“Smart Village” - Dünyanın ən “ağıllı” layihəsi Qarabağda

  “Smart Village”  - Dünyanın ən “ağıllı” layihəsi Qarabağda
  28 Aprel 2021    Oxunub:17686
Aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqinə başlanıldı.
Qarabağda ilk dəfə həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.



Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Həmçinin bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.



Məlumat üçün bildirək ki, “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə bağlı Prezident İlham Əliyev tərəfindən 19 aprel 2021-ci il tarixində müvafiq Sərəncam imzalanıb. Ölkə başçısı Qarabağa səfərləri zamanı çıxışlarında azad edilmiş ərazilərdə şəhərlər və kəndlərin “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bu layihə vətəndaşların xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə etmələrinə imkan yaradır.



“Ağıllı Şəhər”(Smart City) və “Ağıllı kənd” (Smart Village) nədir?

“Ağıllı kənd” və “Ağıllı şəhər” elə bir ərazidir ki, orada məlumat toplamaq üçün müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə edilir. Toplanılmış məlumatlardan əldə edilən anlayışlar aktivlərin və resursların səmərəli istifadəsinə yönəldilir. Bu konsepsiyada Əşyaların interneti, Süni intellekt, Blokçeyn və s. texnologiyalar tətbiq olunur. Bu texnologiyalar əsasında müəyyən komponentlər formalaşdırılır. Nümunə olaraq, elektrik enerjisi və su sərfiyyatının elektronlaşdırılması, müəyyən edilmiş yerlərdə toplanmasını göstərmək olar. Nəticədə əhali müəyyən proqram təminatından istifadə edərək həm öz kommunal tarixçəsini görür, həm də ödənişlərini edə bilir.

Bundan əlavə, aidiyyəti dövlət qurumları bütün məlumat bazasında yığılan informasiya əsasında optimallaşdırma işləri aparmaq imkanı qazanır. Bütün bu elektronlaşdırma tətbiqi tibb və nəqliyyat sahəsi üçün də keçərlidir. O cümlədən, ətraf mühitin qorunmasında havanın yoxlanılması üçün naqilsiz sensor şəbəkələri vasitəsilə şəhər ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə mümkündür.



“Ağıllı şəhər”in digər şəhərlərdən fərqi bütün infrastrukturun elektronlaşdırılması və böyük məlumat bazasının yaradılmasıdır. Bu məlumat toplusu əsasında bütün şəhər üzrə xərclərin və əhalinin yaşayış keyfiyyəti üzrə səmərəlilik artırılır.

Müasir dünyada ağıllı şəhərlərin yaradılması qloballaşmanın və 4-cü sənaye inqilabının yaratdığı bir çox problemləri də aradan qaldıra bilər. Həmçinin şəhərlərin daha davamlı, əhatəli və təhlükəsiz hala gətirmək Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərindən biri olaraq müəyyənləşib.

“Ağıllı şəhər” və "Ağıllı kənd” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa olunan ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirə və həmin regionu texnoinvestorlar üçün maraqlı edir.



İşğaldan azad edilmiş regionda “smart-city” layihələrinin tətbiqi həmin regionu bu günün tələbi olan innovativ, texnologiya əsaslı investisiyaların axınını sürətləndirməklə, eyni zamanda növbəti mərhələdə Qarabağda innovasiya mərkəzləri və texnoparkların yaradılması üçün fundamental əsas rolunu oynaya bilər.

Bulud əsaslı informasiya texnologiyaları tətbiqetmələri təkcə insan həyatını deyil, həmçinin əraziidarəetməsini də asanlaşdıra bilər. Yerli dövlət idarəetmə orqanları, bələdiyyələr, özəl müəssisələr və vətəndaşlar öz həyat keyfiyyətini artıran daha yaxşı qərarlar vermək üçün məlumatları bu elektron tətbiqlər vasitəsilə real vaxtda qəbul, təhlil və idarə edə bilər.

Hazırda dünyanın müxtəlif yerlərində - Sinqapur, BƏƏ (Dubay), ABŞ (Boston), Hollandiya (Amsterdam), İngiltərə (London), Norveç (Oslo), Danimarkada (Kopenhagen) “Smart City” layihəsi həyata keçirilir. Bu şəhərlərin əsas turizm mərkəzlərindən olduğunu nəzərə alsaq, “ağıllı şəhər” texnologiyaları böyük potensiala malik Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkanlara yaradıla bilər.



“Ağıllı kənd” platformasında texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsini müşahidə etmək mümkündür. Bu model vasitəsilə hökumətlər ictimai xidmətlərin səmərəliliyini və təhlükəsizliyini artırmağı, maliyyə xərclərini azaltmağı, şəffaflığı və yaxşı idarəetmənin təmin etməyi hədəfləyir.

Qeyd etdiyimiz kimi, “Ağıllı kənd” layihələri dünyanın müxtəlif ölkələrində reallaşdırılır. Bu layihənin tətbiqində əsas məqsədlərindən biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır. “Ağıllı kənd” layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Üçüncü məqam isə ondan ibarətdir ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır.



Türkiyədə “Vodafon”un dəstəyi ilə yaradılan “Ağıllı köy” layihəsi, Qazaxıstanda “Villic Qazaxıstan” layihəsi, Ruandada “Smart villic” proyekti, Ukraynada “Avtonom ağıllı kənd”, Almaniyada “Ağıllı kənd” layihəsi icra edilib və bu yerlərdə ağıllı ticarət və logistika, ağıllı enerji üsullarından istifadə edilir.

“Ağıllı şəhər” və “Ağıllı kənd” layihəsi Azərbaycanın şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. İşğaldan azad olunmuş şəhər və kəndlərdə bu layihənin tətbiqi ilə orada göstəriləcək xidmətlərin növbəti inkişaf mərhələsinə keçidinə zəmin yaradılır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Ağıllı-kənd   Layihə  





Xəbər lenti