QMİ halal məhsullarla bağlı Dövlət Komitəsinə etiraz edib
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ uzun müddətdir ictimai maraq kəsb edən, sosial sifariş xarakteri daşıyan qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini açıqlamağı zəruri sayıb.
QMİ bəyan edib ki, hüquqi, dünyəvi dövlətdə yaşayırıq və bütün məsələlərdə olduğu kimi istehsal standartları ilə bağlı məsələdə də dövlət tərəfindən müəyyən edilmiş normativlərin mövcudluğunu qəbul edir: “Biz onun da fərqindəyik ki, istehsal prosesinin bu və ya digər texnoloji şərtlərə müvafiq qurulması, keyfiyyətə nəzarət, sanitar-gigiyenik şərtlərə əməl olunması, baytarlıq nəzarəti – bir sözlə, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə nəzarət birbaşa müvafiq dövlət strukturlarının səlahiyyətindədir. Dövlət qurumlarının hər hansı funksiyasına müdaxilə etmək məramından uzaq olduğumuzdan, halal məsələsi ilə bağlı vacib şəri məqamları Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmaq istəyirik. Halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər. Dünyəvi dövlətlərdə bu məsələlərin dini mərkəz və qurumlar tərəfindən müəyyən edilməsi qəbul edilmiş reallıqdır. Digər səmavi dinlərin də qida məhsulları ilə bağlı müəyyən tələbləri mövcuddur ki, bunlar da məhz müvafiq dini mərkəzlər tərəfindən təsbit olunur”.
QMİ nəzərə çatdırır ki, məsələn, yəhudilər üçün halal sayılan koşer məhsullarının dini tələbatlara uyğunluğunu məhz yəhudi sinaqoqları təsdiqləyir. Oxşar qaydada Rus Pravoslav kilsəsi müqəddəs sayılan suyun müqəddəsliyinə zəmanət verir. Bu hallarda dövlət bu məsələlərə qətiyyən müdaxilə etmir və buna təbii yanaşılır. Hətta xristianların üstünlük təşkil etdiyi ölkələrdə belə müsəlmanların hüquqlarının təmini kontekstində bu məsələ yalnız müsəlman dini qurumlar tərəfindən həyata keçirilir. Ümumən, dünyanın bir çox ölkələrində halal qida sənayesi mövcuddur ki, onun fəaliyyəti heç də təkcə ət məhsulları ilə məhdudlaşmır, bütövlükdə ərzaq və digər istehlak mallarının istehsal və emalı zamanı müsəlmanlar üçün qeyri-məqbul komponent və üsullardan istifadə olunmadığına dair zəmanəti təmin edir. Bu, müxtəlif ölkələrdə əhalinin müsəlman kəsiminin insan hüquqları kontekstində təsbit olunmuş dini etiqad azadlıqlarının təmininə xidmət edir: “Dünyanın bir çox ölkələrində bu məsələ öz həllini dini mərkəzlərin tövsiyə və təklifləri əsasında dövlət səviyyəsində tapıb. Bir çox müsəlman ölkələrində bu növ məhsullar istehsal və istehlak olunur və bu, heç kəsdə nəinki şübhə yaratmır, hətta məntiqlə təqdir olunur. İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan müsəlmanlarının dini mərkəzi kimi, müsəlmanlarımızın istehlak etdikləri məhsulların halallıq məfhumuna uyğun gəlməsinin tərəfimizdən təsdiq olunması mövcud qanunvericiliyə zidd deyil. Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə əsasən, idarə Qurani-Kərimin tələb və müddəalarına, Peyğəmbər (S) hədislərinə istinadən İslam dininə aid bütün şəri məsələləri təmin edir. Eyni zamanda, digər şəri məsələlərdə olduğu kimi, halallığın təsdiq olunması ilə bağlı müsəlmanların QMİ-yə müraciətlərinə münasibət bildirilmək bizim vəzifəmizdir. Bu, bizim mənəvi borcumuz, ölkə müsəlmanlarına mənəvi xidmətimizdir. QMİ dini mərkəz olaraq, müsəlman həmvətənlərimizin istehlakçı olaraq şəri baxımdan maraq və mənafelərinin qorunması məsələsinə böyük məsuliyyətlə yanaşır. Çünki bizim üçün önəmli olan bu məhsulların istehlakçısı olan müsəlmanların haqqıdır”.
QMİ hesab edir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin halal adı ilə məhsul istehsal edərək insanları aldadan, dindarlar üçün həssaslıq kəsb edən məsələdən sui-istifadə edən işbazların fəaliyyətinin qarşısını almaq yönündə fəaliyyəti olduqca əhəmiyyətli və vacibdir: “Lakin sırf şəri məqam olan halallığın dini mərkəzlə razılaşdırılmamış şəkildə təmin edilməsinin istehsal edilən məhsulların həqiqi halallığını şübhə altına almasını və müsəlmanların haqlı narazılıqlarına gətirib çıxarmasını məqbul saymırıq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırda tətbiqinə başlanılan Halal standartının da dünyəvi beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlandığını nəzərə alan müsəlmanlarımız bununla bağlı QMİ-yə çoxsaylı müraciətlər edir, narahatlıqlarını çatdırır, dini mərkəz olaraq bu məsələyə aydınlıq gətirməyimizi tələb edirlər. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” qanununun 1-ci maddəsinə görə əcnəbilər tərəfindən dini təbliğat aparılması qadağandır, xarici dövlətlərdə hazırlanmış bu və ya digər standartların, qayda-qanunların Azərbaycanda tətbiqi müstəqil dövlətimizin mənəvi məkanına müdaxilə kimi nəzərdən keçirilməlidir. Bu minvalla, gələcəkdə digər sahələrdə də müxtəlif dövlət və təşkilatların təsbit etdiyi, fətva və ya şəri hökm qismində ölkəmizdə tətbiqi vacib kimi təqdim olunan başqa məqamlarla bağlı fəsadlı presedent yarana bilər. Şükürlər olsun ki, müstəqillik illəri ərzində özünün milli-mənəvi dəyərlərinə sahib çıxan dövlətimizdə vətəndaşlarımızın dini tələbatlarının ödənilməsi üçün bütün imkanlar mövcuddur. Belə bir halda, ölkəmizin müvafiq dövlət strukturları ilə dini mərkəzin əməkdaşlığı şəraitində Azərbaycanın halal zəmanətli məhsullar istehsal etmək imkanları da mövcuddur və bunun reallaşdırılması mümkündür”.
QMİ Konstitusiyamızın 18-ci maddəsində təsbit olunmuş “Din dövlətdən ayrıdır” müddəasını rəhbər tutaraq, dövlətə dair məsələlərə müdaxilə etmədən, şəri məsələlərə dövlətin aidiyyətinin olmadığını nəzərə alaraq, bir daha bəyan edir ki, istehlak məhsullarına halallıq zəmanəti verilməsi prosesində dini mərkəzin iştirakı, rəyi vacib və labüddür: “Bu işdə müvafiq dövlət qurumu ilə dini mərkəzin müştərək fəaliyyəti, nəticə etibarilə, müsəlman istehlakçıların tələbatının yüksək səviyyədə və etibarlı təminatı işinə xidmət edəcək. Gələcəkdə belə məhsulların “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməsi də məqbul olardı. Nəzərə çatdırırıq ki, bununla bağlı rəy və təkliflərimizi 08.02.2011-ci il tarixli 1/58 saylı məktubumuzda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi şəkildə çatdırmışıq”.
Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də QMİ-nin bəyanatına münasibət bildirib. Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı açıqlamasında deyib ki, Konstitusiyada da dinin dövlətdən ayrı olduğu qeyd edilib və mərkəzi icra orqanı olaraq Dövlət Komitəsinin dinin ortaya qoyduğu tələblərlə bağlı hansısa bir rəy və fikri yoxdur.
İndiyə qədər Dövlət Komitəsinin “Halal qida. Ümumi tələblər” dövlət standartını qəbul etməməsinin səbəbini açıqlayan F. Talıblı bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində standartlaşdırma və sertifikatlaşdırma üzə Şura fəaliyyət göstərir: “Halal standart məsələsi, problemi həm İslam, həm də qeyri-islam ölkələrində var idi. İslam Əməkdaşlıq Təşkilatı bu problemi aradan qaldırmaq üçün ekspertləri cəmlədi, bu standart texniki-normativ sənəd şəklinə gəlməli idi. Söhbət halal ifadəsindən gedirsə, burada dinin tələbləri əksini tapmalıdır. Bəlkə də bu bəyanatı verməzdən əvvəl standartın özü ilə tanış olmaq lazım idi. Bu standart texniki sənəd olaraq qəbul edilib, istehsal prosesi də məhz texniki tələblərə uyğun qurulur, hər hansı dini ayin, tələb üzərində qurulmur. Burada söhbət istehsaldan, sənayedən gedir. Sənayedə din tətbiq edilmir. Halal standartı məhz dinin tələblərini əsas götürərək yazılmış texniki-normativ sənəddir. Təbii ki, hər birimiz bilirik ki, heyvan kəsilərkən üzü qibləyə olmalı, “Bismillah, Allahu-əkbər” deyilməlidir. Standartda bunlar əksini tapıb. Bununla yanaşı, standartda texniki müddəalar var. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən vahid halal standartından sonra üzv ölkələr həmin vahid standart əsasında öz milli standartlarını hazırladı. Beynəlxalq təcrübədə də standartların tətbiqinə hansı qurumların, hansı təşkilatların cavabdeh olduğuna da nəzər yetirməyə çağırıram. Bütün dünyada, o cümlədən Azərbaycanla məhz dövlət qurumları texniki-normativ sənədlərə nəzarət edir. Ona görə də bu standart Azərbaycanla qəbul edilib, artıq standartın tətbiqi ilə bağlı sertifikat almaq üçün müraciət edən müəssisələrlə bağlı araşdırmalar aparılır. Artıq ekspertlərimiz bu müəssisələrin xammal aldıqları ölkələrdə olublar, bu günlərdə də Hindistandan qayıdıblar. Standartı tətbiq edən qurum kimi biz bu araşdırmaları aparmalıyıq. Ekspertlərimiz o ölkələrdə kəsim müəssisələrində çəkilən görüntüləri, şəkilləri gətiriblər. Biz bu həftə ərzində o görüntüləri mətbuata təqdim edəcəyik. Ondan sonra hansısa fikir söyləmək olar”.
Teqlər: