Ukrayna yeni böhranın astanasındadır
Həyəcan siqnalı verən Ukrayna Maliyyə Nnazirliyinin dünya ictimaiyyətindən maliyyə yardımı tələbinə İngiltərə və ABŞ-dan müsbət cavab gəlib. Ağ Ev administrasiyası Kiyevə maliyyə yardımı göstərməyə hazırdır. Ağ ev sözçüsü Cey Karni deyib ki, Ukraynanı çətin vəziyyətdən çıxarmaq üçün ABŞ öz tərəfdaş ölkələri ilə müzakirələri davam etdirir: "Ukrayna tələb olunan islahatları yerinə yetirdikcə biz onlara maliyyə yardımı göstərməyə hazırıq".
Ancaq qərb ittifaqının Kiyevə maliyyə yardımı göstərməsi o qədər də asan baş tutmayacaq. Beynəlxalq valyuta fondunun Ukraynaya nə qədər və nə zaman yardım göstərəcəyi hələ məlum deyil. "Udar" partiyasının lideri Vitali Kliçkonun sözlərinə görə, ortada bir məqsəd olmadan maliyyə yardımı göstərməyin heç bir mənası yoxdur:
"Ukraynaya maliyyə yardımı yalnız faydalı şəkildə və iqtisadiyyatı canlandırmaq məqsədi ilə veriləcək. Ancaq bunun üçün ilk olaraq yeni hökumət formalaşmalı və öz islahatlar proqramını beynəlxalq valyuta fonduna təqdim etməlidir". Maliyyə məsələləri ilə bağlı aparılan danışıqlar Ukraynanın heç də siyasi böhrandan xilas olduğu mənasına gəlmir. Soçi qış olimpiya oyunları başa çatar-çatmaz bütün diqqətini Ukraynaya yönəldən Rusiya öz qərb tərəfdaşından əl çəkənə oxşamır.
Qazaxıstan, Belarus və Fransa prezidentləri ilə telefon əlaqəsi yaradaraq Ukrayna məsələsini müzakirə edən prezident Vladimir Putinin hansı addımı atacağı maraqla gözlənilir. Ukraynaya vəd etdiyi 15 milyard dollarlıq maliyyə yardımını təxirə salan Kremlin yeni Kiyev adminsitrasiyası ilə əməkdaşlıq edib-etməyəcəyi isə hələ dəqiqləşməyib.
Səbinə Həsənova