AzVision-9 I Karantindən narazılar, razılar və geosiyasi Tik-Tok şou - VİDEO

      AzVision-9 I    Karantindən narazılar, razılar və geosiyasi Tik-Tok şou -    VİDEO
  06 Avqust 2020    Oxunub:33199
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


Histoqram de un amor

Bu histoqrama diqqətlə baxaq. O, pandemiya başlayandan bəri Azərbaycanda günlər üzrə yoluxmaların dinamikasını göstərir. Gördüyümüz kimi, mayın 18-də karantin yumşaldılandan bir neçə gün sonra histoqramın sütunları böyüməyə başlayır. Bir aydan sonra 400-ü keçir, sonra isə 600-ə yaxınlaşır. Ölkə səhiyyə kollapsının düz kandarına qədər gəlmişdi. O günlərin üstündən çox az keçib axı. Biz o narahatçılığı, həyəcanı birlikdə yaşamışıq. Doğrudanmı, indi eyni şeylərin təkrarlanmasını istəyirik?
=====
Virisun mutasiya edib, zəiflədiyini iddia etmək üçün əlimizdə kifayət qədər elmi əsas yoxdur. Risk edə bilmərik. Dünyada yoluxmaların və ölümlərin sayı azalmayıb, hətta tam əksinə. Azərbaycanda koronavirusdan gündəlik ölümlərin sayı 5-dən aşağı düşmür. Gündəlik yoluxmaların 200-ün üstündə olması Azərbaycan boyda ölkə üçün kiçik göstərici deyil. Məsələn, dünən 126 milyonluq Yaponiyada 293 yoluxma qeydə alınıb ki, bu, Gündoğar ölkə üçün ən yüksək göstərici sayıldığından, orada karantini sərtləşdirmək gündəmə gəlib. Yəni bizim arxayışnalşmağa heç bir əsasımız yoxdur. Dünya ölkələrinin son bir həftədəki təcrübəsi sübut edir ki, karantini yumşaldan bütün ölkələrdə yenidən yoluxmada sürətli artım başlayır və hökumətlər təzədən qapanmaya getməyə məcbur qalırlar. Avstraliya avqustun 2-dən komendant saatı elan etdi, evdən çıxmaq yasaqlandı. Hazırda bütün dünya mediası Melburnun boşalmış küçələrinin şəkillərini tirajlayır. Almaniya artıq rəsmən ikinci dalğanın başladığını deyir. Bütün Avropa ölkələri virusun yeni hücumuna hazırlaşırlar.
Ötən həftə ABŞ-da 150 həkim və alimin prezident Trampa yazdığı məktubda deyilirdi ki, “Noyabrın 1-nə qədər koronavirusdan ölən amerikalıların sayı 200 minə çata bilər. Buna baxmayaraq, hazırda əksər ştatlarda insanlar sərbəst şəkildə barlarda içki içir, bərbərdə başını qırxdırır, restoranda yemək yeyir, tatu salonlarında şəkil döydürür, bir sözlə, cürbəcür xoş, amma vacib olmayan işlərlə məşğul olurlar. Əgər biz insan həyatlarını xilas etmək istəyiriksə, karantini sərtləşdirmək lazımdır”.
Və belə bir vəziyyətdə, virusla mübarizədə yenidən dünyanın əksər ölkələrini qabaqlayarkən biz karantinin ləğvini və son iki ayda əldə edilən bütün nailiyyətlərin itiriməsini istəyirik? Hansı ağılla?!
=====
İyulun əvvəlində feysbukda hamı sübut etməyə çalışırdı ki, çimərliklər mütləq açılmalıdır. Çünki ultrabənövşəyi şüalar virusu məhv edir. Və bu, həqiqətdir, ultrabənövşəyi şüalar 8 dəqiqəyə virusun 90, 11 dəqiqəyə 95, 16 dəqiqəyə 99 faizini məhv edir. Elə isə niyə çimərliyə gedib, immunitetimizi möhkəmləndirməyək? Dünənə qədər sosial şəbəkədə hamı bunu istəyirdi. ASAN Xidmət də bunun üçün dünya təcrübəsini öyrənib, 120 çimərlikdə xüsusi zonalar təşkil edib, dezinfeksiya vasitələri quraşdırıb, sayt yararıb, könüllüləri çimərlikdə xidmətə cəlb edib… Bunlar böyük və çətin işlərdir. Qısa vaxtda bu qədər əziyyət ona görə çəkilib ki, orta statistik Məmməd yoluxma təhlükəsini artırmadan gedib, dənizə girib, günəşlənə bilsin. Virusla mübarizədə müsbət dinamikanı saxlamaq şərtilə mümkün olan minimum hələ ki, ancaq bu idi. Və bu, qısa vaxtda yüksək peşəkarlıqla bizim üçün edilib. Təşəkkür olaraq, dünənə qədər “çimərlik istəyirik” deyənlər indi “çimərliklər nəyə lazımdır” soruşlurlar, sabah isə, inan mənə, onların hamısını çimərliklərdə görəcəyik. Özləri oradan şəkil paylaşacaqlar. Gələn bazar çimərlik.az saytına baxarsan, əgər yaşıl yer tapsan, mən sənə bir pivə qonaqlığı borclu.

Yolayrıcında atları dəyişməzlər

Rəqəmlər təsdiqləyir ki, indiki yanaşma doğrudur. Və biz bu xətti ayın axırına qədər davam etdirsək, güman ki, yoluxmaların sayını çox cüzi səviyyələrə endirə bilərik. Doğrudanmı, rayona gedə bilək, kafelər, restoranların işləyə bilsinlər deyə, insanların həyatını qorumaq üçün görülmüş bu qədər işin, çəkilmiş bu qədər zəhmətin, xərclənmiş bu qədər vəsaitin nəticəsi heçə endirilməlidir?! Axı biz həmin insanlarıq ki, bir ay əvvəl üzü maskadan qançır olmuş həkimlərimizin şəkillərini paylaşaraq, hamıdan onların əziyyətinə hörmətlə yanaşmağı tələb edirdik. Bəs nə oldu, daha həkimlər maska taxmırlar? Yoxsa daha maskanın rezini onların üzünü qançır eləmir?! Taxırlar və eləyir. Heç nə dəyişməyib.
=====
Hadisələrin inkişafı onu sübut edir ki, ən doğru variant Azərbaycanın seçdiyi yoldur. Bizim vətəndaş olaraq öhdəmizə düşən bu siyasətin reallaşdırlmasında dövlətimizə kömək etməkdir. Bunun üçün isə ancaq bircə şey tələb olunur: Səbrlə, təmkinlə Operativ Qərargahın qərarlarına əməl etmək. Pandemiya əbədi olmayacaq, bu günlər də keçib gedəcək. Şair demişkən, “Motorları maviliklere süreceyiz”. Sadəcə, bir az səbrli olaq, nə olar. Bilməliyik ki, hökumət də ən azı bizim qədər, hətta bizdən də artıq dərəcədə karantinin uzadılmasını istəmir, bunda maraqlı deyil. Azərbaycanda karantinin uzadılmasını istəyən ancaq bircə qrup var.
Beləliklə, “Hitler gərək geyləri qırardı” tarixi blokbasterinin rejisorlarından, “Üzdənirqalar” melodramının və “Gözünüz aydın, neft 14 dollara düşüb” iqtisadi trillerinin prodüserlərindən növbəti şedevr: “Karantinin uzanması bizə sərf eləyir”.
Karantinin hakimiyyətə sərf etmədiyi ən azı buradan bəlli olur ki, Milli Şuraya sərf edən bir şey hakimiyyətə sərf edə bilməz. Hakimiyyət bunu sadəcə, insan həyatlarını qorumaq üçün edir. Aydın məsələdir ki, müxalifətin geniş mənada məqsədi hakimiyyətlə mübarizə aparmaqdır. Amma hətta pandemiyadan da siyasi məqsədlə istifadə etmək olarmı? Söhbət insan həyatından gedirsə, belə vəziyyətdə cılız siyasi mənfəəti qabağa çəkməyin adı nədir? Gəlin, özlərindən soruşaq. Gültəkin Hacıbəyli bizimlə skayp bağlantısında olmalıdır.
=====
Bu söhbətdə başqa bir vacib məqam da var. Fikir verdinizsə, Qənimət Zahidin sözlərindən aşçıq-aşkar bəlli olur ki, onlar insanlara hansısa mövzuda status yamzaq üçün şəxsən yumşaq desək, müraciət edirlər. Əslində isə bu, sadəcə müraciət deyil, başqa mexanizmlər də var. Sonra da bizə deyirlər ki, “trollsunuz”, “yazdıqlarınız öz fikriniz deyil”, “sifarişlə status yazırsınız”.
Buradan aydın olur ki, sosial şəbəkədə rastlaşdığımız müxalif fikir və trendlərin çoxu süni şəkildə yaradılırlar. Siz onları görür, səmimi sayır, təsiriniə düşürsünüz. Halbuki, hamısı süni xarakterlidir, bilərəkdən sizinlə manipulyasiya etmək məsədilə yaradılıb. Ona görə də, sosial şəbəkədə hər zaman sayıq olmaq lazımdır. Ora həm də bir növ informasiya müharibəsi meydanıdır. Heç də təsadüfi deyil ki, hazırda ABŞ ilə Çin arasında növbəti bir müharibə də qızışmaqdadrır. Sosial şəbəkələrdən birinin uğrunda.

Tik-Tok, mən gəldim

Birləşmiş Ştatların prezidenti Donald Tramp bəyan etdi ki, Çinin ByteDance şirkəti özünə məxsus olan Tik-Tok sosial şəbəkəsini sentyabrın 15-nə qədər Amerikanın Microsoft, yaxud, hər hansı başqa bir etibarlı İT şirkətinə satılmalıdır. Niyə? Çünki bu sosial şəbəkə artıq xeyli böyüyüb, demək, Amerikanın informasiya təhlkəsizliyinə hədə sayıla bilər. Bunu da Tramp dedi. Konkret olaraq, Ağ Ev hesab edir ki, Çin kəşfiyyatı orada paylaşılan videolar vasitəsilə məlumatlar toplayır.
Mənə maraqlı gələn həm də bilisinizmi, nədir? Bizim ölkədə bir dəstə liberal qərbyönümlü iqtisadçılar var. Onlar oturub-durub deyirlər ki, iqtisadiyyatın inkişaf etməsini istəyiriksə, sahibkarlara Qərbdəki kimi hüquqlar, imtiyazlar verməliyik. Azad rəqabət yaratmalıyıq, sahibkar əmin olmalıdır ki, sabah kimsə kefi istəyəndə onun biznesini əlindən ala bilməz. Buyurun, bu da sizə həmin o Qərb və onun azad rəqabəti! Görəndə ki, feysbuka ciddi rəqib yetişir, sadəcə olaraq, qabağını kəsib deyirlər: “Tök malını, get bəzirgan!”
Sual çıxır: Əgər amerikalı gənclərin mayallaq aşıb, videosunu Tik-Tokda paylaşmaları ABŞ-ın informasiya təhlükəsizliyinə hədədirsə, onda biz feysbuk, instagram və tvitterdə papağımızı günə yandırırıq ki! Bizim hər şeyimiz oradadır e.
Halbuki, Tik-Tok Çin şirkəti olsa da, serverləri Amerikadadır və oradan keçən informasiyalara ABŞ özünün qüdrətli elektron kəşfiyyatı ilə asanlıqla nəzarət edə bilir.
Tik-Tokun 2 yaşı var. Və keçən həftə orada Trampın Talse şəhərində baş tutacaq seçki mitinqinə qarşı bir flaşmob keçirildi, nəticədə mitinq uğursuz alındı. Bu, artıq yad, yəni öz nəzarətində olmayan platformanın Amerikanın siyasi həyatına müdaxiləsi demək idi. Hazırda Tok-Tokun dəyəri 50 milyard dollar qiymətləndirilir. Amma Amerika “Microsoft”un əli ilə bu məbləği ödəməyə hazırdır. Təki öz nəzarətində olmayan platforma onun daxili siyasətinə müdaxilə edə bilməsin... Nə demək istədiyim yəqin ki, aydındır.
Çin şirkəti Tik-Toku satacaqmı?! Dediklərinə görə, yox. Əgər satmasa, Trampın dediyi kimi, bu proqram ABŞ ərazisində bloklanacaqmı? Və diqqət, ilin sualı: əgər bloklansa, bu, söz və fikir azadlığını pozmaq sayılacaqmı?!
Ümumiyyətlə, bu ehtimalları qırağa qoyaq, nə olacağını zatən bir aya görəcəyik. İşin bu tərəfinə diqqət yetirək. “Ya sosial şəbəkə platformasını mənə sat, ya da mən öz ərazimdə onu bloklayacağam” demək söz və fikir azadlığı baxımından normaldırsa, məsələn, Türkiyə sosial şəbəkələrə nəzarətlə bağlı qanun qəbul edəndə, bu, niyə anormal olur ki?! Və yaxud, biz niyə oxşar qanunu gündəmə gətirməkdən çəkinməliyik ki? Bu hadisə növbəti dəfə göstədi ki, sosial şəbəkələrə nəzarət ermək nə qədər vacibdir...
Ona görə də, bu hadisələrdən hələ çox danışacağıq. Təki sağlıq olsun. Səbrli olun, fiziki və mənəvi sağlamlığınızı qoruyun. Onda hər şey yaxşı olacaq.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti