Əmək Məcəlləsinə geniş dəyişiklik layihəsi hazırlanıb

Əmək Məcəlləsinə geniş dəyişiklik layihəsi hazırlanıb
  28 Aprel 2021    Oxunub:3352
Ölkəmizdə əməyin mühafizəsi istiqamətində silsilə addımlar atılmağa başlanılıb. İlk dəfə olaraq 2020-ci ildə Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə təsis edilib. Digər tərəfdən Əmək Məcəlləsinə geniş dəyişiklik layihəsi hazırlanıb və əksər dövlət qurumları ilə onun müzakirəsi yekunlaşdırılıb. Bu məcəlləyə dəyişikliyin 11 maddəsi məhz əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir. Bununla yanaşı, ölkə başçısının müvafiq Fərmanı ilə Əməyin Mühafizəsi Fondu yaradılıb. Fondun məqsədi icbari sığorta bürosu ilə birlikdə iş yerlərində bədbəxt hadisələrdən sığorta məsələlərinin tam şəkildə tətbiqinin təmin edilməsidir.
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı keçirilən onlayn konfransda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, qanunvericiliyə və beynəlxalq təcrübəyə müvafiq olaraq bütün işçilər işəgötürənlər tərəfindən iş yerlərində bədbəxt hadisələrdən sığortalanmalıdırlar:

“Təəssüf ki, sığorta şirkətləri ilə birgə əmək bazarını analiz etdikdə qəribə mənzərə ilə qarşılaşdıq. 2019-cu ildə əməkhaqqı fondu təqribən 11 milyard manat olmağına baxmayaraq, işçilərə cəmi 32-35 milyon manat sığorta ödənilirdi. Bu isə o deməkdir ki? əməkhaqqı fondunun orta hesabla 1 faizi bu istiqamətə yönəldilib və əmək bazarında işçilərin cəmi üçdə bir hissəsi sığortalanıb. Bu da özü ilə birgə çox böyük problem gətirirdi. Yəni bir işçinin başına bədbəxt hadisə gələndə onun sığorta təminatı olmurdu, müayinə-müalicə xərcləri tam şəkildə özünün üzərində qalırdı və o böyük məhrumiyyətlərə düçar olurdu.

Ona görə də sığorta şirkətləri ilə memorandum imzaladıq, bunun nəzarət mexanizmini yaratdıq. Təkcə son ildə bu istiqamətdə artım 30 faizin üzərindədir. Növbəti bir-iki il ərzində bu rəqəmin əməkhaqqı fondunun 80 faizinə qədər artırılmasını nəzərdə tutmuşuq. Yəni əmək müqaviləsi ilə işləyən şəxslərin mütləq əksəriyyətinin, qanunvericiliklə müəyyən edilən hallarda isə tam hamısının bədbəxt hadisələrdən icbari sığortası təmin olunacaq. Bu da onların gələcəkdə iş yerlərində başlarına gələ biləcək hər hansı bədbəxt hadisələr zamanı onların müayinə-müalicəsinin düzgün təmin olunmasına tam zəmanət verəcək”.

S.Babayev bildirib ki, yaradılmış mexanizm uğurlu nəticələrini göstərir və o, davamlı icra olunacaq. Bu da bir daha diqqəti qeyri-formal məşğulluğa yönəldir: “Qeyri-formal işləyənlərin icbari sığortası da olmur, iş yerlərində hər hansı bir bədbəxt hadisə baş verdiyi təqdirdə sığorta ödənişi almırlar. Nazirliyin bununla bağlı bir çox maarifləndirici videoçarxları yayımlanıb, məlumatları paylaşılıb. Həmin insanların gələcəyi üçün böyük təhlükə yaranır. Onlar həm pensiya, həm də işdə sığorta təminatından məhrum olurlar.

Əməyin Mühafizəsi Fondunun digər bir ana fəaliyyət istiqaməti əməyin mühafizəsi standartlarının, qaydalarının təbliği, işəgötürənlərlə maarifləndirici işlərin aparılması, onlara bu istiqamətdə dəstəyin göstərilməsi olacaq. Bu sahədə Əməyin Mühafizəsi Mərkəzinin yaradılması nəzərdə tutulub. Müvafiq sənədləşmə işləri aidiyyəti qurumlara təqdim edilib. Qısa müddət ərzində hökumətin razılığı ilə həmin mərkəz yaradılacaq”.

Azvision.az



Teqlər: Əmək   ƏƏSMN  





Xəbər lenti