“Qartal” ləqəbli Şuşa fatehi: Polad Həşimovla tələbə yoldaşı olan şəhid polkovnik - VİDEO+FOTOLAR

 “Qartal” ləqəbli Şuşa fatehi:  Polad Həşimovla tələbə yoldaşı olan şəhid polkovnik -  VİDEO+FOTOLAR
  01 Yanvar 2021    Oxunub:38470
“Hadrutda 5 azərbaycanlı hərbçi 78 işğalçını öldürüb. Ramiz balta ilə düşmənin birini necə vurubsa, qarşı tərəf tətiyi çəkməyə belə imkan tapmayıb. O, çox cəld idi”.
Vətən müharibəsində qəhrəmanlığı ilə Azərbaycanın adını tarixə yazan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Ramiz Cəfərovdur. Ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Azvision.az-ın əməkdaşı 42 gün dayanmadan düşmənə qarşı vuruşan Şuşa fatehinin evində olub, yaxınları ilə söhbətləşib.



Şəhidin əmisoğlu Fərrux Cəfərov əslən Masallıdan olduqlarını, R. Cəfərovun 1974-cü ilin dekabrın 10-da Ukraynada anadan olduğunu deyib.

“1988-ci ildə hərbi liseyə (indiki Cəmşid Naxçıvanski adına hərbi lisey - red) daxil olub. Orada Polad Həşimovla birgə oxuyublar. Dörd il liseydə təhsil aldıqdan sonra 1992-ci ildə Ryazan şəhərinə gedib və desant məktəbində təhsilini davam etdirib. 1996-cı ildən Azərbaycan Milli Ordusunda xidmət edirdi. Xüsusi Təyinatlı Qüvvlərdə komandir köməkçisi, gərargah rəisi idi. Vətən müharibəsində 42 gün qəhrəmancasına iştirak etdi və noyabrın 6-da Şuşada şəhid oldu. İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah cəmi şəhidlərə rəhmət etsin”.



Şəhidin xanımı Sitarə Cəfərova Ramiz Cəfərovun igidliyindən söz açaraq, onun Azərbaycan torpaqlarının azadlığı uğrunda böyük şücaət göstərdiyini bildirib:

“Sentyabrın 26-sı səhər saat 5-də bizimlə sağollaşıb getdi. Bildirdi ki, təlimlərə qatılacaq və ondan narahat olmayaq, ola bilsin ki, təlim çox çəkəcək. Müharibə başladı. Ramizlə bir həftə sonra əlaqə saxlaya bildik. Yaxşı olduğunu, hər şeyin yolunda getdiyini, qələbənin bizimlə olduğunu deyirdi.

Sonuncu zəngi oktyabrın 30-u oldu. Dedi, “Şuşaya çıxırıq, salamatlıqdır, burada zəng etməyə imkan yoxdur, mümkün olan kimi əlaqə saxlayacağam”. Səsindən çox yorğun olduğu hiss edilirdi. Ondan sonra yoldaşım haqqında heç bir məlumat ala bilmədik. Noyabrın 8-i şəhid xəbəri gəldi.

Azad olunan bir çox yerlərdə - Füzulidə, Hadrutda, Cəbrayılda, Qubadlıda, Zəngilanda və sonda Şuşada döyüşüb. Hər rayon azad olunduqca sevinirdi ki, zəhmətimiz yerdə qalmadı, biz qazandıq. Çox çətinliklərlə üzləşdilər. Günlərlə yemək yemirdilər”.



Şəhid polkovnik-leytenantla sonuncu dəfə Şuşada görüşən XTQ döyüşçüsünün (hazırda xidmətdə olduğundan adının açıqlanmasını istəmədi - red) xatirəsi:

“Mən noyabrın 5-i Şuşaya hücum zamanı yaralandım. Hərbi hissə komandiri, Ramiz Cəfərov və onun digər müavini döyüşü idarə edə-edə arxadan gəlirdilər. Onlar bölmələri yoxlayırdılar, nəzarət edirdilər. Mənə yaxınlaşıb nə baş verməsi ilə maraqlandılar. Bildirdim ki, ayağımdan açıq qəlpə yarası almışam və olduğum mövqedə gözləyirəm ki, əks-hücum olarsa, atış edim. Ramiz mənə dedi ki, təxliyyə gələndə gedərsən, yaralısan, indi getməsən, iki- üç gün sonra ağırlaşacaqsan, səni kimsə aparmalı olacaq. Noyabrın 6-sı günortadan sonra mən yüksəklikdən aşağı düşməyə başladım. Ermənilər minomyotla oranı səhər saatlarında vurmuşdu, 6 nəfər şəhid olmuşdu. Hava qaraldı, erməni minomyotu həmin dikin üstünü bir də vurdu. Oradan bizim yanımıza yenə yaralı, şəhid gətirdilər. Digər qrup isə onları aşağı aparırdı. Onda eşitdim ki, Ramiz qardaşım şəhid olub. Bir neçə saat əvvəl mənimlə danışan adam artıq həyatda yox idi. Çox pis oldum. Söhbət əsnasında demişdi ki, müharibə bitsin, qızıma toy edəcəyəm. Çox böyük arzuları var idi”.



Şəhidin əmisoğlu Fərrux Cəfərov: "Elə yerlər olub ki, orada əlbəyaxa döyüşüblər. Hadrutda meşəlikdə 5 nəfərlə 78 erməni hərbçisini öldürüblər. Mühasirəyə alıb, hamısını qırıblar. Danışırdılar ki, Ramiz çox cəld idi. Balta ilə erməninin birini necə vurubsa, düşmən tətiyi çəkməyə belə imkan tapmayıb. Onun mina təmizləmək üçün beli var imiş. O ülgücdən də iti olur.

Ramizin qəhrəmanlıqları çoxdur. Şuşaya qalxmaq özü bir qəhrəmanlıqdır. Hər adam ora gedib çıxa bilməzdi. Şuşanı görməyi çox istəyirdi, bu, ona qismət oldu.



Dostları "Qartal" ləqəbi vermişdilər. Ryazanda oxuyanda paraşütlə tullanıblar. Ramizin paraşütünün ipləri dolaşıb, həmin vaxt özünü itirməyib, elə göydəcə vəziyyətdən çıxıb. Qoçaqlığına görə belə ad vermişdilər. Çox məsuliyyətli adam idi. Gecə saat ikidə də çağırış gəlirdisə, gedirdi. Aprel döyüşlərində də iştirak etmişdi”.



Ramiz Cəfərovun 5 övladı yadigar qalıb. O, böyük qızı Rəbiqənin toyunu görməyi arzulayırdı.

Sitarə Cəfərova: “Ailədə sərt insan idi. İstəyirdi ki, hər şey qayda qanunla olsun, hər kəs nizam-intizama əməl etsin. Həmişə deyirdim, Ramiz burada əsgərlər yoxdur, xasiyyətini bir az yumşalt. Bu, onun xarakteri idi. Ancaq ailəsini çox istəyirdi. 21 il idi ki, evliydik, onun hansısa pis cəhəti yoxdur ki, indi ağlıma gəlsin. Bizi bir dəfə incitmədi. Hər şeyi ailəsi üçün edirdi. Əlində nə var idisə, bizə sərf edirdi.



Deyirdi, torpaqları gec və ya tez alacağıq. Hər şeyə hazır olun. Tək də qala bilərsən. Uşaqlara yaxşı bax. Pis olurdum ki, Ramiz niyə elə deyirsən? Biz sənsiz qala bilmərik. O, isə “hər şeyə hazır ol, mən hərbçiyəm, kəşfiyyatçıyam, başıma hər an nəsə gələ bilər” cavabını verirdi.

Sonuncu dəfə bizimlə sağollaşıb gedəndə, “qismət olsa qayıdacağam. Uşaqlardan muğayat ol, evin ipotekasına görə narahat olma. Mənə nəsə olsa, hökumət ödəyəcək” dedi. Böyük qızımın 21 yaşı var, nişanlıdır. Nişanlısı da cəbhədədir. Toyunu edəcəkdi. İkinci qızım Polşada təhsil alır. Xasiyyətcə atasına çox bənzəyir. Digər övladlarım isə məktəblidirlər. Onlar ataları ilə həmişə fəxr edirlər. Qürur duyurlar ki, belə qəhrəmanın uşaqlarıdırlar. Ramizin ən böyük sevgisi Vətən idi, o, Vətəni seçdi”.

Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun ən böyük arzusu torpaqlarımızı işğaldan azad görmək idi. O, bu amal uğrunda son nəfəsinədək qəhrəmancasına vuruşdu, düşmənə sarsıdıcı zərbələr endirdi.

Bu gün onun ruhu şaddır ki, uğrunda şəhidlik zirvəsinə yüksəldiyi Şuşada üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.











































































Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şuşa   Qəhrəman   XTQ   Polkovnik   Şəhid   Müharibə  





Xəbər lenti