Revanş istəyənlər yenidən “Dəmir yumruq”la əziləcək

  02 Mart 2021    Oxunub : 5023
Revanş istəyənlər yenidən “Dəmir yumruq”la əziləcək
İkinci Qarabağ müharibəsinin bitməsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə ordunu gücləndirib yenidən döyüşə başlamaq barədə düşünürlər.
Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələyə də toxunan Prezident İlham Əliyev revanşist ideyalar irəli sürənlərə açıq şəkildə xəbərdarlıq etdi. Ölkə başçısı 44 günlük Vətən müharibəsini xatırladaraq, "Dəmir yumruğun" yerində olduğunu bildirdi:

“Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır”.



Bu yaxınlarda Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edən dövlət başçısı bu məsələyə bir daha diqqət yetirmişdi.

Ali Baş Komandan çıxışında demişdi: "Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər".



Bundan öncə də dövlət başçısı Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrə bir neçə dəfə xəbərdarlıq edib. Prezident İlham Əliyev fevralın 15-də Laçın rayonunun Güləbird kəndində çıxışı zamanı qeyd etmişdi ki, onlar Azərbaycanı təxribatlarla, müharibə ilə hədələməyə çalışırlar.

"Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik".

44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan silahlı qüvvələrinin yenidən formalaşması üçün illər lazımdır. Ermənistan ordusu döyüşlər başlayandan bitənə qədər özünün silah-texnika parkının böyük hissəsini itirib. Bunun bərpası üçün isə onlara təxminən 20-25 il vaxt lazımdır. Ermənistanın hərbi büdcəsi, dövlət büdcəsi və xarici borcu bəllidir. Bütün bunlar onların hazırki vəziyyətinin nə yerdə olduğunu sübut edir.

Demək olar ki, Ermənistan 30 il ərazində əldə etdiyi silah və texnikaları 44 gündə itirdi. Onların yenidən bərpa edilməsi indiki şəraitdə real görünmür. Belə ki, Ermənistan qarşıdakı dövrdə ordusunu yenidən qurmalıdır. Onların hərbçi resursları arasında da böyük itkiləri var. Ermənistanın müharibədə 5-7 min arası itkisi və 10 mindən çox yaralısı olub. 40-45 min nəfərlik şəxsi heyətə malik olan Ermənistan ordusunun canlı qüvvəsinin yarıdan çoxunu itirməsi və texnikaların da 50 faizə yaxınının məhv edildiyini nəzərə alsaq, bu ölkənin qısa zamanda özünə gəlməsi mümkün deyil.



İkinci Qarabağ müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarının statistikasına yenidən nəzər yetirək:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.



Bir vaxtlar Ermənistan rəsmilərinin ağızdolusu danışdığı hərbi texnikalar Vətən müharibəsindən sonra onların məğlubiyyət simvoluna çevrildi. Bu gün işğaldan azad edilmiş ərazilərdə ermənilərdən "xatirə" qalan yüzlərlə dağılmış, külə dönmüş döyüş texnikalarını, silah-sursatları görmək olar. Bütün bunlar düşmən ordusunun hansı vəziyyətdə olduğunu aşkar şəkildə göstərir. İndi sual yaranır, ordusunun yarıdan çoxunu itirən Ermənistan nə ilə revanş edəcək?

Erməniləri havadarları silahlandırsa belə, bu, heç nəyi dəyişməyəcək. Müzəffər Azərbaycan Ordusu 44 gündə olduğu kimi, yenə düşmənə döyüş meydanında layiqli dərs keçməyə tam hazırdır. Bu isə Ermənistanın bir dövlət kimi məhvinə səbəb ola bilər. Yəqin ki, revanş eşqi ilə yaşayanlar aqibətlərinin necə olacağını düşünməmiş deyillər.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Prezident   Xəbərdarlıq   Ermənistan   Revanşist-qüvvə