Türkiyə və Gürcüstan parlamentlərinin komitə sədrləri Bakıda

Türkiyə və Gürcüstan parlamentlərinin komitə sədrləri Bakıda
  23 Aprel 2014    Oxunub:741
Gürcüstan parlamentinin və Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitələrinin sədrləri Tedo Caparidze və Volkan Bozkırın bu gün Bakıya səfərləri başlayıb.
Azərbaycan Milli Məclisindən verilən məlumata görə, qonaqlar bu gün MM sədri Oqtay Əsədovla görüşüblər.

Görüşdə spiker qeyd edib ki, Türkiyə və Gürcüstan parlamentləri arasında yeni müstəvidə bu əməkdaşlığın təməlinin qoyulması təqdirəlayiqdir. Sədr bildirib ki, bu əməkdaşlıq beynəlxalq təşkilatlarda prinsipial məsələlərin müzakirəsi zamanı mövqelərin dəqiqləşdirilməsi baxımından vacibdir: “Yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərə də öz təsirini göstərməkdədir. Belə ki, ötən il Türkiyə ilə ölkəmiz arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dollarından çox olub, Gürcüstanla isə bu göstərici 600 milyon ABŞ dollarını keçib. Bütün bunlar münasibətlərimizin necə möhkəm təməllər üzərində qurulduğunun sübutudur”.

O. Əsədov parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsinin regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da əhəmiyyətli olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan, Türkiyə, Gürcüstan bölgədə gələcəkdə də yeni qlobal layihələr reallaşdıracaqlar.

Volkan Bozkır və Tedo Caparidze belə bir görüşün keçirilməsinin təşəbbüsçüsü kimi Azərbaycan tərəfinə təşəkkür ediblər. Qonaqlar hər üç ölkənin həssas bir bölgədə yerləşdiklərini, bu baxımdan qarşılıqlı maraq doğuran məsələlər ətrafında deputatlar səviyyəsində mütəmadi görüşlər keçirilməsini önəmli sayıblar. /APA/


Teqlər:  





Xəbər lenti