Sarkisyanın etirafları: Ermənistanın yalnız bir xilas yolu var

Sarkisyanın etirafları:  Ermənistanın yalnız bir xilas yolu var
  29 Dekabr 2020    Oxunub:4201
Ermənistan prezidenti Armen Sarkisyan 44 günlük müharibədə məğlubiyyətə uğrayan ölkəsinin üzləşdiyi ağır vəziyyətlə bağlı bir sıra etiraflar edib. O deyib ki, müharibədəki biabırçı məğlubiyyətin yükünü təkcə Ermənistanın bugünkü cəmiyyəti deyil, gələcək nəsillər də daşıyacaq.
Sarkisyan, həmçinin bildirib ki, minlərlə gəncin döyüşlərdə öldürülməsi həm cəmiyyət, həm də onların ailələri üçün ağır faciədir. Demoqrafik məsələlərə toxunan erməni prezident bu istiqamətdə də Azərbaycana məğlub olduqlarını gizlətməyib.

“Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. Ermənistan bu müharibəni uduzdu. Ona görə ki, bu işlərlə məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birilərinə ittiham yağdırırlar”- deyə Armen Sarkisyan qeyd edib.

O, Ermənistan dövlətçiliyinin uzun illər dağıdılması prosesinin getdiyini vurğulayıb və nəticənin göz qabağında olduğunu bildirib.

A.Sarkisyanın etiraflarını Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İkinci Qarabağ müharibəsi və işğalçıların sonda acı məğlubiyyətə uğraması Ermənistanda sosial-iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub.

Politoloq hesab edir ki, Ermənistan prezidentinin bu acı etiraflarını məhz rus dilində səsləndirməsi təsadüfi deyil:

“Armenin fikirlərini rus dilində çatdırması çox önəmli məqam idi. O, təkcə erməni xalqına deyil, sanki hər kəsə elan edirdi ki, bəli, çox böyük səhvlər etmişik. Onun rus dilində danışması bəlkə də bizə bir mesaj idi. Çünki erməni prezident öz dilində etiraflar etsəydi, yalnız xalqı anlayacaqdı, fikirləri qısa zamanda geniş müzakirələrə yol açmayacaqdı. O, hətta Nikol Paşinyanın demədiklərini belə dilə gətirdi ki, Azərbaycana necə məğlub oldular, cəmiyyəti bu acı faciələrə necə sürüklədilər. Amma maraqlısı odur ki, Ermənistan rəhbərləri bu mövzuda hər şeydən danışsalar da, əsas məsələyə gələndə, onun üzərindən keçirlər. Heç Sarkisyan da demədi ki, niyə yalnız onun xalqı üçün bu faciələr baş verir? Axı bu hadisələrin bir səbəbi var ki, o da hər zaman Azərbaycan və Türkiyəyə qarşı erməni cəmiyyəti və erməni siyasi elitası tərəfindən ərazi iddialarının ortaya atılmasıdır. Bu siyasi xəttin zərərli olmasını ilk prezident olan Levon Ter-Petrosyan da anlamışdı. O zamanında etiraf etmişdi ki, hər iki ölkə ilə əməkdaşlığın yollarını aramaq lazımdır. Hətta bu, o Levon idi ki, onun zamanında torpaqlarımız işğal olunmuşdu. Amma bugünkü prezident əsas məsələnin üzərindən keçir, bu amili etiraf etmir”.

Politoloq onu da bildirib ki, ermənilərin bugünkü bəlalarının əsas səbəbi onların hələ də iki qonşu ölkəyə qarşı düşmənçiliyi davam etdirmələridir:

“İndi müharibəni acı şəkildə məğlub olmusunuz və etiraflarını da dilə gətirirsən. Ancaq yenə də kinli formada deyirsən ki, biz güclənib əks-həmlələr etməliyik. Demək istəyirsən ki, erməni xalqı yenidən müharibəyə hazırlaşmalı, Azərbaycan və Türkiyədən güclü olmalıdır? Onsuz da bundan sonra heç vaxt Ermənistanın Türkiyə və Azərbaycandan güclü olacağı real görünmür. Bu həqiqətən də xülyadır. Sən əksinə olaraq cəmiyyətinə mesajlar göndərməli idin ki, biz indən belə hər iki ölkə ilə qarşıdurmaya getməməliyik, barışığın yollarını axtarmalıyıq. Regional layihələrdə iştirak etməli, gələcəkdə varlı ölkəyə çevrilməliyik. Çünki o kasıblıqdan, iqtisadi tənəzzüldən çox danışır. Maraqlıdır, bu cür siyasətlə belə bir regionda ağır iqtisadi durumdan, necə çıxacaqsınız? İnsanları kasıblıqdan kütləvi şəkildə necə xilas edəcəksiniz? Heç erməni lobbisinin milyonları da bunun üçün sizə bəs etməyəcək. Arxayın olduğunuz Rusiya isə ölkənizə heç qəpik də verən deyil. Bu quyudan çıxmağın real yolu qonşu dövlətlərlə əməkdaşlığa getmək, regional layihələrdə aktiv iştirak etmək, sərhədlərin qapısını normal bir şəkildə hər kəsə açmaqdır. Yalnız ərazi iddialarından vaz keçsələr, real əməkdaşlıqlar mümkün olacaq. Ancaq nə Paşinyan, nə də Sarkisyan bu barədə bir dəfə də olsun etirafı dilə gətirmirlər. Nələrdə uduzmağınız, cəmiyyətinizin niyə parçalanması kimi etiraflar məğlubiyyətin əsl səbəbləri deyil. Qısası, işğalçı siyasət erməni cəmiyyətini uçuruma apardı və etiraf edib, bundan əl çəkmirlərsə, gələcəkdə də uçurumda qalacaqlar”.



Elxan Şahinoğlunun sözlərinə görə, Sarkisyanın təzadlı fikirləri də diqqətdən qaçmır: “O, Azərbaycan ordusunun bu illərdə güclənməsini, hərbi məsələlərə milyardlarla dollar xərcləməsini etiraf etdi, dron üstünlüyümüzü qabartdı. Sonra da qeyd edir ki, məğlubiyyətin acı nəticələrini nəvələrimiz də hiss edəcək. Bu etiraflar doğrudur, amma nəticə çıxarmırsınız axı. Yaxşı, bu faciəvi durumunuz uzun müddət çəkəcək və nəvələriniz də bunun ağır nəticələrini görəcəksə, hansı ağılla yenə bizimlə düşmənçiliyi saxlamağa, qisasa çalışırsan? Artıq normal münasibətlər qurmağın yollarını axtarmalısınız. Bizim üçün həqiqətən də maraqlı deyil ki, ermənilər bundan sonra ölkəmizlə əlaqələri bərpa edəcəklər, yay yox. Biz özümüz indiyə kimi necə inkişafda olmuşuqsa, bundan sonra da uğurlu istiqamətdə irəliləyəcəyik. Kifayət qədər tərəfdaşlarımız, müttəfiqlərimiz var, qonşularla normal münasibətlər qurmuşuq. Bu əlaqələrin bərpası ilk növbədə Ermənistanın özünə lazımdır və vacibdir. Azərbaycan bundan sonra yüz il də Ermənistansız keçinər. Nəqliyyat yollarımız Gürcüstandan rahat şəkildə keçir, bizə lazım olan Türkiyə ilə əlaqələrimiz problemsiz şəkildə qurulur. Özləri də gözəl anlayırlar bu zərurəti, sadəcə görünür dilə gətirməyə qorxurlar.

Təsadüfi deyil ki, son zamanlar bu məsələlər ətrafında bəzi erməni rəhbərlərdən etiraflar da gəlmişdi. Bir nazir demişdi ki, Türkiyə və Azərbaycan bazarlarına çıxış imkanı əldə etməliyik. Komitə sədrləri Azərbaycanla diplomatik əlaqələrin bərpasının vacibliyini dilə gətirmişdi. Hətta düşünürəm ki, növbəti seçkilərdə Paşinyan yenə qələbə çalsa, o Türkiyə və Azərbaycanla barışmağın yollarını arayacaq. Sadəcə olaraq hələ ki, indiki cəmiyyətləri revanş əhval-ruhiyyəsindədir. Bunu haradasa anlamaq olar. Çünki yenicə məğlub olublar və qisas haqqında düşünürlər. Halbuki bu mümkün olan şey deyil. Bizdən yaxın gələcəkdə qisas almaları real görünmür. Ola bilsin, Ermənistan prezidenti sonradan dediyimiz əsas etirafını edəcək. O, iki əsas qonşu dövlətlə düşmənçiliyi davam etdirə bilmərik deyəcək. Keçmiş prezidentin müşaviri olmuş Jirayr Libaridyan bu mövzuda çox doğru bir fikir söyləmişdi - “Əgər Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmasa, xəritədə özünə başqa bir yer axtarar”. Bu çox acı həqiqət idi ki, o, öz xalqına bunu anlatmağa çalışmışdı”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sarkisyan   Politoloq   Məğlubiyyət   Revanş   Etiraf  





Xəbər lenti