Atəş həftəsi: Fərqli istiqamətlərdə yaranan gərginliklərin səbəbləri - VİDEO

      Atəş həftəsi:    Fərqli istiqamətlərdə yaranan gərginliklərin səbəbləri -    VİDEO
  16 Avqust 2021    Oxunub:19320
Olduqca maraqlı və təhlil ediləsi hadisələrlə zəngin bir həftənin sonunda vacib saydığımız sualların üzərində cavab axtarışı gəzintisinə çıxmağın vaxtıdır:
- Niyə sülh üçün yalvarmalı olan tərəf əksinə, atəşkəsi pozur? Erməni məntiqsizliyinin məntiqi.
- Niyə dövlət başçımız Azərbaycanın Rusiyadan nə gözlədiyini xüsusi dəqiləşdirməyi lazım bildi?
- İstədiyi yar idi, yetirdi İsfəndiyar. Kimə yetirdi və niyə yetirdi?
- Rasional ədədlər və irrasional fikirlər. Karona mifologiyasının vaksin səhifələri



“Əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır”. Son vaxtlar bu sözləri tez-tez eşidirik. Özü də əvvəllər atəşkəsin pozulması haqda xəbərlər bizə qəribə gəlirdisə - niyə qəribə gəldiyinə birazdan qayıdacağıq,- indi gündə 2, hətta 3, bəzən 4,5,6 dəfə eşitməyimiz adi hala çevrilib. Məsələn, təkcə bu həftənin atəş qrafikinə nəzər salsaq, qarşımızda belə bir mənzərə açılır.
Təqvimi qabağımıza qoyaq və atəşkəsin pozulduğu günləri işarələyək. Avqustun 8-i ermənilər Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi tərəfdən Sədərəyin Heydərabad kəndini atəşə tutublar.
Avqustun 9-u iki dəfə - gecə və axşamtərəfi eyni hal təkrarlanıb.
Avqustun 10-u günorta eyni yerdə eyni şey yaşanıb.
Avqustun 11-i Basarkeçər rayonunun Zərkənd istiqamətindən Kəlbəcərin Dəmirçidam kəndi istiqamətində atəş açılıb. Fərqli vaxtlarda üç dəfə.
Həmin gün yenə də Naxçıvan atəşə tutulub. Oldu dörd.
Avqustun 12-si ayrı-ayrı vaxtlarda Gədəbəy, Laçın, Naxçıvan atəşə tutulublar.
Avqustun 13-ü Füzuli rayonu, Xocalının yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqelərimizə atəş açılıb. Özü də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən.
Həmin gün ayrı-ayrı vaxtlarda yenə də Naxçıvan, Tovuz və Kəlbəcərin kəndləri tərəfə atış açılıb. Bir gündə 6 istiqamətdə 6 dəfə.
Əlavə edək, bu gün də həm atəşkəs pozulub, həm də daha da uzağa gedilərək, Şuşa ətrafında silahlı qüvvələrimizə qarşı təxribat törədilib.
Dediyim kimi, əvvəl bu haqda xəbərlər bizə sadəcə qəribə gəlirdi. O sadə səbəbə görə ki, məntiqsizdir. Bəli, Ermənistanın atəşkəsi pozmasına müxtəlif adlar qoymaq olar, amma bu, hər şeydən əvvəl sağlam məntiqə ziddir. Çünki Ermənistan müharibədə biabırçı şəkildə uduzan, ordusu darmadağın olan tərəfdir; belə bir tərəf nəinki atəşkəsi pozmalı, hətta tam əksinə, özü sülh üçün yalvarmalıdır. Amma biz bunun tam əksini görürük. Bu məqama “CNN-türk” kanalına müsahibəsində Azərbaycan dövlət başçısı İlham Əliyev də diqqəti yönəltdi:
- Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq.
Məntiqlə Ermənistan bu təklifi dərhal qəbul etməli idi. Amma İrəvanın hələ də cavab verməməsi siyasət bir qırağa qalsın, hətta təbiətin də qanunlarına ziddir. Qalib tərəf sülh təklif, hətta təkid edir, məğlub tərəf isə nəinki sülh müqaviləsini imzalamaq istəmir, üstəlik, yeni müharibəyə heç bir gücü olmadığı halda, qat-qat güclü qalibə atəş açmaqdan belə, nəyə görəsə, çəkinmir. Anlamaq çətin deyil ki, burada şeytan həmin o “nəyə görəsə” sözündə gizlənib. Ermənistanın bu davranışı hətta politologiyanın da yox, biologiyanın qanunlarını pozur, çünki ən azından, özünüqoruma instunkti Azərbaycanla ayrı cür davranmağı diqtə etməli idi. Məsələ ondadır ki, Ermənistanın hazırda özünü qoruma funksiyası yoxdur, o, özgəninqoruma ilə əvəzlənib. Ona görə də, ilk baxışdan vəziyyət dəlilər haqqındakı köhnə lətifələri adamın yadına salır. Fakt odur ki, hazırda Ermənistan özünün bu məntiqsiz siyasətilə böyük bir dəlixananı xatırladır. Fəqət, əgər bu ölkəni hər halda, dəlilərin yönəltmədiyini fərz və qəbul etsək, baş verənlərin bir izahı olmalıdır axı. Gəlin, bu məntiqsizliyin məntiqini tutmağa çalışaq.

***
Ermənistanın istədiyi odur ki, vaxtilə Azərbaycan kimi müharibəni deyil, döyüşü uduzduğuni iddia etsin. Yəni: “Biz döyüşü uduzmuşuq, amma müharibə bitməyib və bundan sonra problemin hərbi yolla həlli yoxdur”.
Bu müddəada iki tezisin sübuta ehtiyacı var: 1) Müharibənin bitməməsi və 2) Bundan sonra hərbi həllin olmaması.
Birinci tezisi sübut etmək üçün Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır və tez-tez atəşkəsi pozur ki, qoy, bütün dünya həqiqətən də müharibənin bitmədiyini görsün. Məsuliyyətdən yayınmaq üçün isə dərhal bütün diplomatik və informasiya resurslarını işə salaraq, atəşkəsi Azərbaycanın pozduğunu dünyaya car çəkir.
İkinci tezisi, yəni bundan sonra problemin hərbi həllinin olmadığını əsaslandırmaq üçün isə ermənilərin əlində yenə də iki psevdoarqument var: 1) Rusiya sülhməramlıları və 2) İnsidentlərin daha çox sərhəddə baş baş verməsi. Çünki bu halda Azərbaycanın istənilən cavab tədbirini “Ermənistan ərazisinə təcavüz” adı ilə dünyaya car çəkirlər.
Bax, bu hiyləgər siyasəti davam etdirmək üçün Ermənistana o cümlədən də, atəşkəsin davamlı pozulması lazımdır. Çünki atəş pozulursa, demək, müharibə bitməyib; müharibə bitməyibsə, demək, oturub danışmaq lazımdır, çünki bundan o yana məsələnin hərbi həlli ola bilməz. Ermənilərin fikrincə. O ermənilərin ki, 2020-ci ilin sentyabrın 27-nə qədər də “problemin hərbi yolla həli yoxdur” deyirdilər.
***

Erməni diplomatiyası və media resursları neçə aydır ki, addım-addım bu hiyləgər siyasəti qurmaqla məşğuldurlar. Savaş yeni bitəndə Ermənistanda bundan sonra nə edəcəklərilə bağlı bir çaşqınlıq var idisə, artıq yoxdur; indi əminliklə demək olar ki, onlar bu dediyimiz xətti yaxın gələcək üçün əsas kurs kimi seçiblər.
44 günlük müharibənin başlamasında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” ideloji tezisi az rol oynamamışdı. Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan isə orduya “Azərbaycanın Ermənistan sərhədini keçmək cəhdlərinin qarşısının alınmasını” əmr edərək, deyib ki, sitat – “Bunun üçün korpus, hərbi hissə və bölmə komandirləri bütün vasitələrdən istifadə etmək hüququna malikdirlər”. Belə görünür ki, Ermənistanın bütün müdafiə nazirlərinin durduqları yerdəcə özlərinin beşinci istinad nöqtələrinə macəra axtarmaq kimi pis bir şakərləri olur. Təkcə özlərinin yox, elə ölkələrinin də.
Amma bütün hallarda, bunlar o deməkdir ki, qarşıda bizi yeni mübarizə gözləyir: Həm informasiya və diplomatiya, həm də istisna deyil ki, hərb meydanında. Hərçənd, bunu biz istəmirik. Cənab Prezidentin də dediyi kimi.
- Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur.

Bu həftə Azərbaycanın İrana nota verməsi, Rusiya sülhməramlılarına isə xəbərdarlıq etməsi rəsmi Bakının dövlət başçısının dilindən eşitdiyimiz siyasi xətti həyata keçirməsinin təzahürü idi. Əslində İrana verilən nota ikibaşlı olmaqla, onun da bir ucu Rusiya sülhməramlılarına gedib çatırdı. Çünki Azərbaycan-İran sərhəddi tamamilə bizim nəzarətimizdə olduğundan, cənub qonşumuza məzsus yük avtomobilləri Qarabağın sülhməramlıların müvəqqəti nəzarət etdikləri hissəsinə getmək üçün əvvəlcə Ermənistan ərazisindən, ardınca Laçın dəhlizindən keçməlidirlər. Burada onları Rusiya sülhməramlıları saxlamalı idi. Niyə saxlamayıblar?
Sözsüz, Ermənistanın silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazilərindən hansı səbəbə tam çıxarmayıblarsa, elə o səbəbdən. Qəribədir, Rusiyanın Müdafi Nazirliyinin yaydığı açıqlamaya baxın – Sitat - Avqustun 9-u, saat 17.45-də Şuşa rayonunda Azərbaycanın silahlı qüvvələrilə Dağlıq Qarabağın silahlı qüvvələri arasında atışma olub. Rusiya sülhməramlılarınnın səyləri nəticəsində atışma dayandırılıb, itki yoxdur”.
İstər-istəməz sual yaranır: Bəs Rusiya sülhməramlılarının səyləri nəticəsində Şuşa rayonunda heç bir erməni silahlı qüvvəsi olmamalı idi axı. Niyə hələ də var?! Belə çıxır ki, Rusiya president Putinin vasitəçiliyilə imzalanan 10 noyabr anlaşmasını yerinə yetirmək istəmir?
İlham Əliyev: - Bizim Müdafiə Nazirliyi bir neçə gün əvvəl rəsmi açıqlama verdi ki, buna son qoyulsun. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Laçın dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır.
Görünəndən çıxan nəticə budur ki, deyəsən, qonşularımız da tədricən Ermənistanın özlərinin ideoloji laylası altında yeni siyasətinin havasına oynamağa hazırlaşırlar: Yəni “münaqişə hələ bitməyib” tezisinə loyal yanaşmaq, hətta bir az irəli gedrək, bunun üçün bünövrə formalaşdırmaq niyyətləri hiss olunur. Amma maraqlıdır, axı həm Rusiyanın, həm də İranın rəhbərliyi Paşinyanla son görüşlərində “Qarabağ münaqişəsi” ifadəsini işlətməkdən çəkinmişdilər. Məhz bu səbəbdən Paşinyanın istər Moskvaya, istərsə də Tehrana sonuncu səfərləri elə öz ölkəsində uğursuz hesab olunurdu. Yeri gəlmişkən, Ermənistanın baş nazirinin qeyri-ciddi imicinə daha bir ştrix əlavə edən hadisə - İranın yeni prezidentinin inaqurasiya mərasimində telefonda qurdalanması da onun Tehranda üzləşdiyi pərtlikdən qaynaqlanırdı.
Onda nə alınır: Bu ölkələr üzdə Qarabağ münaqişəsinin bitdiyini deyir, pərdə arxasında isə onun davamına çalışırlar?!
Məsələ ondadır ki, indi sözün həqiqi mənasında çox həssas bir siyasi-diplomatik mərhələdəyik. Regionda marağı olan dövlətlər postmünaqişə dövrünə uyğun strategiyalarını hazırlayırlar. Bunun üçün xeyli amillər nəzərə alınmalıdır ki, onların arasında maraqlı tərəflərin gələcək planlarına uyğun olanları da var, olmayanları da. Regionla birbaşa əlaqəsi olmayan Fransa və ya Pakistan kimi dövlətlər qəti, birmənalı mövqe ortaya qoya bilirlər. Amma Rusiya və İranın vəziyyəti fərqlidir. Onlar həm bugünkü, həm gələcək maraqlarını təmin etməyə, həm də hətta gələcəkdəki özləri üçün arzuolunmaz proseslərdən qorunmaq üçün sığorta və zəmanət tapmağa çalışırlar. Biz buna daha çox emosional yanaşırıq, amma böyük dövlətlərin böyük oyunlar oynamaq zorunda olduqlarını praktik baxımdan anlamaq da olar. Burada sadəcə olaraq, çox incə diplomatiya qurmaq lazımdır. Başqa sözlə, buna “gələcəklə bağlı qorxuların menecmenti” də demək olar. Biz həm o dövlətlərlə, həm də oradakı ictimai fikirlə düzgün işləməyi bacarmalıyıq. Məsələn, İranın Azərbaycandakı ictimai fikirlə necə işlədiyi heç kimə sirr deyil. Feysbukda İran əleyhinə bir status yazın, dərhal haradansa mütləq bir neçə “troll” gəlib, sizi haqsız çıxaracaq. Mexanizm yaxşı qurulub, amma düz qurulmayıb; əslində Azərbaycan xalqında cənub qonşumuza yönəlik kifayət qədər böyük sevgi potensialı – məhz potensialı!,- var. Onu reallaşdırmaq üçün İran sadəcə, düzgün tərəfdən yanaşmalıdır. Və o halda əmin ola bilər ki, bizi bağlayan ortaq tarixi-mənəvi köklər əsla gələcək üçün heç bir təhlükə törətmir, hətta tam əksinə. O, bizi yaxınlaşdıran ciddi faktora çevrilə bilər. İranın siyasi ideologiyası bölgədəki türk faktorundan çəkindiyi üçün ermənilərə birbaşa və ya dolayı inayətdə bulunur, nəticədə azərbaycanlıların gözündə mənfi obraz qazanır, həmin mənfi obrazın doğurduğu neqativ üzə çıxdıqca İran ideoloqları haqlı olduqlarını düşünərək, əllərini ermənilər tərəfə bir az da çox uzadırlar və beləcə, dairə qapanır. Halbuki, düşünülsə, bu dairəni qırmaq çox asandır və o halda yaranacaq zəmində kifayət qədər sağlam münasibətlər qurmaq mümkündür. Azərbaycan xalqının Güney Azərbaycana olan sevgisini Azərbaycan-İran münasibətlərini gücləndirən və sağlamlaşdıran bir amilə döndərmək mümkündür. Bax bu, çox düzgün yanaşma olardı. İranın ideoloqları bunu anlayana qədər isə Rusiya istiqamətinə baxmaq lazımdır. Orada daha maraqlı hadisələr baş verir.
İlham Əliyev: - Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir.

Hazırda Rusiyanın informasiya məkanında ictimai fikrə təsir uğrunda əsl müharibə gedir. Düzdür, bir trəfdə İqor Korotçenko, Maksim Şevçenko kimi həqiqəti deməkdən çəkinməyən jurnalistlər də var. Amma Erməni təbliğat maşını tam gücü ilə işləyir və nə olursa-olsun, Rusiya ictimai fikrini Azərbaycana qarşı kökləməyə çalışır. İstənilın xırda məişət problemindən, kriminaldan tutmuş, Qarabağda atəşkəsin pozulmasına qədər hər şey antiazərbaycan mahiyyətində təqdim olunur. İndiki vaxtda Azərbaycanı Rusiya cəmiyyətinin gözündə qaralamaq üçün hər bir, hətta ən xırda arqument də onlar üçün qızıl qiymətindədir. Bu həftə isə onların əllərinə babat bir külçə düşdü.

***
“Azərbaycanın jirinovskisi” olmağa ayrı-ayrı vaxtlarda bir neçə dəfə cəhd edilib, amma heç kimdə uğurlu alınmayıb. Çünki Jirik – sadəcə söyüş söyüb, ağzına gələni danışan məsuliyyətsiz biri deyil. Dolayısı ilə, söyüş söyüb ağzına gələni danışmaqla Jirinovski olmaq da alınmaz. Jirinovski kifayət qədər maraqlı fenomendir; həm yuxarılardan, həm də aşağılardan dəstəyi və müxtəlif maraqların arasında manevr etməyi bacaracaq qədər ağlı, səriştəsi var. İsfəndiyar Vahabzadənin portfoliosuna baxanda isə ilk düşündüyün bu olur: Pərvərdigara, bu qədər diplomatik və akademik titullara, kağız üstündə göstərilən bacarıqlara, zəngin xidməti siyahıya malik adam reallıqda nə qədər fərsiz olmalıdır ki, gedib, şübhəli bir yutub kanalında veriliş aparsın?! Doğrudanmı, özünün belə zəngin göstərilən təcrübəsi ilə bu adama heç bir iş, heç bir tətbiq sahəsi, heç bir qazana qulp olmaq imkanı taplmadı?! Məlum olur ki, yox. Çünki reallıq başqadır. Məsələn, necə ola bilər ki, 70-ci illərdən SSRİ-nin diplomatik korpusunda işləyəsən, amma rus dilində təmiz danışa bilməyəsən?
Amma əlbəttə ki, məqsədimiz Vahabzadənin rus dili biliklərini təftiş edib, qiymətləndirmək deyil. Sual budur: o, əslində kimdir və nəyə görə videosu bu qədər hay-küy doğurdu?
İsfəndiyar Vahabzadənin psixoloji portrerini cızan polsa, mütləq bu fikri qeyd edəcək: Populistdir, kütləyə oynamağa çalışandır. İşdən kənarda qalmağının səbəbini dövlətdə gördüyü üçün bir növ əvəz çıxmağa çalışır. Onun müxalifətçiliyinin kökündə də əslində bu dayanır: Şəxsi inciklikdən doğan qisasçılıq. Belə adamlar qazandıqları kütlə alqışını incik olduqları hakimiyyətə qarşı yönəltməklə bir növ eqolarının zədəsini sağaltmağa çalışırlar. Yoxsa, onun yutubdakı ən aşağı keyfiyyət markalı populist çıxışlarına baxanda anlamaq mümkün deyil ki, elmlər doktoru, professor, Moldova Elmlər Akademiyasının həqiqi üzvü və Belarusiya yazıçılar ittifaqının "Qızıl Qələm" ordeni laureatı niyə axı belə səviyyəsiz şeylər danışmalıdır?
Amma hətta bu qədər akademik və diplomatik titullarına baxmayaraq, ayrı vaxt Vahabzadənin çıxışı bu qədər hay-küy doğurmazdı. Etiraf edək ki, bizim çoxumuz onun a-lya Jirinovski videosunu erməni mənbələrində görəndən sonra məsələdən hali olduq. Azərbaycanlılardan qabaq ermənilər onun dediklərini eşitmiş və eşitdirmişdilər. Çünki bu, onlara lazım idi – Rusiyanın ictimai fikrində Azərbaycanı müdafiə edən qanada ağır zərbə endirmək üçün. Bir suala isə cavab verməyəcəyik, çünki bu, verdikt olardı. Vahabzadə bu sözləri hər halda, niyə deyib? Sadəcə, kütləyə xoş gəlmək, yoxsa, Azərbaycanı Rusiya cəmiyyətinin gözünə qara rənglərlə göstərməyə çalışanların əlinə fırça vermək üçün? “Dövlətin maraqlarını qoruyub” cavabı qəbul olunmur, çünki izləyənlər yaxşı bilirlər: Vahabzadə dövlət maraqlarına görə yumşaq desək, gecələr yuxusu ərşə çəkilənlərdən deyil.

***
Başqa bir vacib sual da var: Niyə məhz indi? Başınızı ağrıtmaq olmasın, sizə çox sevdiyim bir lətifəni danışmaq istəyirəm. Bir gün bir xristian çıxır küçəyə və rastlaşdığı ilk yəhudiyə möhkəm bir şapalaq ilişdirir. Yazıq yəhudi çaşqın halda soruşur ki, “məni niyə vurursan, mən sənə nə eləmişəm?”
- Mənə heç nə,- xristian cavab verir- amma siz yəhudilər bizim allahımızı çarmıxa çəkmisiniz!
Yəhudi lap özünü itirərək, heyrətlə deyir ki:
- Axı bu, 2000 il əvvəl olub!
- Nə olsun,- xristian cavab verir,- mən indi eşitmişəm!
Söhbəti İsfəndiyar Vahabzadə ilə bağlı məsələyə gətirmək istəyirəm. Jirinovskinin azərbaycanlılara “qoyun” deməsindən haradasa 20 ildən çox vaxt keçib. Vahabzadənin milli qeyrəti indimi tərpənib?! Əgər elədirsə, qeyrətə gec gələnlər haqqında yaxşı bir atalar sözünü yada salıb, qorxmaq lazımdır.
Yox, əgər bu deyilsə, onda niyə indi? Mövcud gündəmin kontekstində ağzından bu cür milli qeyrət köpüyü daşırtmağın heç yeri deyildi axı. Biz indi ruslarla tamam başqa məsələləri müzakirə etməli idik. O haqda danışmalı idik ki, niyə 10 noyabr razılaşması yerinə yetirilmir, niyə Qarabağda hələ də erməni silahlıları qalır, niyə İranın maşınları qanunsuz şəkildə Laçın dəhlizindən buraxılır, niyə sərhədlərin demarkasiya və delimitasiyası yubadılmaqla, atəşkəsin pozulması üçün rahat zəmin yaradılır... Suallar çoxdur və bu sualların arasında niyə “azərbaycanlı keçmiş diplomat Rusiyanı təhqid edir” olmamalı idi. Varsa, deməli, kiməsə lazımdır. Kimlərinsə istədiyi yar idi, yetirdi İsfəndiyar. Əgər o, bunu sadəcə kütlüyündən edibsə, pisdir; yox əgər kiminsə tapşırığı ilə edibsə, onda həm də xəyanətdir. Məsələn, hazırda Korotçenkonun, Şevçenkonun durduğu düşərgəni zəiflətmək istəyən cinah belə bir pası məmnuniyyətlə ötürərdi, həm də boş əllə yox. Həmin pas olubmu, əl olubmu - bu məsələdə hökm verəsi adam biz deyilik amma bu tip adamların fəaliyyətinin ciddi araşdırılmasına ehtiyac var. “Bu tip adamlar” deyəndə, vaxtilə Arif Məmmədovun “Stokholm sindromu”na tutulması göstərmişdi ki, bəzi diplomatların işlədikləri ölkələrdə ələ alınmasının simptomlarından biri nədir – sosial şəbəkələrdə müxalifətçilik etmək. Vahabzədinin müxalif yutuberliyi də düşünməyə çoxdan əsas verməli idi. Axı onun atasının məşhur şeirlərinin birində dediyi kimi, “Bu dünyanın xeyri də, şəri də təkrar olur. Niyə təkrar olmasın? Axı, dünya fırlanır”.
Dünyanın təkrarlanan şərlərindən biri də koronovirusdur. İndi neçənci dalğadayıq, bilmirəm, amma dünən açıqlanan 3508 nəfər rəqəmi kifayət qədər ciddi idi. Bizdə tarixi maksimum bir gündə 4273 nəfər olub. Cədvələ baxanda da görürük ki, aralıq maksimum keçilib və biz sürətlə tarixi maksimuma yaxınlaşırıq. Cəmiyyətdə istər-istəməz bu sual ətrafında diskurs başlayır: Nə etməli? Mollanı əmmamələməlimi, əmmaləməməlimi?!
***
Artıq iki ildir ki, koronavirus pandemiyası ilə iç-içə yaşayırıq. İki il kifayət qədər çoxdur və bu müdətdə hər kəsin koronovirusla bağlı öz fikri formalaşıb. Açıq deyək ki, cəmiyyətdə yoluxma sayını ifadə edən bütün bu qorxulu rəqəmləri irrasional ədədlər hesab edənlər daha çoxdur. Belə adamların fikrini dəyişmək asan deyil, amma nəzərə almaq lazımdır ki, reanimasiyalarda çarpayıların sayı rasional ədədlərlə ifadə olunur. Və həmin yerlər dolanda artıq bizim nə düşünməyimizin heç bir əhəmiyyəti qalmayacaq.
Qonşu dövlətlərdən biri təzəcə qapanmadan çıxıb, ikisi təzədən qapanmaya giriblər. Gürcüstanda avqustun 14-dən sentyabrın 4-dək sosial mobillik məhdudlaşdırılıb, ictimai nəqliyyat və kütləvi tədbirlər dayandırılıb. Açıq havada maska tələbi bərpa edilib. Dövlət sektorunda çalışanlar evdən işləmə rejiminə keçirilib və özəl sektora da eyni şey tövsiyə olunub.
Maraqlıdır ki, yerli epidemioloqlar sentyabra qədər tam lokdaun tələb etsələr də, hökumət iqtisadiyyatda, xüsusilə də turizmdə yaranan müsbət meyilləri boğmamaq üçün buna getməyib.
İranda isə nəzərə alıblar ki, imam üçün evdə də ağlamaq olar və yezid üçün də ağlayıb, Aşura ərəfəsində 6 günlük tap qapanma elan ediblər. Regionlar arasında gediş-gəliş iki həftəlik dayandırılıb. Ölkədə hazırkı vəziyyət rəsmi şəkildə “pandemiyanın beşinci dalğası” adlandrılır.
Sual çıxır: Yaxşı, bəs bu dalğalar, “sahili şən dalğalar”, “ötüşən dalğalar” nə vaxt qurtaracaq?! Demək olar ki, bütün ölkələrdə epidemioloqlar eyni fikirdədirlər: Əhalinin 70-75 faizi vaksinlənəndə. Bu gün dünyada təxminən 10 ölkə 70 faiz həddini keçib. Siyahıya Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Sinqapur başçılıq edirlər. Buradan da göründüyü kimi, varlılar daha çox qabağa düşüblər. Kasıb ölkələr isə bir şeydən təsəlli tapa bilərlər ki, əgər vaksin doğrudan da qorxulu olsaydı, varlılar hamıdan çox vurdurmazdılar.
Optimizmə əsas yaradan göstəricilərdən biri odur ki, peyvəndlənən əhalisinin sayı 70%-ə yaxınlaşan ölkələrin sayı kifayət qədərdir. Vaksinlənmə göstəricisini yüksəltmək üçün hökumətlər müxtəlif stimullaşdırıcı vasitələrə əl atırlar. Məsələn, Rusiyada vaksin vurduranların arasında lotoreya keçirilir ki, artıq 4 ədəd “Reno Megan” bu yolla sahibini tapıb.
Daha radikal təkliflərdən biri budur ki, yenidən iqtisadiyyatları çökdürməmək üçün dövlətlər vaksinasiyanı məcburi etsinlər. Bunu məsələn, Amerikada əhalinin təxminən 70%-i dəstəkləyir. Təklifin mənfi tərəfi odur ki, bu halda insanlar konspiroloji şübhələrə daha çox qapıla bilərlər və saxta vaksin sənədləri düzəltmək üçün qeyri-leqal yollara əl atanların sayı çoxalar.
Bir sözlə, yuxarıya qoyanda iqtisadiyyat bığı yanır, aşağıda virus saqqalı, ortada isə boş-boş sözlər danışan konsirologiya ağzı. Hamısından da qurtuluş yolu birdir: Vaksin!
***

Bəzi insanlarda vaksinasiyaya münasibətdə qəribə bir cahillik müşahidə olunur. Bir də görürsən, kifayət qədər savadlı, dünyagörüşlü saydığımız adamlar da peyvənd vurdurmaqdan imtina edir. Nədir onları buna vadar edən? Birincisi, nəzarətsiz yayılan informasiyaların və fikirlərin bolluğu. İnsan nəyisə özü axtarıb tapanda, onda belə hiss yaranır ki, aha, mən başqalarının bilmədiyi bir şeyi öyrənmişəm, deməli, daha ağıllıyam. Amma kimdən öyrənib, nə öyrənib – bu, keçir arxa plana. Ona elə gəlir, yutubdakı sarsaq bir video ilə rastlaşıb, axıra qədər baxması bunun əlahiddəliyidir və başqaları həmin sirrlərdən xəbərsizdirlər.
Problem ondadır ki, biz düşündüyümüz qədər ağıllı deyilik və ona görə də peşəkar olmadığımız mövzularda asanlıqla yanılırıq. Hesab edirik ki, vaksinasiya haqqında başqalarının bilmədiklərini bilirik, buna görə də, qoy o avamlar gedib, naməlum kimyəvi məhlulu bədənlərini vurdursunlar, biz isə pərdəarxasında uzaqgörən dirənişimizi davam etdirərək, ən pis halda pulla arayış alacağıq. Axı biz ağıllıyıq – onlardan fərqli olaraq!
Bir də görürsən, yaşı 50-ni keşmiş adam vaksin vurdurmaqdan imtina edir, səbəbini soruşanda deyir ki, vaksin sonsuzluq yaradır. Ağsaqqal, sən bu dünyanın qarşısında fertillik missiyanı şərəflə yerinə yetirmisən; bundan sonra nədən narahatsan?
Artıq vaksin vurduran insanların sayı milyonlarladır, Azərbaycanda bir dənə də ağırlaşma halı qeydə alınmayıb, amma bu, arqument sayılmır. Arqument odur ki, həmin iynənin təsiri bir neçə ildən sonra özünü göstərəcək. İnsan bədəni saat mexanizmi deyil, cənablar və xanımlar. Bu, elə bir mürəkkəb biokimyəvi maşındır ki, indi vurulan iynə gözləyib, bir ildən sonra işə düşə bilməz. Bir dənə xırda həb atın, 10 dəqiqədən sonra 30 trilyon hüceyrənizin hər birində onun ən azı bir neçə molekulu olacaq. Hansısa preparat o halda 1 ildən sonra işə düşə bilər ki, siz onu xırda-xırda qəbul edəsiniz, bədəninizdə toplansın, nəhayət, miqdarı kritik həddi keçəndə təsir göstərsin. Amma vaksin belə deyil axı. Onunla bağlı bütün miflərin izahı var, sadəcə, hamısını dağırdıb, peyvəndlənmək lazımdır.
Digər miflər qrupu isə pandemiyaya qarşı tədbirlərin çox vaxt praktikada təəsüf ki, gülünc görünməsilə bağlıdır. Məsələn, restorana girdinsə, mütləq səndən maska taxmağı tələb edəcəklər. Amma 10 addım atıb, stol arxasında əyləşəndən sonra maskanı çıxara bilərsən. Gülməlidirmi? Bəli, gülməlidir. Çünki istər-istəməz sual yaranır: Bütün bu maskarad elə 10 addıma görə idimi?!
Belə gülməli hallar çox olduğundan, insanlarda bütün bunların qeyri-ciddiliyi, sanki bir oyun olması haqda təsəvvür yaranır. Və onlar düşünməyə başlayırlar ki, oyundursa, çalışıb, cərimə xalları almadan oynamaq lazımdır, vəssalam. Amma əlbəttə ki, ilk baxışdan gülünc görünən bu halların da izahı var. Məsələn, restorana maskasız girməyə icazə verilsə, onda skeptiklər soruşacaqlar: Xeyir ola, bəyəm virus mağazada yayılır, amma kafedə yox? Həyat situasiyaları həddindən artıq çox olduğundan, onların hamısını eyni rasionallıqla nəzərə almaq mümkün deyil, sonrada miflərə rəvac verən suallar da buradan yaranır. Bu suallardan qurtulmağın ən yaxşı yolu odur ki, hamı peyvəndlənsin, özlərini daha ağıllı hesab edənlər isə belə bir acı həqiqətlə barışsınlar ki, təəssüf, amma digərləri heç də onlardan ağılsız deyillər.
Belə. Qızmar bir həftənin qanar mövzularının bəzilərinin üzərində sizinlə birlikdə düşünməyə çalışdıq. Payıza bir şey qalmayıb. Yeni mövsümdə görüşərik, o vaxta qədər isə sağlam qalın və möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti