"Facebook" ilə bağlı yeni qalmaqal: "New York Post" sensasion faktlar aşkarlayıb

"Facebook" ilə bağlı yeni qalmaqal:  "New York Post" sensasion faktlar aşkarlayıb
  16 Sentyabr 2022    Oxunub:2640
“Facebook” sosial şəbəkəsi növbəti dəfə istifadəçilərin yazışmalarını və şəxsi məlumatlarını izləməkdə ittiham olunur. Bu dəfə məlum olub ki, şirkət 2020-ci ildə ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) ilə birlikdə ölkədə keçiriləcək prezident seçkiləri ilə maraqlanan istifadəçilərinin yazışmalarını izləyib.
"New York Post" qəzeti Ədliyyə Nazirliyindəki mənbələrinə istinadən yazıb ki, “Facebook” səlahiyyətliləri təkcə istifadəçilərin şəxsi mesajlarını izləməyiblər, həm də qanunsuz şəkildə aidiyyəti qurumlara təqdim ediblər. Məsələn, seçicilər hökumət əleyhinə fikirlər səsləndiriblərsə və ya 2020-ci il seçkilərinin nəticələrini şübhə altına alıblarsa, bu barədə FTB-yə məlumatlar göndərilib.

Qanunsuz şəkildə əldə olunan məlumatların son 19 ay ərzində ötürüldüyü qeyd olunur. "Facebook" əməkdaşları informasiyaları ABŞ-da terror təhdidləri ilə mübarizəyə cavabdeh olan FTB-in Baş Qərargahına göndərirlərmiş. Vətəndaşların azad fikirlərini əks etdirən şəxsi mesajları daha sonra ölkədəki yerli FTB ofislərinə ötürülüb. Növbəti mərhələdə agentlər "Facebook"un onlara göstərdiyi şəxsi söhbətləri rəsmi qaydada əldə etmək üçün öz bölgələrindəki aidiyyəti qurumlardan - məhkəmə və prokurorluqdan xüsusi icazə istəyiblər.

Hədəfə alınmış "Facebook" istifadəçiləri FTB-nin yerli ofisinin agentləri tərəfindən bəzən gizli müşahidə üsullarından istifadə edilərək araşdırılıblar. Nəticədə hansısa cinayət və ya zorakılığa dair heç bir fakt aşkar edilməyib.

2021-ci ilin 6 yanvarında məlum Kapitoli hadisələri zamanı terrorizm ritorikalarına dair eyni qaydada müəyyən məlumatılar toplamaq üçün Vaşinqtondakı FTB qərargahı tərəfindən 19 aylıq araşdırmalarla tanış olan bir mənbə deyib ki, "Bu, sadəcə bizim vaxtımızın boşuna itkisi idi".

O da vurğulanır ki, ədliyyədəki mənbələr federal hüquq-mühafizə orqanlarının siyasiləşdirilməsindən və günahsız amerikalıların konstitusiya hüquqlarından sui-istifadə edilməsindən narahat olduqları üçün nəşrə açıqlamalar verərək karyeralarını riskə atıblar.

Xatırladaq ki, "Facebook" bir neçə dəfə belə qanunsuz fəaliyyətdə ittiham olunub. Hələ 2014-cü ildə şirkətə qarşı istifadəçilərin şəxsi yazışmalarını izləmək ittihamı ilə bağlı məhkəmə iddiası qaldırılmışdı. Həmin vaxt qeyd edilirdi ki, istifadəçilər şəxsi mesaj vasitəsilə başqa bir saytın linkini paylaşarkən, "Facebook", onu göndərən şəxsin veb fəaliyyətinin profilini yaratmaq məqsədilə məlumatı skan edir.
Beləcə, müntəzəm şəkildə şəxsi mesajları izləyən sosial şəbəkə marketinq və reklam şirkətlərilə bölüşdüyü məlumata görə mənfəət əldə edirmiş...

Qeyd edək ki, ABŞ kimi ölkələrdə vətəndaşların sosial şəbəkələrdəki şəxsi məlumatlarına dair məxfilik siyasətinin pozulması, onların qanunun tələbinə uyğun olmayan formada hansısa quruma ötürülməsi cəmiyyətdə ciddi şəkildə qınanır. Çünki bu, demokratik cəmiyyətdə ciddi hüquq pozuntusu sayılır. Sosial şəbəkələr əvvəlcədən izləyicilərə vətəndaşların məxfilik siyasətinə nəzarətdə məsul olduqlarını bəyan etməklə yanaşı, onu ikinci tərəfə qanunsuz şəkildə ötürməyəcəyinə dair öhdəlik götürməlidirlər. Görünən odur ki, ABŞ-da xüsusi xidmət orqanları sosial şəbəkələrin rəhbərlərinin sayəsində heç bir hüquqi prosedur olmadan istənilən istifadəçinin məxfi məlumatlarına istənilən anda çıxış əldə edə bilirmiş. Halbuki bu ancaq məhkəmə yolu ilə əldə edilməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sosial-şəbəkə  





Xəbər lenti