“Zəngəzur dəhlizilə Türkiyəyə və Təbrizə gedəcəyik” - Qazaxıstanlı ekspert (VİDEOMÜSAHİBƏ)

“Zəngəzur dəhlizilə Türkiyəyə və Təbrizə gedəcəyik” -  Qazaxıstanlı ekspert (VİDEOMÜSAHİBƏ)
  30 İyul 2021    Oxunub:7201
Bu yaxınlarda Qazaxıstan və Azərbaycan birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın "Samruk-Kazyna” SC-nin və “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədrlərilə görüşüb. Görüşdə nəqliyyat, logistika və neft-qaz sahələrində əməkdaşlığı müzakirə olunub, həmçinin Azərbaycan ilə Qazaxıstan arasında birgə layihələrin reallaşdırılması məsələsi nəzərdən keçirilib.
Bu görüşdən əvvəl isə Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycana rəsmi səfər etmişdi. Qazaxıstanlı politoloq Dulatbek Kıdırbekuli İkinci Qarabağ müharibəsindən sonra Qazaxıstanla Azərbaycan arasındakı əlaqələrin inkişafı, pandemiyadan sonra iki ölkənin ticari-iqtisadi əlaqələrinin inkişafının hansı formada həyata keçiriləcəyi ilə bağlı Azvision.az -ın rus versiyasının redaktoru Seymur Məmmədovla söhbətləşib.

Politoloq deyir ki, Xəzər dənizi vasitəsilə birbaşa əlaqə olduğu üçün ölkələrimiz arasındakı münasibətlər daha da dərinləşəcək:
- Qazaxıstan coğrafi və geosiyasi mövqeyinə görə çoxvektorlu xarici siyasət yürüdür. Bu məsələdə mövqeyi neytral dövlətlərin mövqeyinə yaxındır. Qazaxıstanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var. Bir vaxtlar hətta münaqişənin həlli üçün vasitəçi rolunu təklif etmişdi. Qazaxıstanın Ermənistanla yalnız ticarət əlaqələri olub, başqa heç nə. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyəndə Qazaxıstan Qarabağ problemi çözülmədən bunun mümkün olmayacağını söyləmişdi. Ermənistan bu şərti yerinə yetirməli idi. Qazaxıstan bu məsələdə qətiyyət nümayiş etdirdi.


Qazaxıstanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına hansı töhfəsini verə biləcəyinə gəlincə, politoloq ölkəsinin humanitar yardım göstərə biləcəyini, eyni zamanda investisiya layihələri təklif edə biləcəyini deyib: "Azərbaycanın azad edilmiş torpaqları möhtəşəmdir, gözəl təbiəti var. Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin bərpasına dərin maraq göstərməlidir. Çoxvektorlu xarici siyasəti dəstəkləməsi o deməkdir ki, ölkəmiz öz qərarlarını Azərbaycanla Ermənistan arasındakı razılaşmanın nəticəsilərinə əsaslanaraq qəbul edəcək. Qazaxıstan üçüncü tərəf olaraq bura müdaxilə etmək niyyətində deyil. Yalnız qarşılıqlı razılaşmadan sonra Qazaxıstan Zəngəzur dəhlizindən istifadə etmək üçün Manqistau bölgəsindən Xəzər dənizinə, oradan Azərbaycana keçəcək və Naxçıvan Muxtar Respublikası ərazisinə getmək hüququ qazanacaq. Daha sonra Türkiyəyə keçəcək. Təbrizə getmək də realdır. Təkcə İranın Rəşt limanı ilə deyil, həm də Zəngəzur dəhlizi vasitəsilə. Bu da realdır”.

O, Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişin Qazaxıstan parlamenti tərəfindən təsdiqlənməsinə toxunaraq, burada bir çox faktorların olduğunu bildirib.
- Əlbəttə ki, ortaq sərhədlərimiz olmayan, lakin yaxınlıqda yerləşən Çindən, Hindistandan olan miqrasiya ilə müqayisə etsək, Azərbaycanla bu sazişi daha məqbul hesab edirəm. İlk növbədə bizi türk qardaşlığımız birləşdirir. İkincisi, biz Sovet İttifaqının tərkibində olmuşuq. Qazaxıstanda çox böyük Azərbaycan diasporu var. Hesab edirəm ki, bütün bunlar münasibətlərin dərinləşməsinə kömək edir. Təkcə azərbaycanlıların Qazaxıstanda yox, qazaxların da Azərbaycanda yaşamaq hüququ var. İnanıram ki, bu, Azərbaycanın azad edilmiş ərazilərinin daha da canlanmasına və bərpasına töhfə verəcək. Qazaxıstandan işçi qüvvəsinə ehtiyac olarsa, bu da tamamilə mümkündür,- o qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Qazaxıstan  





Xəbər lenti