Allahverdi Bağırovun qızları: “Atamızın yolunu davam etdiririk”

  27 Noyabr 2020    Oxunub : 5692
 Allahverdi Bağırovun qızları:  “Atamızın yolunu davam etdiririk”
"Atam Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışıma görə çox xoşbəxtəm".
Azvision.az xəbər verir ki, bunu şəhid Allahverdi Bağırovun qızı, Dövlət Sərhəd Xidmətinin Tibb xidməti kapitanı Aynur Bağırova 27 ildən sonra atasının məzarını ziyarət edərkən deyib.



Milli Qəhrəmanın övladı bildirib: "Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək bu gün fəxrlə Dövlət Sərhəd Xidmətinin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq”.



Milli Qəhrəmanımızın digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova isə deyib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə 6 yaşında ziyarət etdiyi atasının məzarı önündədir: “Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm qoymuşam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”, - Z.Bağırova bildirib.



Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Qəhrəman   Şəhid