Qalib müəllim: “Mühasirədən çıxıb, düşməni öz silahı ilə vurduq” - VİDEO+FOTOLAR
S.Səmədov ötən ilin sentyabrın 29-da səfərbərlik çağırışı üzrə döyüşlərə yollanıb. 44 günlük Vətən müharibəsində maddi texniki təminat üzrə komandir müavini vəzifəsində döyüşlərdə iştirak edib. O, Füzuli, Cəbrayıl, Qubadlı və Xocavəndin bir neçə kəndinin işğaldan azad olunması əməliyyatlarında böyük şücaət göstərib.
Azərbaycanın haqq savaşında düşmənə layiqli dərs keçən müəllim Səbuhi Səmədov döyüş yolu barədə Azvision.az -a danışıb:
"16 il ərzində döyüş bölgələrində olmuşam. Cəbhədə hər zaman atəş səsləri gəlirdi, həmişə düşmənlə üz-üzə olmuşuq. Amma bu, o döyüşdən deyildi. Vətən müharibəsidir, bu dövrdə hər an özümüzdə məğrurluq hissi duyurduq. Çünki əlimizdə bayrağımız var idi, arxamızda Azərbaycan xalqı dururdu. Buna görə qələbə qazanmağa nail olmalı idik".
S.Səmədov qeyd edib ki, müharibə zamanı bir neçə dəfə mühasirəyə düşsələr də, bacarıqlarından istifadə edərək sonda düşmənə qalib gəliblər:
"Biz mühasirədən çıxıb, düşməni məhv etdik. Onların texnikalarını darmadağın etdik, silah-sursatlarını ələ keçirdik. Ermənilər 30 il ərzində bizim torpaqlarımızda möhkəmlənsələr də, Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədilər. Bəzən düşməni öz silahları ilə vururduq.
Şagirdlərimizə və gənclərimizə aşılamaq istərdim ki, hər zaman Vətəni, bayrağı və milləti sevsinlər, ana yurdumuzu qorumağa hazır olsunlar. Vətən bizim üçün anadır".
Qeyd edək ki, S.Səmədov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən Ugrunda”, Hərbi xidmətlərə görə lll dərəcəli və “Müharibə iştirakçısı” medalları ilə təltif edilib.
Aytən Zəhra
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Azvision.az
Teqlər: Vətən-müharibəsi