Qəddafinin oğlu Liviyaya ekstradisiya olunub

Qəddafinin oğlu Liviyaya ekstradisiya olunub
  06 Mart 2014    Oxunub:1194
Niger Sədi Qəddafini Liviyaya ekstradisiya etmək qərarına gəlib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, devrilmiş Liviya diktatoru Müəmmər Qəddafinin oğlu Sədi Qəddafi mühakimə olunması üçün öz ölkəsinə qaytarılacaq.

2011-ci ilin sentyabrından bəri Niger dövlətində sığınacaq alan Sədi Qəddafi mühacirətdə tez-tez yeni Liviya hakimiyyətini tənqid edirdi. 38 yaşlı Sədiyə sığınacaq verilməsini Niger dövləti “humanitar məqsədlə” etdiyini açıqlamışdı. Liviyada qanunsuz dövlət vəsaitinin mənimsənilməsində ittiham olunan Sədi Qəddafi hazırda həbsdə olan digər qardaşı Seyf əl-İslamla birlikdə mühakimə olunacaq.

Xatırladaq ki, Müəmmər Qəddafinin kiçik oğlu- 29 yaşlı Seyf əl-Ərəb və onun üç övladı 2011-ci il mayın 1-də NATO-nun hava zərbələri nəticəsində həlak olub. Digər oğul- Hamis Qəddafi təhlükəsizlik qüvvələri ilə döyüşdə öldürülüb.

Müəmmər Qəddafinin yalnız xanımı Safiyə, qızı Ayişə və oğlanları Məhəmməd və Hannibal xarici ölkələrə sığına biliblər.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti