Honduras Xocalı soyqırımını tanıdı
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Honduras Milli Konqresinin qəbul etdiyi bu Qərar Konqresin Prezidenti və katibləri tərəfindən təsdiq edilib.
Bu Qərar 2014-cu ili 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və Xarici İşlər Naziri tərəfindən təsdiq edildikdən sonra, 2014-cu ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanı olan "THE GAZETTE" rəsmi kütləvi informasiya vasitəsində dərc edilərək qüvvəyə minib və ölkənin qanunu statusunu alıb.
Sənədin giriş hissəsində Ermənistan Respublikasının öz müstəqilliyini bəyan etdikdən əvvəl və sonra Azərbaycanın suverenliyi altında olan geniş əraziləri ilhaq etmək yolu ilə öz ərazilərinin ekspansiyası siyasətinə başladığı bildirilir.
Sənəddə Ermənistan hökuməti tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalı nəticəsində beynəlxalq hüququn təməl prinsiplərinin, pozulması ilə yanası, azərbaycanlı əhalinin kütləvi səkildə məcburi köçkünə çevrilməsi diqqətə çatdırılır və bu kimi hərəkətlər beynəlxalq cinayət əməli kimi qiymətləndirilərək, beynəlxalq sülh və təhlükəsizliyə təhdid olaraq təqdim edilir.
Bununla yanaşı, bütün erməni qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1992 və 1993-cü illərdə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin qəbulundan 21 ildən artıq vaxtın ötməsinə baxmayaraq, münaqişənin hələ də davam etdiyi və Ermənistan hökumətinin BMT-nin tələblərinə etinasız olduğu bildirilir.
Qərarın 1-ci bəndində Ermənistan Respublikası hökuməti, təcavüzkar işğalçı davranış, Azərbaycanın suveren ərazilərinin hərbi işğalı və Azərbaycan mülki əhalisinə qarsı misilsiz hərəkətlərə görə ciddi şəkildə ittiham edilir. Qərarın 2-ci bəndində Ermənistan tərəfinin hərəkətlərinə münasibətdə Azərbaycan Dövləti və Hökuməti ilə həmrəylik ifadə olunur.
Qərarın 3-cu bəndində beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan qurumlar, münaqişədən əvvəlki status kvonun bərpa edilməsi məqsədilə, Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı həlledici addımlar atmağa çağırılır. Qərarın 4-cu bəndində Honduras Respublikası Hökuməti Azərbaycan Dövlətinin ərazi bütövlüyünün bərpası, Azərbaycan əhalisinin sülh və təhlükəsizliyinin və öz ərazisində sülh şəraitində yaşamaq hüququnun bərpa edilməsi naminə beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırılır.
Teqlər: