Koronavirus peyvəndinin sınaqları müsbət nəticələr verdi

 Koronavirus peyvəndinin sınaqları müsbət nəticələr verdi
  15 İyul 2020    Oxunub:3347
Oksford Universitetinin tədqiqatçılar qrupu, İngilis-İsveç dərman şirkəti olan “AstraZeneca”nın köməyi ilə hazırladıqları koronavirus peyvəndinin sınaqlarının ilk müsbət nəticələrini alıblar.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın İTV telekanalı məlumat yayıb.

Məlumata görə, mütəxəssislər peyvəndin immuniteti gücləndirdiyinə əmindirlər və daha ətraflı informasiyalar "Lancet" tibb jurnalında yayımlanacaq.

"Bu vəziyyətdə immunitet sisteminin reaksiyası həm antitellərin, həm də T hüceyrələri (limfositlər) ilə əlaqələndirilir. İndi bütün diqqət antitellərə yönəlib, lakin T hüceyrələrinin reaksiyasının koronavirusdan qorunmaq üçün vacib olduğuna dair getdikcə daha çox sübut var", - tədqiqatda iştirak edənlərdən biri deyib.

Eyni zamanda, peyvəndin effektivliyi yalnız Braziliyada davam edən üçüncü, son sınaq mərhələsi nəticəsində müəyyən edilə bilər.

Xatırladaq ki, Britaniyada peyvəndin klinik sınaqlarının ikinci mərhələsi 56 -69 yaşlarında, 70 yaşdan yuxarı vətəndaşlar və 5-12 yaşlı uşaqlar olan 10 mindən çox könüllünün iştirakı ilə başlanıb. İlk mərhələdə sınaqlar 18-dən 55 yaşa qədər mindən çox könüllünü əhatə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Braziliya  





Xəbər lenti