP, “Philips”, “Intel” kimi tanınmış brendlərin də əsas sahibləridirlər. “Vanguard” portfelinin ən böyük aktivi “Microsoft”un səhmləridir. İkinci ən böyük aktivə “Apple” şirkəti malikdir. Ötən il bu qiymətli kağızlar bütün portfelin dəyərinin 3,64%-ni təşkil edirdi.


“Amazon”un səhmləri “Vanguard” portfelində daha bir yüksək dəyərli aktivlərdir. Fond 2002-ci ildən “Amazon”a sərmayə qoyur. Portfeldə dördüncü ən böyük aktiv “Meta”nın səhmləridir. “Vanguard”ın portfelində “Trillion Club”dan olan daha bir texnologiya nəhəngi “Alphabet” (Google) da var. Ümumilikdə “The Vanguard Group” 6,5 trilyon dollara nəzarət edir. 2020-ci ilin göstəricilərini nəzərə alsaq, bu, Pentaqonun illik büdcəsinin təxminən 9 qatıdır.


“Böyük üçlük”dəki “BlackRock Inc.” təxminən 7,5 trilyon, “State Street Corporation” 3 trilyon dolları idarə edir. Amma bu fondlar özləri də bir-birinin səhmlərinin bir hissəsinə sahibdirlər və nəticədə bir-biri ilə sıx bağlı olan formal şirkətlər qrupu təxminən 20 (və ya daha çox) trilyon dollar toplayaraq Amerikanın texnoloji sferasına, onun vasitəsilə dünyaya nəzarət edirlər.


Nəticədə məlum olur ki, ilk baxışda kiçik görünən 5-10%-lik paylara baxmayaraq, institusional investorlar ən böyük korporasiyalar üzərində real nəzarətə malikdirlər. Deməli, institusional investorlara faktiki nəzarət edənlər bütün Amerika iqtisadiyyatının sahibidirlər.

“Doğrudanmı, məsələ bu qədər ciddidir?” deyə soruşa bilərsiniz. Gəlin, baxaq, görək “Böyük üçlük” nə qədər böyükdür.

Məsələ nə qədər dərindir?

Məzuniyyətə getməyə qərar vermisinizsə, o zaman səfəriniz trip.com, Skyscanner, Expedia vasitəsilə bilet bron etməkdən başlaya bilər. Boeing, Airbus təyyarələrində uçacaqsınız. Mənzil başına çatanda qalacağınız yeri booking.com, Tripadvisor, Airbnb vasitəsilə tapacaqsınız. Sanki tamamilə ayrı olan bu şirkətlərin ümumi cəhəti nədir? Sahiblərinin eyni olması və onların da başında “Vanguard” ilə “BlackRock”un dayanması.


Elə həmin investisiya firmaları öz təyyarələrinin istehsalı üçün istifadə olunan əlvan və ağır metalları, neft və qazı nəzarət etdikləri enerji şirkətləri - Shell, BP, Exxon vasitəsilə təmin edirlər.


Bundan əlavə, Vanguard və BlackRock dünyanın ən tanınmış tekstil və geyim şirkətlərinin də əsas sahibləridir. Zövqünüzdən və maddi imkanlarınızdan, hansı markanı - “Bershka”, “Zara”, “Adidas”, “Nike”, “Prada”, “Louis Vuitton”u seçməyinizdən asılı olmayaraq, pulunuz eyni ciblərə gedəcək: çünki sahiblər eynidir.


Eyni reallıq dünyanın ən böyük əczaçılıq şirkətləri sahiblərinə də aiddir. Həmin “Vanguard” və “BlackRock” fondları Johnson & Johnson, BioNTech, AstraZeneca, Moderna, Pfizer, Novartis, Merck, Monsanto, Abbott, GlazoSmithKline (GSK) kimi şirkətlərin sahibidirlər. Bu şirkətlərdən bəzilərinin adları “Covid-19” pandemiyası ilə əlaqədar xüsusilə çox hallanıb. Sizin hansı peyvəndi - AstraZeneca, Moderna, Pfizer, BioNTech vurdurmağınızdan asılı olmayaraq, pullar eyni ciblərə gedib.

“Yaxşı, bəs bu ciblərin shibi kimdir axı?”,- deyə bilərsiniz. Ora da gələcəyik, amma əvvəlcə başqa bir suala diqqət yetirək: Niyə dünya mediası bu mövzunun ətrafında hay-küy qaldırmır, gecə-gündüz yazmır, araşdırmır?

Cavab üçün yazının ikinci hissəsinə buyurun.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Konspirologiya  





Xəbər lenti