`Financial Times`dan ÖZƏL REPORTAJ

`Financial Times`dan ÖZƏL REPORTAJ
  23 Mart 2014    Oxunub:2056
Financial Times Böyük Britaniyanın ən məşhur işgüzar mətbu orqanı sayılır. Əsasən maliyyə, biznes sahəsində yerli və dünya xəbərləri, təhlil yazıları üzrə ixtisaslaşıb. Qəzet dünyanın 24 ölkəsinə ingilis dilində yayılır. 2000-ci ildən etibarən alman dilində versiyası - Financial Times Deutschland çıxır.

Pearson PLC media holdinqinə məxsus FT, yəni, Financial Times (bundan sonra qısaca olaraq FT yazılacaq - S.B.) nəşrinin tarixi keçmişi 1888-ci ilə dayanır. Şeridan qardaşları tərəfindən təsis edilmiş qəzet uzun illər boyu maliyyə sahəsini əhatə edən diğər nəşrlərlə rəqabət aparıb və öz nüfuzunu, dayanıqlığını, tələbatlığını isbatlayıb. Bu baxımdan Financial Times-ın “keyfiyyətli nəşrlər” kateqoriyasına aid olması da təsadüfi deyil.

Mətbu orqanının zahiri görünüşündəki maraqlı özəllik onun sarımtıl rəngdə kağızlarda dərc olunmasıdır. Bunu qəzetin qəzetin keçmişdən qalan ənənəsi də saymaq olar.

FT-nin 5000 əməkdaşı var

FT-nin Xəbərlər şöbəsinin redaktor assistent və xarici əlaqələr üzrə məsul işçisi Karli İnsin (Carly Ince) bələdçiliyilə məşhur mətbu orqanının qərargahı ilə tanışlığımıza başlayırıq.



News room – Xəbərlər otağında ilk diqqəti çəkən az qala futbol meydançasını xatırladan ərazi genişliyidir. Otağın bir başından digər başına getmək üçün azı 5-10 dəqiqə sərf olunur. Hələ otaqda çalışan əməkdaşların sayını demirəm. Bələdçimiz Karli İns deyir ki, FT-nin ümumilikdə 5000 əməkdaşı var: “Elə təkcə News Room deyilən xəbər otağında 2000 nəfər çalışır. Əməkdaşlardan 300-400 nəfəri ixtisaslaşmış iqtisadçılar, qalanları peşəkar jurnalistlərdir”.

Otağın bir tərəfində yazarlar, jurnalistlər, digər tərəfində isə redaktorlar və buraxılış redaktorları əyləşir: “Qəzetin əsas səhifələri və internetdə yerləşdiriləcək materiallar üzərində işləyən və buna cavabdeh iki ayrı komanda var. FT-də dünya xəbərlərini də hazırlayan xüsusi heyət işləyir. Otağın düz mərkəzində, dörd tərəfdən də quraşdırılmış böyük televiziya ekranları vasitəsilə xəbərlərin gündəmi izlənilir, operativliyinə nəzarət edilir. Sayt materialları hər saat başı yenilənir...”

Redaksiyada diqqət çəkən məqam sakit atmosferdir. Yerli redaksiyalardakı təcrübəyə əsaslansaq, adətən 5-10 nəfərin olduğu otaqda səs-küydən dayanmaq çox vaxt mümkünsüz olur. FT-da isə tam əks ab-hava müşayət olunurdu. Əməkdaşlar bir-birlərinin işlərinə xüsusi həssaslıqla yanaşır, öz aralarında etdikləri müzakirələrlə, söhbətlərlə həmkarlarının işinə mane olmamaga calışırlar. Hətta iş arası kiçik planlaşdırmalar üçün də ayrıca otağa, səssiz məkana çəkilməyə ehtiyac duyulmur, hər şey elə bu xəbər otağında keçirilir.

Məlumat üçün deyək ki, Financial Times qəzeti dünyanın beş istiqaməti üzrə yayılır: Boyük Birtaniya, ABŞ, Asiya, Avropa və Yaxın Şərq. Materiallar FT-nin əsas qərargahda - Londonda hazırlanaraq dərc üçün başqa ölkələrə göndərilir.

“Bu xəbərə oxucu pul ödəyəcəkmi?”

Financial Times-la tanışlığa bələdçilik transfer olunur Martin Malliqana (Martin Mulligan) – dərginin həm redaktor müavini, həm də jurnalisti. Yeri gəlmişkən, Martin Malliqan təxminən 1 il əvvəl, British Council və Paşa Bankın təşkil etdiyi “Biznes jurnalistikası” layihəsi üçün Bakıya dəvət olunmuş və bir qrup yerli media nümayəndələrinə 1 həftəlik təlim keçmişdi.



Təlim zamanı, FT-ın davamlı uğurlu mövqeyini qoruma sirrinin “dəqiqlik və şəffaflıq” olduğunu xüsusilə vurğulamışdı. Eyni prinsipi dərginin fəaliyyətilə tanışlığımız zamanı da təkrarladı. Və əlavə etdi ki, “Financial Times” qəzetinin üz qabığının hazırlanmasında da oxucu və kommersiya maraqları arasında vəhdət yaratmağa çalışılır: “Yəni, ilk növbədə özümüzə sual veririk: bu xəbərə oxucu pul ödəyəcəkmi? Ona görə də, daha çox oxucuların maraqlandıracaq yazılara üstünlük veririk”.

Qeyd edək ki, qəzetin dünya üzrə tirajı hazırda 600 mindir. Buna həm satış, həm də abunəlik daxildir. London üzrə satış tirajı isə 280 mindir. Aylıq abunə haqqı 100 dollardır. Lakin uzun müddətə abunəlik, qiymətlərdə müəyyən güzəştlər, endirimlər vəd edir.

FT-nin əməkdaşı olmaq üçün əsas şərt

Financial Times-ın əzəmətli və göz oxşayan binasının üst mərtəbəsində ayrı bir heyət çalışır. Əgər Xəbər Otağında məlumatların yenilənməsi hər saatdan birdirsə, burda “deadline”, yəni, son zaman, tarix günün və ya həftənin sonuna qədərdir. Çünki, FT-ın gündəlik qəzet və online versiyasından başqa, əlavə həftəlik buraxılışları da var. Həmin əlavələr adətən həftə sonu çıxır.

Bu otaqda iş sakit, asta templə, gərginlikdən uzaq rejimdə gedir. Xəbər şöbəsində olduğu kimi, burda da hər əlavənin baş və buraxılış redaktorları var. Martin Malliqan deyir ki, Financial Times-da staj keçmək və gələcəkdə buranın əməkdaşı olmaq üçün ali təhsil, diplom mütləqdir.

Financial Times-ın ciddi problemi

Financial Times dərgisini nə tarixi keçmişi, nə dünyadakı məhşurluğu, nə də geniş oxucu auditoriyası onu problemlərdən xali edə bilmir. Bir neçə il əvvəl başlayan iqtisadi böhran, qəzetə reklam, sərmayə qoyuluşunu müəyyən dərəcədə azaldıb. Cənab Malliqanın təbirincə desək, “ölməyə” doğru gedən Financial Times-ın xilası üçün rəhbərlik çıxış yolunu əməkdaşların sayını azaltmaqda görür: “Yaxın gələcəkdə gerçəkləşəcək kadr ixtisarı ilə maliyyə itkisinin qarşısını qismən də olsa, almağa çalışacaq. Amma dəyişiklik işin azalması anlamına gəlmir, əksinə, işçilərin məsuliyyətini daha da artırır. İxtisara düşməyənlər artıq iki və ya bir neçə nəfərin işini görməli olacaqlar. Bundan başqa, əməkdaşlarla korporativ müqavilələr bağlanacaq”.

Yazımın əvvəlində dediyim kimi, FT-nin xəbər otağındakı sakit ab-hava hökm sürürdü. Ancaq bu sakitlik bir tərəfdən “hər kəs öz işilə məşğuldur” kimi pozitiv düşüncəni verirdisə, digər tərəfdən bir qəribəlik, narahatlıq duyulurdu. Martin Malliqan bunu qarşıdakı məlum kadr ixtisarları ilə əlaqələndirdi: “Əməkdaşlarımız bunu hiss edir, bu susqunluqlarında bur təlaş var, içlərinə qapanıblar sanki. Və bu, təbiidir. Ümumiyyətlə, istər mənfi, istərsə də müsbət, hər bir dəyişiklik müəyyən psixoloji narahatlıq yaradır”.

FT-dəki dəyişiklərdə tirajın azalması da istisna edilmir. Məsələn, qəzetin ABŞ üzrə tirajı isə 300 mindən 240 minə qədər azaldılacaq. Və son “dayanacaq” çap versiyasının zamanla tamamilə internet versiya ilə əvəzlənməsi olacaq.

Siyasətdən uzaq siyasət

Daha bir maraqlı məqam. Sirr deyil ki, biznes maraqları müəyyən dərəcədə həm də siyasi mövqeyə bağlı olur. Financial Times mətbu qurumunun rəhbərliyi isə ölkədə siyasi mövqe göstərməkdən uzaqdır. Hər zaman da belə olub. Martin Malliqanın sözlərinə görə, Pearson PLC holdinqin istər əvvəlki, istərsə də altı ay öncə təyin olunmuş yeni rəhbərliyi siyasi mövqe göstərməkdən uzaqdır.

Fəaliyyət prinsipi əsasən kommersiya maraqlarına xidmət edir, məqsəd də digər ölkələrlə müqayisədə böyük olan resurslarını maliyyə bazarında daha da gücləndirməkdir. Hər hansı bir siyasi istiqamət, maraq və ya mövqe FT-ın sonu demək olardı. Bu səbəbdən, qəzetin fəaliyyəti də plüralizm prinsipləri əsasında qurulub.

Sevda Babayeva / London
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti