Hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişləri təmin edilir

   Hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişləri təmin edilir
  14 Dekabr 2020    Oxunub:3435
Torpaqların işğaldan azad edilməsi uğrunda silahlı qüvvələrimizin qəhrəmancasına döyüşdüyü və tarixi zəfər qazandığı 44 günlük Vətən müharibəsində, həmçinin I Qarabağ müharibəsi dövründə şəhid olmuş və müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçuların birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) rəhbər işçilərdən ibarət İşçi Qrup yaradılıb.
Azvision.az AMB-ə istinadən xəbər verir ki, İşçi Qrupu tərəfindən əlaqədar dövlət qurumları ilə, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin operativ həyata keçirilməsi, bu məqsədlə lazımı təsdiqedici sənədlərin qısa zamanda hazırlanması üçün mütəşəkkil qaydada iş aparılır.

Yaradılmış İşçi Qrupu dərhal şəhidlər, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial məsələləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən İşçi Qrupu ilə video-konfrans şəklində görüş keçirilib, bu kateqoriyadan olan hərbi qulluqçuların sosial məsələlərinin həlli üzrə qarşılıqlı müzakirələr aparılıb və birgə fəaliyyət proqramı müəyyən edilib. Eyni zamanda həmin İşçi Qrupuna Mərkəzi Bankdan və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (“Azərsığorta”) nümayəndələr daxil edilib.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanunu”na görə ölüm (şəhidlik), əlillik və xəsarət halları zamanı onlara sığorta ödənişləri “Azərsığorta” tərəfindən verilir.

Müvafiq sığorta ödənişlərinin əldə edilməsi üçün edilən müraciətlərə “Azərsığorta”nın əsas ofisi və ya rayon filiallarında dərhal baxılması və ödənişlərin qısa zamanda həyata keçirilməsi məsələləri İşçi Qrupu tərəfindən idarəetməyə və nəzarətə götürülüb. Şirkətin əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunur, onlara ödənişin verilməsi prosesinin asanlaşdırılması üçün bütün lazımi köməklik və zəruri hüquqi dəstək təmin olunur.

Hərbi qulluqçuların və ya onların ailə üzvlərinin sığorta ödənişinin əldə edilməsi ilə bağlı hər hansı problemləri olarsa Mərkəzi Bankın 966 qaynar xəttinə zəng vurmaqla müraciət etmələri xahiş olunur.

Azvision.az


Teqlər: AMB   Sığorta   Ödəniş  





Xəbər lenti