Bayrağa dönən oğul - VİDEO

// Atanın üç dəfəyə ala bilmədiyi postu bala necə azad edib

Bayrağa dönən oğul -  VİDEO
  31 Mart 2022    Oxunub:6313
Vətən müharibəsində adını qəhrəmanlıq tariximizə yazan igidlərimizdən biri də Səid Rəşidzadə olub. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Səid 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində doğulub. 1996-2007-cı illərdə Nərimanov rayonunda S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbi bitirib. Ali təhsilini isə 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb.
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Səid Aprel döyüşlərində Polad Həşimovla çiyin-çiyinə vuruşub. O, bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunsa da, Vətən müharibəsində könüllü döyüşlərə qatılıb. Hadrutun azadlığı uğrunda savaşan qəhrəmanımız oktyabrın 11-də Şişqaya yüksəkliyinə bayrağımızı sancarkən düşmənin snayper gülləsinə tuş gələrək, şəhid olub.

AzVision.az Aprel döyüşləri ərəfəsində şəhidin atası, 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nofəl Qasımovla söhbətləşib. Redaksiyamıza oğlunun uğrunda şəhid olduğu qanlı bayrağı gətirən ata deyir ki, bu bayraq onun üçün Səid deməkdir. Çünki Səid müharibə başlayandan bu bayrağı sinəsində özü ilə gəzdirib. Hər gün 3 dəfə öpüb, sinəsinə sıxırmış. Deyirmiş ki, haranı azad etsələr, ora sancacaq.



- Səid müharibədə bölük komandiri kimi iştirak edib. Hadrutun girəcəyində Şişqaya yüksəkliyindəki postu azad ediblər. Orada erməni bayrağı olub. Səid deyib ki, mən Azərbaycan zabitiyəm, erməni bayrağı altında dura bilmərəm, bayrağı dəyişməliyəm. Əsgərləri “komandir, səni qarşı tərəfdən vuracaqlar” deyib onu saxlamaq istəyiblər. Səid isə “vursalar da qorxmayın, kömək gələcək” deyə cavab verib. Dirəyə yaxınlaşıb bayrağı asanda onu snayperlə vurublar. 15 dəqiqə ərzində kömək gəlsə də, həyatını xilas etmək mümkün olmayıb. O, şəhid olandan sonra Səidin adını bayrağa yazıb, dirəkdən asıblar.



Ötən ilin oktyabrında gedib bayrağı dəyişdim. Bu bayrağı İstiqlal muzeyinə verəcəyik. Hər il də ora asdığımız bayrağı barelyeflə birlikdə dəyişəcəyik. Bu bayraq mənim üçün Səidin özüdür. Bayrağı Beyləqanda dostları ona verib. O, Beyləqanda bir neçə gün könüllüləri hazırladı. Deyirdi ki, könüllülər təcrübəsizdirlər, öyrətmək lazımdır. Ermənilər oktyabrın 3-ü Hadrut istiqamətində hücuma keçəndə kömək lazım oldu. Səid də hazırladığı əsgərlərdən 56 nəfərlik həmlə qrupu yaradaraq, Hadruta köməyə getdilər.
Hadrut mənim yaralı yerimdir. Səid yaşda olanda mən Füzulinin icra başçısı və ərazi müdafiə qərargahının başçısı olmuşam. Hər gün Səidin bayrağı asdığı yerdə erməni bayrağını görüb pis olurdum. Birinci Qarabağ müharibəsində üç dəfə hücum etdik, 18-20 şəhid verdik, ancaq həmin postu azad edə bilmədik. 30 ildən sonra Səidgil azad etdilər.



O, bu müharibədən kənarda qala bilməzdi. Mübariz İbrahimovun şəhid olduğu yerdə tağım komandiri olub. Aprel döyüşlərində Polad Həşimovla birgə döyüşüb. Müharibə görmüş, təcrübəli zabit idi. 2019-cu ildə guya onu uyğunsuzluqla ordudan tərxis edib ehtiyata buraxmışdılar. Dostları onu xaricə çağırırdı. Hətta xarici pasport da aldırmışdılar. Hamını aldadır ki, gələcəyəm. Sentyabrın 27-si isə dedi ki, müharibəyə qatılacağam.

- Onun ailəsi də öz yurdundan, kəndindən didərgin düşmüşdü. Uşaq yaşlarından müharibə görmüşdü. Yəqin ki, bunların da Səidin həyat yoluna təsiri çox olmuşdu…
- Üç yaşı olanda Qarabağa aparırdıq, avtomat atmağı öyrədirdik. Biz 1993-cü ilin avqustundan Füzuli rayonundan gələn məcburi köçkün kimi Bakıda yaşamışıq. Yəni bu ab-havada böyümüşdü. Ancaq sonrada hərbi təhsil almaq öz seçimi olub.
Onun Aprel döyüşlərində iştirakını Səid şəhid olandan sonra bilmişəm. Tipik Azərbaycan zabiti idi. Orduda baş verənləri danışmazdı. Oğlumu şəhid olandan sonra tanımışam. Tək Səid deyil, 3000-ə yaxın şəhidimiz ölümün gözünə dik baxdılar.



1993-cü ildə Füzulidə qızğın döyüşlər gedirdi. Böyük əməliyyatlar keçirilirdi. Mən maşınla Divanlılar kəndinə gedirdim. Maşınımda həmişə əsgərlərə verməyə paltar, siqaret, silah olardı. G ördüm əsgər yol ilə gedir, onu saxladım, dedim, yaxın gəl, sənə təzə paltar verəcəyəm. Dedi, “bəy, mən onsuz da şəhid olacağam”. Dedim, bilirəm şəhid olacaqsan, amma təzə paltarda şəhid ol da. Düşmən görsün ki, biz təzə paltarda şəhid oluruq. Səid də şəhid olanda təzə paltar geyinibmiş. Türkiyədən dostları göndəribmiş.

Nə qədər ömür lazımdır ki, Səid və digər balalarımızın qəhrəmanlıqlarını yazaq, xalqa göstərək. Mənə hamı deyir ki, “sən niyə kövrəlmirsən, ağlamırsan?”. Oğlumun şəhid xəbəri veriləndə bilirsiniz, nə soruşdum? "Bəs bölüyü indi kim idarə edir? Komandir şəhid olub". Biz Vətən müharibəsində uduzsaydıq, onda mən ağlayardım. İndi isə nəticə var axı. Ona görə şəhid verdik ki, torpaqlarımızı azad edək.

Səid uşaq vaxtından bayraqla böyüyüb. “Qarabağ” futbol klubunun və Azərbaycanın bayrağı başının altında olmasa yatmırdı. Bayraq uğrunda da şəhid oldu. Mənim üçünsə o bayraq ona görə əzizdir ki, nəticə var, yüksəklik alınıb. İndi mən kövrələ bilmərəm.
Mən Səid yaşda olanda 125 şəhid dəfn etmişəm. Onda 31 yaşım var idi. 60 yaşlı kişilərə təskinlik verirdim. İndi mən necə kövrələ bilərəm?! Səid özü də mənim ağlamağıma, kövrəlməyimə razı olmazdı.



- Siz özünüz də Birinci Qarabağ müharibəsi iştirakçısısınız. Səngərlərdə olmusunuz, müharibə görmüsünüz. Səidə məsələhətləriniz olurdumu?

- Ali hərbi məktəbi bitirən zabitlərə məsləhət vermək düzgün deyil. Orada hər şeyi öyrədirlər. Yüksəkliyə bir addım qalmış, oktyabrın 9-da mənə zəng etdi. Yerini dedi. Mən ona bildirdim ki, bulaqlardan su içməsinlər. Sən demə, onlar susuz imişlər, heç suları yox imiş. Yaş palçığı yalayırmışlar. Ona dedim, qarşıda bir dirək var, oradan erməni bayrağı asılıb. Bildirdi ki, “orada bizim olacaq, hələ aşağıdayıq”.

- Qurban Qurbanova Səidin baş geyimini və paqonlarını bağışladınız. Bu, Səidin “Qarabağ” sevgisindən qaynaqlanırdı, yoxsa Qurban bəylə şəxsi dostluğu var idi?
-Səid birinci kursda oxuyanda Qurban Qurbanovla tanış olmaq istəyirdi. İş elə gətirdi ki, təsadüfən kafedə Qurban Qurbanovla rastlaşdım. Ona yaxınlaşıb dedim ki, mənim oğlum sizinlə tanış olmaq istəyir, onu gözləyə bilərsiniz? Dedi, bir saat gözləyər. Səid gəldi, ondan sonra dostlaşıblar.
Biz həm də məcburi köçkün idik. Biz qarabağlıları onda ancaq “Qarabağ” klubu sevindirə bilərdi. Qarabağ klubu oynayanda piyada bayraqlarla 150-yə yaxın uşaq stadiona gedərdilər. Səid də onların arasında olardı. Hətta çox vaxt polislər onları tanıyırdı deyə pulsuz da buraxırdı.
“Qarabağ” ən çox itki verən klubdur. Onların 3 min azarkeşi şəhid olub.
Səid ali hərbi məktəbdə oxuyanda dostlarını yığıb həftədə iki dəfə futbol oynayırdı. O, şəhid olanda dəfnə kifayət qədər idmançılar, idman jurnalistləri gəlmişdilər.



- Səidi Füzulinin hansı kəndində dəfn etdiniz?
- Onu Füzulidə Babı kəndində dəfn etmişik. Anamın və qardaşlarımın da məzarı oradadır. Bizim öz kəndimiz Böyük Pirəhmədlidir. Səidgil əvvəlcə oranı azad edib Hadruta keçiblər. 1992-1993-cü illərdə yuxarı dağ tərəflərdə döyüş getdiyinə görə, şəhidlər üçün Füzulinin Arazboyu kəndlərində yer ayırtdırmışdım. Bu da həmin yerlərdən in biri idi. Orada da dəfn etdik.

- Səidgil Pirəhmədlidən keçəndə sizə zəng etdimi?

- Ondan əvvəl Füzulinin Dördçinar kəndi var. Ora çatanda dedi, buralarda çinar əkiblər. Ondan bildim ki, hardadırlar. Bizim kəntdən keçəndə isə işarə verdi ki, kəhrizin yanındadırlar. Cəbrayıldan 4 günə döyüşə-döyüşə, çətin yol ilə gediblər. Müharibədən sonra ora gedəndə dedim, ilahi, bizim uşaqlar necə çıxıblar? Döyüşə-döyüşə getmək üçün bunları ora hansı qüvvə aparıb?!



- Bu sizi kövrəltdimi?
- Mən tez -tez kövrələn, ağlayan adam deyiləm. Amma görsəm ki, bizim orada 10 əsgərimiz mühasirədədir, vaxtında onlara kömək çatır, o an ağlayaram. Bizim vaxtımızda peşəkar döyüşçü az idi, silahlar, təminat yox idi. Amma bununla belə ermənini yaxına buraxmırdıq. Bir metr uğrunda da qan tökülürdü. Erməni 4 ilə gəlib Füzuliyə çatdı. O 4 il ərzində erməninin qabağını döyüşən könüllülər aldı.

- Birinci Qarabağ müharibəsində hansı əməliyyatlarda iştirak etmisiniz?
- Uryandağ, Məngələnata, Aşağı Veysəlli əməliyyatları olub. Biz hər gün döyüşmüşük. Mən kabinetdə oturmamışam. Əsgərlə birlikdə səngərdə olmuşam. Hərbi paltarı əynimdən çıxartmamışam.Yoldaşım hər gün şəhid xəbərimi gözləyirdi. Yaxamızı kənara çəksəydik, kim qoruyacaqdı.
O vaxtı indiki kimi şərait yox idi. Bizim evdə mələfə qalmamışdı. Hamısını gecə ilə aparıb qohumlarıma tikdirib kəşfiyyata gedənlərə paylamışdıq. Gürcüstandan əl altından silah alıb gətirirdim. Hər şeyi özümüz edirdik.



- Neçə övladınız var?
- Səidin bir qardaşı var. Bacısı uşaq ikən rəhmətə gedib. Mən icra başçısı olanda xəstələnmişdi. Müharibə idi, rayondan çıxa bilmirdim deyə onu Bakıya gətirə bilmədim. Yoldaşıma dedim, gör neyniyirsən, rayondan çıxa bilmirəm. Qızım xəstəlikdən vəfat etdi. Həftədə bir və ya iki dəfə yarım saatlıq evə gəlirdim. Gündə 3 dəfə bütün səngərlərə baş çəkirdim...









Şahanə Rəhimli
FOTO: Anar Bayramlı
VİDEO: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Şəhidlər   Memorial  





Xəbər lenti