Oxumaq niyə vacibdir: Əsas qaydalar

// Nəyi, necə və nə qədər oxumalıyıq

   Oxumaq niyə vacibdir:    Əsas qaydalar
  31 Avqust 2022    Oxunub:3564
Müasir dünyada yeni məlumatlar əldə etmək üçün mütaliəyə ehtiyac yoxdur, sadəcə Google-da axtarış vermək yetər. Oxumaqla intellektin birbaşa əlaqəsi yoxdur, ancaq beyni bir neyrosistem hesab etsək, mütaliənin faydaları şübhəsizdir. İstənilən təzə bir işi öyrənəndə beyində yeni sinir əlaqələri yaranır. Oxuyanda da eyni şey olur.
Ancaq oxumaq naminə oxumağın da mənası yoxdur. Ən yaxşısı oxuduqlarınızı dərk, müzakirə etmək və onu təcrübədə tətbiq etməyə çalışmaqdır - o zaman beyində daha çox yeni sinaps əlaqələri yaranacaq. Bəzi insanlar mətn oxumağa çətinlik çəkirlər. Əgər mütaliə prosesi sizə əziyyət verirsə, audio kitablara qulaq asmalı, oxuyarkən romanları deyil, qısa hekayələr seçməlisiniz.

Miçiqan Universitetinin ədəbiyyat mütəxəssisi Natali Fillips mütaliə ilə bağlı maraqlı təcrübə aparıb. Sınaqdan keçirilənlərə maqnit-rezonans tomoqrafiya aparatının kamerasında bədii əsərdən bir parça oxumaq təklif olunub. Məlum olub ki, həzz almaq üçün oxumaq beynin müxtəlif hissələrini stimullaşdırır. Bu zaman videolara baxarkən və ya kompüter oyunları zamanı istifadə edilməyən bölgələrə qan tədarükünün artığı müşahidə olunub.


Psixofizioloqlar mütaliə zamanı ifadələrin gözlənilməz sonluqlarının və ya mövcud olmayan sözlərin beynin müxtəlif sahələrinin fəaliyyətini gücləndirdiyini müşahidə ediblər. Belə hallar şeirlərdə daha çox olur. Ona görə də, poeziya nəsrdən daha güclü və qalıcı təsirə malikdir.

Nə qədər oxumaq lazımdır

Yetkin bir insanın orta oxu sürəti saatda təxminən 50 səhifədir. Bu məşğuliyyətə gündə bir saatdan bir qədər az vaxt ayırsanız, 250 səhifəlik kitabı bir həftə ərzində oxumaq olar. Uğurlu sahibkarlar: İlon Mask, Bill Qeyts, Uorren Baffet gündə bir neçə saat kitab və dövri nəşrləri mütaliə etməklə, ildə 100-ə qədər kitab oxuyurlar.

2019-cu ildə Rusiyada aparılan sorğu göstərib ki, ildə təxminən 12 kitab oxuyan insanlar internetdə dolaşmasalar, həftədə yarım kitab mənimsəyə bilərlər, yəni iki dəfə çox.


Oxumağa nə qədər vaxt ayıracağına hər kəs özü qərar verir. Mütaliə və digər mədəni istehlak, təbii ki, intellekti, zövqü formalaşdırır, inkişaf etdirir. Lakin Heraklitin dediyi kimi, “çoxlu bilik ağıl öyrədə bilməz, yoxsa, Hesioda və Pifaqora, həmçinin Ksenofana və Hekateyə də öyrədərdi”. Belə çıxır ki, o, dövrün ən yaxşı eruditlərini axmaq hesab edib. Ümumilikdə isə, oxumaq inkişafa stimul verir, amma ağıl yoxdursa, inkişaf da olmayacaq.

Xülasə

• Önəmli olan nə qədər oxumaq yox, oxunanı keyfiyyətli anlamaqdır.
• Oxuduğunuz məlumatlar haqda düşünsəniz, onları müzakirə etsəniz və həyata keçirsəniz, beyində yeni əlaqələr yaranacaq.
• Zehni fəaliyyət nə qədər aktiv olsa, yaşla bağlı beyin pozğunluqları ehtimalı bir o qədər azalır.
• Videoya baxmaqdan fərqli olaraq, oxumaq təxəyyülü aktivləşdirir.
• Şeir oxumaq ifadələrin və uydurma sözlərin qeyri-adi quruluşuna görə beynin müxtəlif nahiyələrində aktivliyin artmasına səbəb olur.
• Məşhur şəxslər - iş adamları, ixtiraçılar həftədə ən azı bir kitab oxuyurlar.
• Mütaliə özünü inkişaf etdirmək vasitəsidir. Məqsədiniz varsa, oxumaq ona çatmağınıza kömək edəcək.

Nadir Quliyev
AzVision.az




Teqlər: Kitab   Mütaliə  





Xəbər lenti