Kiyevdə müxalifət Radanı və Nazirlər Kabinetini ələ keçirdi

Kiyevdə müxalifət Radanı və Nazirlər Kabinetini ələ keçirdi
  22 Fevral 2014    Oxunub:1295
Bu barədə parlamentin “Batkovşina” fraksiyasının üzvü Andrey Parubiy məlumat verib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna müxalifətinin Meydanın “özünümüdafiə yüzlükləri” adlı təşkilatı Ali Rada, Daxili İşlər Nazirliyinin binasını və Nazirlər Kabinetini ələ keçirib.

“Yeddinci yüzlük Ali Radanın daxilində yerləşib. Bundan başqa orada “Sağ sektor”un dəstələri də yerləşib. On ikinci və üçüncü yüzlüklər isə prezident administrasiyasını mühafizə edir. On beşinci yüzlük isə Daxili İşlər Nazirliyinin binasını nəzarətdə saxlayır”-deyə Müstəqillik meydanında quraşdırılan səhnədən deputat Andrey Parubiy məlumat verib.

Həm də meydanın komendantı olan Parubiy bütün Kiyevi nəzarətə götürəcəklərini bildirib.

“Bizim üçün vacibdir ki, Kiyev tam olaraq meydançıların nəzarətinə keçsin. Onda Kiyevdə bu vaxta qədər olmayan intizam olacaq”-deyə deputat əlavə edib. Parubiy qeyd edib ki, Kreşatik küçəsində yerləşən hərbi qərargah etirazçıların hərəkətlərini koordinasiya edəcək.
Sonda isə komendant “Biz Yanukoviçin dərhal istefasını tələb edirik. Biz tələb edirik ki, qanunvericliyə uyğun şəkildə növbədənkənar seçkilər həyata keçirilsin”-deyə nitqini yekunlaşdırıb.

Xatırladaq ki, ötən gün prezident Viktor Yanukoviçlə müxalifət arasında imzalanan razılaşmaya əsasən ölkədə növbədənkənar prezident seçkiləri təyin ediləcək. Ali Rada isə 2004-cü ilin konstitusiyasına qayıdış, sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən azad olunması və Daxili İşlər naziri Vitali Zaxarçenkonun istefaya göndərilməsi ilə bağlı qərar qəbul etmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti