“Döyüşlər 44 günə bitdi, amma 44 il danışılacaq” - Hulusi Akar - VİDEO

 “Döyüşlər 44 günə bitdi, amma 44 il danışılacaq” -   Hulusi Akar - VİDEO
  11 Noyabr 2020    Oxunub:5326
Azərbaycan Silahlı Qüvvələrinin öz ərazilərini işğaldan azad etməsi ilə bağlı bayram tədbirləri Azərbaycanda olduğu kimi, Ankarada, İstanbulda, İzmirdə, bütün Türkiyədə qeyd edildi. Hər kəs göz yaşı içində azərbaycanlı qardaşlarımızın müvəffəqiyyətini öz uğuru kimi qeyd etdi. Bu, qardaşlığımızın və bir millət olmağımızın nümunəsidir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.



Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iki ölkə arasındakı qardaşlıq əlaqələri gündən-günə güclənir: "Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı 44 günlük əməliyyatda göstərdiyi qəhrəmanlıq və cəsarət təqdirəlayiqdir. Əməliyyat 44 günə bitdi, amma əmin olun ki, 44 il danışılacaq. Gəlinən nöqtə bizi son dərəcə xoşbəxt etdi. Bu hərəkat bir oyanışdır. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılası müvəffəqiyyət əldə etdi".

Hulusi Akar hərbi əməliyyatlarda şəhid olanlara rəhmət diləyib, yaralıların tezliklə sağalmasını arzu edib: "Kədər və xoş günlərdə bir olduğumuz azərbaycanlı qardaşlarımıza haqlı işlərində dəstək olmağa, hər zaman bir və bərabər olmağa davam edəcəyik".

Türkiyəli nazir çıxıışını "üçrəngli bayrağınla məsud yaşa" sözləri ilə bitirib.

Qeyd edək ki, Qarabağda qazanılan tarixi qələbə münasibətilə Azərbaycan Müdafiə Nazirliyində mərasim təşkil edilib. Mərasimdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və digər yüksək rütbəli hərbçilər iştirak ediblər. Müdafiə nazirləri Qarabağda qazanılan qələbəni bir-birilərinə sarılaraq qeyd ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti