“Başadüşən” xalq olmayaq - Nadir Qocabəylinin yazısı

  “Başadüşən” xalq olmayaq  -    Nadir Qocabəylinin yazısı
  14 Avqust 2021    Oxunub:5027
Bəziləri elə zənn edir ki, xalqı tərifləməklə, onun zövqünü oxşamaqla, damarını tutmaqla xal qazanır. Odur ki, daim populist çıxışlar edir, kütlənin xoşuna gələn mövzular axtarır, pafoslu fikirlər söyləyir, hətta ona yaltaqlanır. Bunları etdikcə də düşür onun təsiri, diktəsi altına...
"Görəsən, bu fikri söyləsəm, xalqın xoşuna gələrmi? Bu fikri necə desəm, camaatın xətrinə dəyməz? Sözün düzünü yazsam, məni daşqalaq, linç etməzlər ki?.."

Əlbəttə, əlahəzrət kütlə elə bir şeydir ki, onu tam nəzərə almaya, onun müəyyən etdiyi stereotiplərdən, kanonlardan tam kənara çıxa bilməzsən. Bu heç lazım da deyil. Ancaq kütlənin dalınca düşüb, hər şeyi onun zövqünə, ağlına, düşüncəsinə, təfəkkürünə, psixologiyasına hesablamaq da doğru ola bilməz. Hətta çox ziyanlıdır – həm kütlənin özünə, həm cəmiyyətə, həm də şəxsiyyətə.

Təcrübə və elmi təhlillər göstərir ki, kütlə heç də onun qabağınca qaçan adama yüksək qiymət vermir. Versə də, bu, müvəqqəti olur. Axı onun özü kimisinə, yaxud hər zaman onun çaldığına oynayan birinə tezliklə marağı sönür. Gərək hər dəfə yeniliklər edəsən, onu yaxşı mənada təəccübləndirə, heyrətləndirə, maraqlandıra və bu yolla mədəni, intellektual səviyyəsini artıra biləsən.
Bir az ağır, bəzən hətta əzablı, məşəqqətli bir yoldur, ancaq nəticəsi yaxşı olur; həm cəmiyyət, həm də şəxsiyyət üçün. Çünki cəmiyyət və şəxsiyyət bir-birindən asılı fenomenlərdir, güclü cəmiyyət güclü şəxsiyyəti, güclü şəxsiyyət də güclü cəmiyyəti formalaşdırır.

Günümüzün reallığı insana təmiz, dürüst, sözübütöv, əməlisaleh qalmağa imkan vermir. Hazırda dünyada hökm sürən iqtisadi-siyasi, mənəvi-əxlaqi, mədəni-kulturoloji sistem bir çox ali, nəcib dəyərləri məhv edib. Olan-qalanının da axır nəfəsidir. Cəmiyyət təmizliyi, düzlüyü, alicənablığı, yaxşılığı, vicdanı, namusu, sədaqəti, mərdliyi dəyərləndirmək istəmədiyindən, hətta bu dəyərlərə ağız büzdüyündən şəxsiyyət də özünü qorumaq üçün ona sığına bilmir. Bəlkə də və çox güman ki, hər zaman, tarixin bütün mərhələlərində belə olub. Amma biz nəsə həmişə nostalgiyaya, “yaxşı kişilər keçmişdə qaldı”, “ötən günə gün çatmaz” düşüncəsinə meyilliyik. Məncə, səhv edirik. Kütlənin nə qədər xoşuna gəlməsə də, həqiqət hər şeydən üstündür. Keçmişi ideallaşdırmaq tarixi, sosiologiyanı, insan psixologiyasını pis bilməkdən, öyrənməyi və düşünməyi xoşlamamaqdan irəli gəlir.

Uzun zamandır müşahidə etdiyim, ancaq son vaxtlar sıx-sıx rastlaşdığım bir kütləvi düşüncəyə yüngülvari toxunmaq istəyirəm. Kimi tənqid edirsən, dərhal onu başa düşməyə dəvət edən müdafiəçilər peyda olur. Avtobus sürücüsünün kobudluğundan bəhs edirsən, dərhal başlayırlar ki, onların işi çox ağırdır, plan çoxdur, tələblər sərtdir, odur ki, əsəbi olurlar və onları başa düşmək lazımdır. Müəllimi tənqid edirsən, yenə biriləri peyda olub başlayır ki, maaşları azdır, nə bilim, uşaqlarla işləmək, gündə beş-altı saat dərs keçmək, uşaqlara “bəsdi-kəsdi” demək o qədər də asan iş deyil. Həkimi, polisi, dükançını, supermarket işçisini, prokuroru, məhkəməni, icra başçsını, hətta millət vəkilini tənqid edəndə də hökmən onlara qahmar çıxan könüllü vəkillər tapılır. Tamam, başa düşdük, hamının, türklər demişkən, bir gərəkçəsi, obyektiv səbəbi, bəhanəsi var. Bəs bizi kim başa düşsün? Bəs səhərdən axşamacan, 10-12, bəzən 14 saat müxtəlif fəhləlik növləri ilə məşğul olan, yalnız öz əlinin zəhməti ilə dolanan zəhmətkeş insanı, məzlumları kim başa düşəcək? Məgər cəmiyyətin bütün yükü, ağırlığı onların üzərinə düşməlidir? Bütün zərbələr onlara dəyməlidir? O, avtobusda təhqir olunmalı, uşağını məcburən repetitor yanına göndərməli, müalicə olunmaq üçün həkimin şişirdilmiş, yalançı, hətta ziyanlı reseptinə bir ətək pul verməli, işsizlikdən küçə alveri etmək üçün polisə rüşvət verməli, ədalətli qərarı və hökmü prokuror-məhkəmədən satın almalıdır? Bəlkə, bir az da onları başa düşək?

Ya da sualı başqa cür qoyaq: hamını başa düşmək mümkündürsə, hamının bir tutarqası varsa, onda bütün bu problemlərin günahı kimdədir, kökü haradadır? Müxalifətçilər günahı hakimiyyətdə, hakimiyyət ayrı-ayrı məmurlarda görür. Tutur, cəzalandırır, amma Məmməd Araz demişkən, "dünya düzəlmir ki, düzəlmir, baba!”

Bəlkə, hər kəs öz məsuliyyətini dərk etməli, öz adından danışmalı, öz haqqını müdafiə və tələb etməli, öz mənafe və marağından çıxış etməli (təbii ki, qanuni və əxlaqlı yolla), avtobus şoferinin, repetitorun, az maaş alan polisin, yuxarının sifarişini yerinə yetirən hakimin vəkilliyini etməməlidir? Bəlkə, qoy hərə öz mənafeyini düşünsün? Məgər avtobus sürücüsünü, az maaş alan müəllimi, həkimi, polisi, market işçisini düşünmək bizə qalıb? Məgər onların düşünməyə öz beyinləri yoxdur?..
Əgər hərə ilk növbədə özünü, öz mənafeyini düşünsə (yenə deyirəm, qanun və əxlaq çərçivəsində), o zaman normal sağlam rəqabət yaranar, hər kəs eyni zamanda öz ictimai, mənəvi məsuliyyətini dərk edər. Hər kəs öz haqqını tələb edərsə, istər-istəməz bu haqq təmin olunar və haqların təmin olunduğu cəmiyyətdə neqativlər, pisliklər azalar. Hər kəs özünə qarşı hörmətli münasibət tələb edərsə, o zaman hörmətsizlik, tərbiyəsizlik, qabalıq, kobudluq aradan qalxar...

Mən başa düşürəm, avtobus sürücüsü, ya da onun ailə üzvləri, tutaq ki, kobud, qaba hərəkətlərə haqq qazandıra, hansısa əsaslar gətirə bilərlər (hərçənd, bu da ədalətli və nəcib mövqe deyil), amma kənar birinin bu mövqedə olması heç başadüşlən deyil. Guya ki, ədalət naminə belə deyir. Ancaq ədalət bu deyil. Ədalət - konkret situasiyada haqlının yanında dayanmaqdır. Ədalət - məsələlərə daha geniş yanaşmaq, daha yuxarıdan baxmaqdır. Ən nəhayət, ədalət - pozitiv nəticələrə hesablanmış ağıllı, məntiqli, rasional düşüncəyə əsaslanan mövqedir!

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Köşə   Qocabəyli  





Xəbər lenti