Damsız qalan Ağdam: Şahbulaq qalası, Xan qızı və təhqir edilmiş məscidlər... - REPORTAJ

  18 Fevral 2021    Oxunub : 8855
 Damsız qalan Ağdam:  Şahbulaq qalası, Xan qızı və təhqir edilmiş məscidlər... -  REPORTAJ
Ağdamdayıq... İşğaldan azad edilən bu torpaqlara ayaq basdıqca dəhşətə gəlməmək mümkün deyil. Hər tərəf dağıdılıb, binalar sökülüb, bütün yaşayış evləri yerlə-yeksan edilib, infrastrukturdan əsər-əlamət qalmayıb. Bir vaxtlar tarixi abidələri ilə məşhur olan Ağdam indi dünyada "Qafqazın Hirosiması”, “Ruhlar şəhəri” kimi tanınır.
Xatırlayırsınızsa, işğaldan əvvəl şəhərdə fabriklər, dəmir yolu stansiyası, tibb, musiqi, kənd təsərrüfatı məktəbləri və teatr fəaliyyət göstərirdi. İndi onların yerində dağıntılar və ot basmış ərazilər qalır.



Ağdamın hər daşında, torpağında əsarətin, vandallığın, erməni faşizminin izləri görünür. Burada erməni vandalizminə məruz qalan tarixi tikililərdən biri Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid abidə işğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi ermənilər tərəfindən təhqirə məruz qalıb. İşğalçıların inək və donuz saxladığı xan sarayı uzun illər tövlə kimi istifadə olunub.

Natəvanın dağıdılmış qəbirüstü abidəsi

Erməni faşizmi Xan sarayı yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığıdan da yan keçməyib. Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri, Xurşidbanu Natəvanın qəbirüstü abidəsi burada yerləşir. Vəhşi düşmən işğal dövründə insani dəyərləri ayaq altına ataraq İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıb.



27 ildən sonra ilk dəfə səfər etdiyimiz Ağdamda yeganə nəzərə çarpan tikili tam dağıdılmamış Cümə məscididir. Bu məscid 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağın təkrarolunmaz üslubunda tikilib. Oxşar məscidlər Bərdə, Şuşa, Füzuli və Horadizdə də inşa edilib.

Ağdamın məşhur Cümə məscidi

Erməni işğalı dövründə Ağdam Cümə məscidinin minarələri sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri, yardımçı otaqları dağıdılıb. Məscidin əşyaları, texniki avadanlıqları və qurğular qarət edilərək Ermənistana aparılıb. Uzun illər məsciddə mal-qara və donuz saxlanılıb, ibadət ocağı tövlə kimi istifadə olunub.



Ümumilikdə isə mənfur ermənilər 30 ilə yaxın işğalda qalmış məscid və tarixi abidələrimizə qarşı düşmənçilik edərək, insanlığa sığmayan cinayətlərə əl atıb. Bu, təkcə Azərbaycana deyil, bütün müsəlman ölkələrinə qarşı təhqirdir.

Ağdam Cümə məscidini ziyarət edərkən ermənilərin oranı necə taladığının canlı şahidi olduq. Daha sonra məscidin minarəsinin dar pillələri ilə yuxarıya doğru qalxdıq. Buradan şəhərin necə viran qoyulduğunu aydın görmək mümkündür.

Növbəti dayanacağımız Qiyaslı kəndindəki məscid oldu. Ermənilər burada da heyvan saxlamaqla ibadət ocağını yararsız hala salıblar. İçəridə yığılan ot bağlamaları və kəskin peyin qoxusu işğaldan geriyə qalan mənzərədir.



Pənahəli xanın Ağdamdakı qalası

Məsciddən ayrılıb Şahbulaq qalasına yol aldıq. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb. Qalada olduğumuz zamanı bunu əyani şəkildə gördük. Belə ki, ermənilər füsunkar təbiətə malik ərazidə yerləşən Şahbulaq qalasından qazanc məqsədilə istifadə ediblər. Qalaya turistlərin qanunsuz səfərləri təşkil olunub. Bunu orada gördüyümüz giriş biletləri də təsdiqləyir.



Dünyada ikinci olan Ağdam çörək muzeyi

Azad olunmuş ərazilərə səfərimiz davam edir. İndi isə vaxtilə dünyada ikinci olan Ağdam Çörək muzeyinin ərazisindəyik. Düşmən buranı da dağıdıb və talan edib. Belə bir muzey ilk dəfə Almaniyanın Ulm şəhərində açılıb. İkinci unikal muzey məhz Ağdamda olub. Ağdam Çörək muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılıb və 1983-cü il noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul edib. Muzeyə çox qısa müddət ərzində 1500-dən çox eksponat toplanıb. 1992-ci ildə Ağdam şəhərinin düşmən tərəfindən raket və top atəşinə tutulması nəticəsində Çörək Muzeyi yerlə bir olub. Düşmənin atdığı mərmilər muzeyi tamamilə dağıdıb, orada saxlanılan eksponatlar yanaraq külə dönüb.



Erməni vəhşiyilinin sərhəd tanımadığı Ağamın Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət etməyi özümüzə borc bildik. Burada da düşmənin vəhşiliyini gözlərimizlə gördük. Şəhidlər xiyabanı erməni vandalları tərəfindən yerlə-yeksan edilib, məzarların yeri belə bilinmir. Vaxtilə burada mindən artıq məzar olub. Onlar ermənilər tərəfindən tamamilə dağıdılıb. Bir sözlə, Ağdamda hansı əraziyə getdiksə, orada erməni vandalizminin şahidi olduq.



Səfərimizi yekunlaşdırıb geriyə Quzanlı qəsəbəsinə qayıdırıq. Növbəti reportajımız Füzulidən olacaq...

***
Qeyd: Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal edilmişdi. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətində qalmışdı. Birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata əsasən, ötən ilin noyabrın 20-də Ağdam Azərbaycana qaytarılıb.







Müxbir: Anar Kəlbiyev
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Ağdam   Şəhər   Məscid   Şahbulaq-qalası   Çörək-muzeyi