Anası ölən jurnalistin acı həyat hekayəsi

Anası ölən jurnalistin acı həyat hekayəsi
  24 Aprel 2014    Oxunub:2213
“Anam evdə yıxıldı, ayağı əzildi. Biz də dərhal onu Biləcəri qəsəbəsi Dəmiryol xəstəxanasına apardıq. Anam orada həkimlərin məsuliyyətsizliyinin qurbanı oldu və dünyasını dəyişdi”.
Jurnalist Səadət Abbasova anası 70 yaşlı Bilqeyis Abbasovanın xəstəxanada vəfat etməsində həkimləri təqsirkar hesab edir.

Bu fikirdə olanların sayı az deyil. Ötən il də mətbuatda xəstənin həkim səhvinə görə ölümü ilə bağlı kifayət qədər xəbər yayılıb. Doğuş zamanı anaların ölüm hallarının əksəriyyətində, eləcə də dünyasını dəyişmiş digər xəstələrin yaxınları həkimləri təqsirkar bilirlər. Elə jurnalist Səadət Abbasovanın da anası ötən ilin dekabrında dünyasını dəyişib. 4 uşaq anası olan Bilqeyis Abbasova biri subay, digəri evli olan iki qızı ilə birlikdə yaşayırmış. O, evdə yıxılıb və başına hadisə gəlib.

Səadət Abbasova bu iddiası barədə mətbuatda da məlumat yaymışdı ki, anasını həkim məsuliyyətiszliyi ucbatından itirib. O, vurğulayır ki, onun anası hiporteniya xəstəsi olduğu halda həkimlər buna diqqət etməyib və onların ard-arda vurduğu iynələrdən sonra Bilqeyis xanım keçinib:
“Bu hadisə 2013-cü il dekabrın 3-ü baş verib. Anam evdə yıxıldı və ayağı topuq hissədən əzildi. Biz çıxıq, yoxsa sınıq olduğunu dəqiq bilmədik və onu həkimə apardıq. Həkimə aparmadan əvvəl bir neçə dəfə soruşduq ki, başı divara dəyib, yoxsa yox. Dedi ki, yox, sadəcə ayağı ağrıyır. Çox böyük ehtimalla başı dəyib, amma bizə bildirməyib. Ola bilsin özü də hiss etməyib. Xəstəxananın girişində halı pis oldu, iki dəfə qaytardı. Biz sonradan bildik ki, bu, başdan zədə almağın əlamətidir”.

“Xəstəxanada ürəyi kardioqramma etmək üçün ləvazimat yox idi”
Səadət Abbasova deyir ki, daha sonra cərrah ona məlumat verib ki, Bilqeyis xanımın ayağı rentgen edilib: “Sən demə, onu tərpətmək olmazmış, çünki bədənində tromblaşma gedirmiş. Tromblaşma olanda da başında daxili sızma yaranıb. Bunu həkim bilməli idi və ilk növbədə başını tomoqrafiya etməli idi. Tomoqrafiyadan əlavə, təsəvvür edin ki, Dəmiryol Xəstəxanasının travmatologiya şöbəsində ürəyi kardioqramma etmək üçün ləvazimat yox idi. Rentgen ediləndən sonra onu palatay gətirdilər. Bu müddət ərzində ona bir neçə iynə vurulmuşdu. Bu iynələrdən ikisini rentgen otağında vurdular. Daha sonra palataya gətirib təzyiqini ölçdülər. Dedilər ki, təzyiq çox aşağıdır və iynə vurdular ki, təzyiq qalxsın, amma anamın halı getdikcə pisləşməyə başladı”.

Səadət xanım deyir ki, bu vəziyyəti görəndən sonra o, həkimlərə etiraz edib və nə baş verdiyini öyrənməyə çalışıb: “Həkimlər bayıra çıxıb müzakirə etməyə başladılar. Mən elə zənn etdim ki, pul barədə danışırlar. Onlara dedim ki, pulu fikirləşirsizsə, siz anamı xilas edin mən pul çatdıraram. Dedilər ki, ürəyini kardioqrama etmək lazımdır. Araba ilə onu silkələyə-silkələyə travmatologiyadan kardiologiya şöbəsinə aparanda yolda keçindi”.

S.Abbasova anasının ölümündə həkimlər təqsirkar bilsə də qohumlarının təzyiqi ilə məhkəməyə müraciət etməkdən imtina edib: “Mən istəyirdim ki, şikayət edim, bilim ki, nə baş verdi ki, anam dünyasını dəyişdi. Ona görə də polis çağırmışdım, həkimləri məhkəməyə verəcəkdim. Amma xalalarım mənə təzyiq göstərdi, dedilər ki, ananı yardırmaq istəyirsən? Meyit yuyulanda da aydın oldu ki, başının arxası əzilib, qan yığılıb. Onda bildik ki, tromblaşma olub. Ona görə də ilk növbədə bununla bağlı tədbir görülməli idi.

Travmatologiyadan kardiologiya şöbəsinə aparanda yolda keçindi, gözümün qabağında oldu. Son ümid kimi onu elektroşok etmək üçün aparanda xərəkdən saldılar. Xərəyin üstünə qoymaq üçün qaldıranda pillələndən yıxıldı. 3 kişi bir qadını saxlaya bilmədi, yerə saldı”.

“Atamın ili çıxmamış anamı itirdim”

Sonda jurnalist dönə-dönə vurğulayır ki, o, həmin həkimləri həmişə anasının ölümünün günahkarı hesab edəcək. Baxmayaraq ki, o, bununla bağlı heç bir orqana şikayət etməyib: “Biləcəri Dəmiryol xəstəxanası və oranın həkimləri Travmotoloq Rauf və cərrah Zakiri ömrümün axırına qədər anamın ölümünün baiskarı görəcəm. Atamın ili çıxmamış həkim səhvi ucbatından anamı itirdim”.

Qeyd etdiyimiz kimi, yaxınlarının ölümündə həkimləri günahkar görənlər az deyil. Bəs həkim səhvi nədir? Yaxud həkim hansı halda səhvə yol vermiş sayılır? Xəstənin özü, yaxud da yaxını necə əmin ola bilər ki, müalicədə həkim səhvə yol verib?

“Bütün ölümlər həkim səhvi ucbatından baş vermir”

Suallarımızı tibb elmləri doktoru, professor Adil Qeybulla cavablandırdı. Professor deyir ki, hər xəstə ölümünü həkim səhvi ilə bağlamaq olmaz. Xəstə evdə televizora baxarkən də dünyasını dəyişə bilər:

“Həkim səhvi odur ki, o, müalicə prosesində dünyada qəbul olunmuş ümumi protokolların ziddinə gedərək ya savadsızlıq ucbatından, ya da qəsdən hansısa istiqamət tutub və xəstənin ölümünə səbəb olub. Bütün ölümlər həkim səhvi ucbatından baş vermir. Baxmayaraq ki, xəstələrin yaxınları istənilən ölüm halında həkimi günahlandırır. Əlbəttə ki, müalicə səhvinə görə də dünyasını dəyişənlər var. Mən bunu qətiyyən inkar etmirəm. Bəzi hallarda həkimlər elə səhvə yol verir ki, buna biganə qaslmaq olmaz. Onların peşəkarlığı ilə də bağlı problemlər var, amma mən yenə deyirəm ki, bu məsələləri dünyanın həll etdiyi yolla həll etməliyik”.
Professor qeyd edir ki, Azərbaycanda bu sahə ilə bağlı şikayətlər hüquq-mühafizə orqanlarına edilir və onların da araşdırması tam düzgün nəticəni verə bilməz, çünki onlar həkim deyil: “Onlar necə aydınlaşdıra bilər ki, xəstənin ölümündə həkim səhvi var, yoxsa yox. Dünyanın hər yerində belə halları xüsusi komissiyalar araşdırır. Bu komissiyalar qərar verir ki, həkim ölüm halında nə qədər məsuliyyət daşıyır. Burada xəstəyə qəsddən deyil, məsuliyyətsizlik və ya peşə mənşəli səhvlərdən söhbət gedir. Məsələn, xəstə əməliyyat stolunda qanaxmadan dünyasını dəyişib. Həkim onu nə dərəcədə saxlaya bilərdi, saxlamlı idimi? və s. sualların cavabını aydınlaşdırandan sonra həkimin məsuliyyəti müəyyən edilir. Əgər burada cinayət məsuliyyəti yaradan hadisə varsa, onda bununla hüquq-mühafizə orqanları məşğul olur”.
A.Qeybulla vurğulayır ki, cəmiyyətdə həkimlərə olan münasibət, ölüm hallarının onların səhvi ilə izah olunması tendensiyası dəyişməlidir:

“Almaniya, Türkiyə və s. bu kimi ölkələrdə dövlət həkimə verdiyi diplomun arxasında dayanır. Tələbə xüsusi olaraq təhsil keçir, ona həkim sertifikatı verilir. Bu, dövlət güvənidir. Orada ölüm halının baş verməsi dərhal həkim səhvi ilə izah olunmur. Bizdə isə bunu dərhal həkim səhvi ilə bağlayırlar, bu yanaşma dəyişməlidir”.

“Həkimlərə qarşı cəzalar qanun çərçivəsidə olmalıdır”

Adil Qeydbulla xanım jurnalistin anasının dünyasını dəyişməyində həkimləri günahkar görməsini də əsassız hesab edir. O düşünür ki, xəstə yaxınları bu tip məsələlərə adətən çox emosional yanaşır:

“Xəstənin qusmağını yalnız kəllə-beyin travması ilə bağlamaq olmaz. Bunun müxtəlif səbəbləri ola bilər. Hazırda beyin silkələnməsini müəyyən etmək klinik əlamətlər kifayət deyil, instrumental metodlarla yoxlayıb əmin olmaq lazımdır. Bu məsələlər nüanslarına qədər araşdırılandan sonra məlum ola bilər ki, həkim səhvindən söhbət gedə bilər, yoxsa yox. Hamı həkimlərin cəzalandırılmağını istəyir. Həkimə qarşı da hansısa cəza tədbiri müəyyən olunanda bunun qanuni olmağını istəyirik. Mən qəbul edirəm ki, Azərbaycanda yerində olmayan həkim var və razıyam ki, son zamanlar baş verən bir neçə hadisədə həkim səhvləri var. Müəyyən məsələlər var ki, tibbi komissiya onu araşdırır, həkim məsuliyyətini müəyyən edir. Qalanı ilə hüquq-mühafizə orqanları məşğul olur. Səhiyyə Nazirliyi əlində rəy olan halda bir tədbir görə bilər, rəy yoxdursa, onun gördüyü tədbir ancaq subyektiv ola bilər.

Həmin xanımın anasının ölümündə həkim səhvi olduğunu düşünmürəm. Biz məsələlərə çox emosional yanaşırıq. Hər şeyə qanuni çərçivədə yanaşmağı öyrənməliyik. ən ağır faciə də baş versə çalışmalıyıq ki, bu qanun çərçivəsində həllini tapsın”.

Qanun həkim səhvinə necə yanaşır?

Bəs bu problem qanun çərçivəsində necə həllini tapır? Həkimin öz xəstəsinin ölümünə səbəb olduğu sübut olunarsa, onu nə gözləyir?
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, xəstə yaxını şikayət etməsə belə xəstəxanada dünyasını dəyişən istənilən şəxsin ölümü tibbi ekspertiza ilə araşdırılır: “Əgər tibbi ekspertiza qərar verirsə ki, ölüm səhlənkarlıqdan baş verib, o zaman prokurorluq cinayət işi başlada bilər. Bu, başqa tərəfidir. İkinci tərəfi odur ki, əgər xəstənin yaxınları hesab edirsə ki, xəstə həkim səhvinə görə dünyasınını dəyişib, onla bağlı prokurorluğa müraciət edərək cinayət işinin başladılmasını tələb edə bilər. Prokurorluq araşdırma aparacaq və şəxsin doğurdan da təqsiri varsa, onun təqsiri nəticəsində xəstə dünyasını dəyişibsə, o zaman insan ölümünə səbəbiyyət verməyə görə cinayət işi açılır və proses məhkəməyə göndərilir”.

Həkimi hansı cəzanın gözlədiyinə gəlincə isə Ə.Məmmədli qeyd edir ki, insan ölümünə səbəb olmağa görə istənilən halda şəxs məsuliyyət daşıyır: “Həkim bunu qəsdən də törədə bilər. Ən azından həkimin təqsirinə görə insan dünyasını dəyişirsə, o zaman vəzifəli şəxsin təqsiri ucbatından insan ölümünə səbəbiyyət verməyə görə məsuliyyət yaranır. Burada vəzifəli şəxs həkim hesab olunur. Həkim öz səlahiyyətlərindən istifadə edərkən yol verdiyi səhvə görə başqasının ölümünə səbəb olmuş olur.

Amma bununla bağlı bizim cinayət məcəlləsində geniş tənzimləmə yoxdur, yalnız ümumi müddəalar var. Ümumiyyətlə isə həkimin təqsiri sübuta yetirilərsə, o, həbs oluna bilər”.

Səhiyyə Nazirliyinin bu hallara münasibətinə gəlincə isə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirir ki, belə hallar tibbi ekspertiza tərəfindən araşdırılır: “Ekspert komissiyasında xəstənin xəstəlik tarixçəsi götürülür, aşardırılır və müəyyən edilir ki, hadisə həkim səhvinə görə baş verib, yoxsa yox”.

Nazirliyə daxil olan şikayətlərə gəlincə isə, A.Qədirli deyib ki, müalicə prosesində düyasını dəyişən xəstələrlə bağlı dəqiq statistik məlumat yoxdur. Cərrahiyyə əməliyyatındansonra isə 2013-cü il ərzində 422 xəstə dünyasını dəyişib: “2013-cü il ərzində ölkə ərazisində tibb müəssisələrində 170 min 755 cərrahi əməliyyat həyata keçirilib. Əməliyyatlardan sonra 422 xəstə dünyasını dəyişib. Cərrahi əməliyyatalrdan sonra olan ölüm faizi dünyanın qabqcıl ölkələri səviyyəsindədir. Bu xəstələrdən neçəsinin həkim səhvi ucbatından ölməyi barədə məlumat hələ ki, yoxdur. Çünki bunu tibbi ekspertizanın komissiyası müəyyən edir”.

Nazirlik rəsmisi deyir ki, il ərzində 28 şəxs haqqında müraciət daxil olub: “2013-cü il ərzində 28 şəxs haqqında müraciət daxil olub və bu şikayətlərin hamısı araşdırlıb. Müalicə prinsiplərinin poulması ilə bağlı 7 hal aşkarlanıb. Tibbi ekspertizanın komissiyyasında müzakirə edilib. Ümumilikdə 35 tibb işçisi müxtəlif dərəcəli administrativ cəzalara cəlb olunub”.

Əgər həkim səhvi xəstənin ölümünə səbəb olubsa, bu zaman Səhiyyə Nazirliyi həmin həkimi ilk növbədə vəzifədən kənarlaşdırır: “Nazirlik müalicə zamanı səhvə yolan verən həkimlə bağlı müxrtəlif cəzalar müəyyən edib əgər həkim xəstənin ölümünə səbəb olubsa, birinci növbədə həmin həkim işdən azad olunur. Bundan sonra həmin məsələ ilə prokurorluq məşğul olur. Digər hallarda isə, yəni həkim səhvi ölümlə nəticələnməyibsə, bu zaman xəbərdarlqıdan tutmuş cırrahiyə əməliyyatlarından uzaqlaşdırılmaya qədər cəzalar verilir”.

Elnur Muxtar

PS: Bu yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) jurnalistlər üçün elan etdiyi yazı müsabiqəsinə təqdim olunur.



Teqlər:  





Xəbər lenti