AzVision: Cızığından çıxanların geri qaytarılması - VİDEO

      AzVision:    Cızığından çıxanların geri qaytarılması -    VİDEO
  23 May 2021    Oxunub:9686
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Başa çatan həftəmizi bu suallardan yola çıxaraq, dəyərləndirməyə çalışacağıq:
- Sərhəd mübahisəsi: “Haradan başlayır Vətən” sualı niyə Azərbaycanda və Ermənistanda fərqli reaksiyalar doğurur?
- Böyüklərə böyük təkliflər. Minsk qrupunun həmsədrləri restart şansından istifadə edəcəklərmi?
- Sərtdir, amma dünyadır. Tahir Salahovun əsərlərindən müasir dünya üçün hansı dərsləri çıxarmaq olar?


Son günlərdə həm Azərbaycan, həm də Ermənistanda əsas diqqət sərhədlərin delimitasiya prosesində yaşanan gərginliyə yönəlib. Amma bu məsələ iki ölkənin gündəmində tamam fərqli şəkildə qavranılır, dərk və şərh olunur. Ermənistanda məsələ son dərəcə narahat və emosional qarşılansa da Azərbaycan hakimiyyəti maksimal təmkin nümayiş etdirir. Hətta erməni mediası diqqəti belə bir məqama da çəkir ki, niyə Azərbaycanın dövlət başçısı bu haqda heç nə danışmayıb? Əslində bu, doğru təsbit deyil, çünki Azərbaycanın dövlət başçısı bu haqda hər halda, danışıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı virtual müzakirələrdə cənab prezident bu mövzuya nə az-nə çox, elə layiq və lazım olduğu qədər, həm də layiq və lazım olduğu aspektdən diqqət ayırdı:
- Siz yəqin ki, sərhəddə bir insident baş verdiyini eşitmisiniz. Bilirsiniz, onlar nə ediblər? Ermənistanın baş naziri Rusiya Prezidentinə, Fransa Prezidentinə, digər dövlət başçılarına zəng vurur. Ermənistan sərhəddəki bu kiçik epizodu beynəlmiləlləşdirməyə çalışaraq, rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb olunması üçün məktub göndərir. Eyni zamanda, onlar NATO-ya məktub göndərir və o məktub dərc olunmuşdu. Bu, tamamilə əks-təsir yaradır və onların hər kəsə iddialarının olduğunu göstərir. Onlar hesab edirlər ki, bütün dünya yalnız onlara necə kömək etmək barədə düşünməlidir. Lakin əgər onlar özlərini müstəqil dövlət hesab edirlərsə, öz qayğılarına özləri qalmalıdır.

Azərbaycan bu məsələdə əsasən susub, reaksiya vermək lazım gələndə isə fil təmkinilə davranmaqla göstərir ki, sərhədlərin delimitasiyasına texniki məsələ kimi yanaşırıq. Ermənistanda isə tam əksinə - Bunu az qala tarix və taleyüklü bir siyasət məsələsinə çeviriblər. Üç gün qabaq Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanıln kürəkəni, sabiq səfir Mikael Minasyan belə bir xəbər yaydı ki, Azərbaycan-Ermənistan-Rusiya birlikdə yeni üçtərəfli sənəd imzalamağa hazırlaşırlar. Bir qədər sonra isə nəyə görəsə, bəzi hissələrini qara zolaqlarla örtərək, həmin sənədi mediaya ötürdü.
İlk sual belə oldu: Maraqlıdır, axı burada nə biədəb şey yazılmış ola bilər ki, Minasyan üstünü örtməyi lazım bilib? Lakin az sonra Paşinyanın özü parlamentdəki çıxşında etiraf etdi ki, bəli, həqiqətən də belə bir sənədin üzərində iş gedir və onun ilkin variantının tam, senzurasız versiyası açıqlandı. İlk baxışdan hər şey tamamilə normal və məntiqlidir: Sənədin müddəalarına görə, Azərbaycan, Rusiya və Ermənistan sərhədlərin delimitasiyası üçün birgə üçtərəfli komissiya yaradacaqlar. Komissiya öz növbəsində, ekspert qrupları formalaşdıracaq. Bu sənəd Rusiyanın vasitəçiliyinin davam etdirilməsilə prosesin yeni mərhələyə keçəcəyi deməkdir.
Maraqlıdır ki, üç ölkənin imzalamağa hazırlaşdığı sənəddən Ermənistan prezidenti Armen Sarkisyanın heç bir xəbəri olmayıb.
Azərbaycan tərəfi mövzu ilə bağlı geniş şərh verməyib. Lakin həftənin ortasında Rusiya prezidenti Vladimir Putinin həm İlham Əliyev, həm də Nikol Paşinyanla zəngləşməsi, güman ki, o cümlədən də, bu məsələ ilə bağlı olub. Erməni mediasında yayılan əlavə məlumatlara görə, sənəd bəzi anklav ərazilərin, o cümlədən, Qazaxın 7 kəndinin də Azərbaycana keçməsini təmin edəcək.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Ermənistanın belə ağrılı reaksiya verməsinə səbəb nədir? Axı iki ölkənin arasında savaş bitibsə, deməli, sərhədlər delimitasiya, ardınca da demarkasiya olunmalıdır; bunlar normal texniki prosedurlardırlar. Amma belə bir nüans var: Əgər Ermənistan bizimlə sərhədlərini delimitasiya edəcəksə, bu, o deməkdir ki, Azərbaycanın sərhədlərini tanıyacaq. Başqa sözlə, Qarabağa və ətrafdakı rayonlara olan bütün iddialarından əl çəkəcək. “Artsax” dediyi ərazinin Azərbaycanın sərhədləri daxilində mövcudluğu ilə razılaşacaq. Sənəddə, ruslar demişkən, itin basdırıldığı yer bax, buradır. Ermənilərin qorxduğu şeytan burada gizlənib. Bu, elə Azərbaycanın dövlət başçısının dediyi “Qarabağ məsələsi həll edilib” sözlərinin təsdiqi olacaq. Məhz buna görə Ermənistanda eyni zamanda həm hamı narazıdır, həm də heç kim etiraz etmir. Çox qəribə ölkədir.
Sərhədlərin delimitasiyası haqqında razılşmanın imzalanması əslində gələcək sülh müqaviləsinə doğru atılmış ilk addım da ola bilər. Azərbaycan buna hazır olduğunu gizlətmir. Bunu dövlət başçımız da açıq şəkildə bildirdi:
- Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var. Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik.

Bu fikirlərin səsləndiyi tədbir – yəni Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələri çox maraqlı vaxtda keçirilməklə, gündəmdə olan aktual suallara birbaşa və dolayı cavablar verirdi. Bu, dövlət başçımızın vacib regional və qlobal problemləri beynəlxalq ekspertlərlə müzakirə etdiyi ikinci hal idi. Birinci dəfə isə ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda biz bunun şahidi olmuşduq. Belə anlaşılır ki, Azərbaycan dünya və region ölkələrinə öz baxışlarını çatdırmağın maraqlı formatını tapıb. Düşünən beyinlərdə yaranan suallar birbaşa ən mötəbər mənbədən - Azərbaycan prezidentinin dilindən cavablandırılır. Amma məhz buhəftəki tədbir həm də Azərbaycanın gücünün və dünyadakı nüfuzunun nümayişi idi.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırda dünyanın ən güclü ekspert klublarından sayıla bilər. Burada vaxtilə planetdə gedən proseslərə yön vermis və hazırda da verməkdə olan şəxslər toplaşıblar. Həmin simaları Mərkəzin bu həftə Azərbaycan prezidentinin də iştirakı ilə keçirilən müzakirələrində də görmək mümkün idi.
Əksəriyyəti öz sahəsinin yüksək səviyyəli peşəkarı olan bu qədər keçmiş dövlət və hökumət başçılarının, nazirlərin, diplomatların bir araya gəldiyi başqa bir beynəlxalq klub, mərkəz, institut tapmaq çətindir. Onların da hər biri Azərbaycan prezidenti İlham Əliyevlə eyni tədbirdə iştirak etməyi özləri üçün şərəf saydıqlarını bildirirdilər. Bu isimlərin Nizami Gəncəvi adının ətrafında birləşmələri, aydındır ki, Azərbaycanın və onun Mərkəzin fəaliyyətinə dəstək verən prezidentinin adı ilə bağlıdır. Bu, dünya üçün son dərəcə faydalı fəaliyyətdir. Pandemiya başlayana qədər Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçrilən Qlobal Bakı Forumlarından həqiqətən də müasir dünyanı ideoloji boşluqdan çıxarmaq istiqamətində çox dəyərli fikirlər səslənidirilib. Bununla Azərbaycan müasir dövrün vacib diskurslarına qoşularaq, dünyanın ideoloji xəritəsində öz sərhədlərini xeyli dərəcədə aşan bir dövlətə çevrilib. ***


Bu müzakirələr göstərirdi ki, müasir dünya siyasətində Azərbaycanın yeri nədir və Azərbaycanın yerləşdiyi bölgədə böyük güc mərkləzlərinin yeri və rolu nə ola bilər. İlham Əliyev özünəxas təmkinlə regionda marağı olan güclərə düzgün davranış reseptləri göstərirdi. Məsələn, bu həftə Avropa Parlamenti Azərbaycana qarşı qərəz dolu bir qətnamə qəbul etdiyi halda, İlham Əliyev sanki başa salırdı ki, doğru yanaşma başqa cür olmalıdır:
- Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir. Hesab edirəm ki, Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var. Fikrimcə, ən səmərəli proqramlardan biri Tvinninq layihəsidir. Bu, çox səmərəli proqramdır və biz bunu yüksək qiymətləndiririk.

Niyə məhz Tvinninq proqramı? Bu, ümumiyyətlə, nədir və dövlət başçımızın onu misal gətirməkdə hansı məqsədi vardı?
***
Avropa Birliyinin maliyyələşdirdiyi Tvinniq proqramının məqsədi dövlətlərin qanunvericiliyini Birliyin standartlarına uyğunlaşdırmaq və Assosiasiya Razılaşmasının konkret məqsədlərini həyata keçirməkdir. Tvinninq-layihələr adətən Avropa Birliyinin üzvləri tərəfindən Tvinninq-konsorsiumunda seçilir. Geniş mənada bu, Avropa Birliyinin yeni üzvlərini və tərəfdaşlarını həm bir-birləri, həm də Birlik ilə yaxınlaşdırmaq, uyğunlaşdırmaq layihəsidir. Həmçinin Avropa dövlətlərinin tərəfdaşlarla təcrübə mübadiləsi, siyasi məsləhətləşmələri təşkil olunur. Dövlətlər bir-birini daha yaxşı tanıyırlar. 23 ildir ki həyata keçirilən Tvinniq Avropa Birliyinin ən uğurlu proqramlarından sayılır. Çünki o, tərəfləri bir-birini anlamağa və yaxınlaşmağa sövq edir.
***
Diplomatiyanın virtuozu olmaq, bax, bu deməkdir. Ən səmərəli layihələrdən birinin Tvinning proqramı olduğunu deməklə, cənab Əliyev sətiraltı eyham vurur ki, Avropa Birliyi indiki kimi tərəfkeşlik edib, parçalayıcı xətt yürütməkdənsə, tərəfləri birləşdirsə, eyni şəbəkəyə cəlb etsə, inteqrasiya siyasəti həyata keçirsə, daha yaxşı olar. Amerika ilə bağlı deyilənlərdə isə başqa maraqlı məqam var idi. Qarabağ münaqişəsi həll olunandan sonra ABŞ bu bölgədə sanki, təbiri caizdirsə, ekzistensial boşluğa düşüb, nə ilə məşğul olacağını müəyyənləşdirə bilmir. Halbuki, görə biləcəyi həqiqətən də faydalı iş var

İlham Əliyev: - Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ-ın hansı addımlar ata biləcəyinə gəlincə, düşünürəm ki, ABŞ çox iş görə bilər. O, ilk növbədə, dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Yeri gəlmişkən, mən başa düşdüyüm və hiss etdiyim qədərilə indi ATƏT bir növ yeni fəaliyyət formatı axtarışındadır. Çünki bir qədər əvvəl dediyim kimi, münaqişə həll olunub. Ona görə də Minsk qrupu üçün yeni gündəlik olmalıdır və əlbəttə ki, üç ölkə, ilk növbədə, öz aralarında razılığa gəlməlidir. Mən Minsk qrupu səfirləri ilə sonuncu dəfə görüşəndə və biz gələcək barədə müzakirələr aparanda dedim ki, onlardan təkliflər gözləyirəm. Çünki həll yolunu tapmaq üçün həmişə təklifləri verən, hər iki ölkəni yaxınlaşdırmağa çalışan onlar olub. Bu səbəbdən də bu gün başa düşdüyüm qədərilə Minsk qrupu müəyyən mənada yeni kimlik olmasa da, ən azı yeni fəaliyyət sahəsi axtarışındadır. ABŞ həmsədrlərdən biri kimi sözsüz ki, çox mühüm rol oynayır. Eyni zamanda, biz bilirik ki, ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır. Ona görə də düşünürəm ki, münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək.

Beləliklə, cənab Əliyev faktik olaraq Minsk qrupunun həmsədrlik institutunun hər 3 tərəfinə - Rusiya, ABŞ və Avropa Birliyinə yenilənmiş formatda bir araya gələrək, əslində elə bir növ yenilənmiş Minsk qrupu yaratmağı təklif edir. Və onlara uzunmüddətli də hədəflər göstərir: Regionda dinc münasibətlərin inkişafı üçün vasitəçilik. Bu, kifayət qədər ağıllı təklifdir, çünki həm tərəflərin regiondakı maraqları təmin olunur, həm də bölgədə potensial konfliktlərin qarşısını kəsəcək mexanizm yaranır. Aydın məsələdir ki, hansısa qlobal tərəf regionda maraqlarının nəzərə alınmadığını hesab etsə, buradakı proseslərə destruktiv təsir göstərməyə çalışacaq. Məsələn, bu həftə Hindistanın Ermənistanı müdafiə edən qəfil bəyanatı kimi. Qəribədir: nə var-nə var, Atatürk ilə dost olub deyə, İrəvanda hinistanlıların az qala peyğəmbər saydıqları Mahatma Qandinin heykəli təhqir olunur, amma buna baxmayaraq, rəsmi Delhi erməniləri müdafiə edir. Çünki müasir dünyada siyasət əksər hallarda ideyaların və mənəvi prinsiplərin deyil, maraqların üzərində qurulub. Bunun təhlükəsi odur ki, bəzən siyasətilər maraqlarını düzgün anlaya bilmirlər. Söhbət heç də təkcə ondan getmir ki, Azərbaycanın Pakistanla yaxın dostluq münasibətləri hindistanlıların xətrinə dəyir. Görünür, Azərbaycanın Çinlə yaxınlığı və Zəngəzur dəhlizinin açılacağı təqdirdə Çinin “bir kəmər-bir yol” layihəsinə fayda verəcəyi də hindistanlıların xoşuna gəlmir. Halbuki, Mahatma belə eləməzdi. Azərbaycanın yürütdüyü xətt Qandinin sülhsevərlik prinsipinə daha uyğundur. Biz öz aralarında bir-birilə gərgin münasibətləri olan tərəflərlə eyni vaxtda uğurlu əməkdaşlıq etməyi bacaran dövlətik. Məsələn, Türkiyə və İsrailin öz aralarında nə qədər kəskin münasibətləri olsa da, Azərbaycan hər ikisilə çox yaxın münasibətlər saxlaya bilir. Rusiya və ABŞ hazırda faktik olaraq, soyuq müharibəni bərpa ediblər, amma biz hər ikisilə əməkdaşlıq edirik. Hindistanın bu sarıdan istisna olması üçün heç bir əsas yoxdur, sadəcə, özlərinin düzgün yanaşma seçmələri lazımdır.
Siyasətin mütləq eqoist maraqlar üzərində qurulması Qərb məktəblərinə xas ideyadır. Şərqdə isə hər zaman inanıblar ki, mənəviyyat və siyasət bir-birini nəinki istisna eləmir, hətta tamamlamalıdır da. Bu gün bizim regiona, ümumilikdə isə bütün insanlığa necə bir siyasətin lazım olduğunu düşünəndə göz önünə “Sənin üçün, bəşəriyyət” tablosu gəlir. Rəsm əsərini şərh etmək düzgün deyil, çünki ona hər kəs öz daxili dünyasının pəncərəsindən baxanda, fərqli mənzərə görə bilər. Ammaşəxsən mənə görə, bu şəkil elə bil, Promoteyin insanlara odu verməsini yada salaraq, bizə deyir ki, təkcə onunla kifayətlənmək olmaz. İnsanlığın ocağının sönməməsini istəyiriksə, hər kəs bir Promotey olmalıdır. Tablodakı kişi ilə qadına baxanda, onların əllərində apardıqlarının nə olduğunu da müxtəlif cür yozmaq olar. Böyük ehtimalla, bu, onların ürəkləridir. Yəni hər kəs insanlığın yolunu aydınlatmaq üçün ürəyini bir az da olsa, yandırmalıdır. Bu, dünya rəssamlıq tarixinin ən böyük şedevrlərilə yanaşı durmağa layiq əsərdir. Və onun altında bir azərbaycanlı dahinin imzası var: Tahr Salahov.
***
Bənzərsiz və fərqli dəst-xəttilə Tahir Salahov öz sağlığında klassikə çevrilmişdi. Həm də sadəcə klassikə yox, məhz azərbaycanlı klassikə. Harada yaşamasından, nəyi və necə çəkməsindən asılı olmayaraq, onun bütün əsərlərində Abşeronu xatırladan nəsə vardı. Eyfel qülləsi belə şübhəli şəkildə neft buruqlarına oxşayırdı. Çünki Tahir müəllim həmişə içində bir Abşeron gəzdirib və onu bənzərsiz edən də bu idi: Özündən uşzaqlaşmağa çalışmamaq.
Onun Abşeronu bur qədər fərqlidir – depressivdir, qaşqabaqlıdır, sərtdir. Eynilə bütün reallığı kimi. Uşaq vaxtı atası güllələnən, anası 5 uşaqla tək qalan rəssamın reallığı necə sərt olmasın axı?! O, dünyanı başqa necə görə bilərdi?!
Tahir Salahovun tablolarındakı sərt realizm üslubu qurama deyildi, o, dünyanı gördüyü, qavradığı kimi çəkmişdi. Bu, təbəssümün az, qaşqabağın çox olduğu dünyadır. Burada çox vaxt heç uşaqlar da gülümsəmirlər. Onun dünyasında hamının çiynində bir neçə ton qayğı yükü var. İnsanlar ona görə bir az kobud və yöndəmsizdirlər ki, həmin qayğıların altında əzilib, xurd-xəşil olmasınlar. Bütün qadınlarda rəssamın vaxtilə 5 uşaqla tək qalmış anasından nəsə var. Bu sərt dünya bir növ realizmin impressionizmə keçmək istədiyi zolaqda yerləşir. Bütün bunlarla yanaşı, Tahir Salahovun həmin qaşqabaqlı və sərt dünyası öz məntiqi və qanunları ilə birlikdə tamdır, bütövdür. Həmin dünyada üç əsas rəng var: Qara, qırmızı və ağ. Bu üç rəngin dominant olduğu dünyada heç vaxt bahar gəlmir. Onun Abşeron ruhunu daşıyan rəsmlərinə sanki bir az neft hopub. Salahovun ən məşhur əsərlərindən birinin Qara Qarayevin portreti olması da təsadüfi deyil –rəssamın bütün tablolarınəı seyr edərkən sanki adamın qulaqlarında dayanmadan ildırımlı yolların musiqisi çalınır.
Rəsm sənətində bu cür bütöv, detallı dünya yarada bilmiş sənətkarlar elə də çox deyillər və çəkinmədən Tahir Salahovun adını Pikasso, Van Qoq, Klod Mone kimi nəhənglərlə eyni sırada çəkmək olar. O, Azərbaycan rəssamlığında bütöv bir mərhələ idi. Bundan sonra da həmişə əsərlərini müzakirə etməkdən zövq alacağımız və fəxr edəcəyimiz bir klassik.
***

Adətən “mütəfəkkir” deyəndə ağla filosof, yazıçı, şair gəlir. Axı onlar sözlə işləyirlər, təfəkkür də sözlərdən hörülür. Amma Tahir Sahalov mütəfəkkir rəssam idi. Çünki onun əsərlərinə baxanda, fikir görürsən. O, elə bil, rənglərlə fikirləşirdi. Onun obrazları özünün fikir-rəngləri, sərt cizgilərilə bizə deyirdilər ki, bəli, dünya sərtdır. Amma bunu bilib, ruhdan düşmək yox, əksinə, daha da möhkəm olmaq lazımdır. Möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti