“Ermənistanın addımları qəti şəkildə pislənilməlidir” - Prezidentin köməkçisi

  15 İyul 2020    Oxunub : 3672
“Ermənistanın addımları qəti şəkildə pislənilməlidir” -   Prezidentin köməkçisi
Ermənistan tərəfi bu təxribatı öncədən və məqsədyönlü şəkildə hazırlayıb. Belə ki, hadisələrdən öncə ərazidə çox sayda erməni ordusunun rəhbər heyəti və canlı qüvvələri cəmləşdirilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlarla bağlı Avropanın nüfuzlu xəbər portalı olan euractiv.com-a müsahibəsində deyib.

O bildirib ki, erməni tərəfi Azərbaycan Ordusunun bir hərbi maşınla hücum cəhdi etdiyini iddia edir: “Bu, məntiqsizdir. Reallıq isə budur ki, Ermənistan tərəfi artilleriyadan istifadə etməklə Azərbaycana qarşı növbəti məqsədyönlü təcavüz aktını həyata keçirir. Bütün bunları etməkdə Ermənistanın məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarını azad etməməkdir. Həmçinin, bu kimi təxribatlarla onlar diqqəti daxili ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq və üzvləri olduğu siyasi-hərbi təşkilatları prosesə cəlb etmək istəyirlər. Lakin hamı prosesi yaxşı başa düşür və onlara inanan yoxdur”.

H.Hacıyev qeyd edib ki, Ermənistan ilə sərhədin bir hissəsinə nəzarət üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cəlb olunub. Ermənistan isə əksinə bu zonada öz hərbi qüvvələrinin sayını artırır və bu kimi hərbi təxribatlara yol verir. Xüsusilə vurğulanıb ki, Ermənistan tərəfi bu ərazilərdə Azərbaycanın mülki əhalisinin yaşadığı kəndləri məqsədyönlü şəkildə hədəf alır və bununla da beynəlxalq humanitar hüququ, eləcə də müvafiq Cenevrə konvensiyalarını kobud şəkildə pozur.

H.Haciyev 76 yaşlı mülki sakinin Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi faktını qeyd edib.

PA rəsmisi bütün dünyanın COVID-19 ilə mübarizə apardığı bir şəraitdə Ermənistanın əvvəlcə BMT Baş katibinin qlobal sülh çağırışına qoşulmasını, daha sonra isə Azərbaycana qarşı növbəti hərbi təcavüz aktı həyata keçirməsini onların əsl mahiyyətinin – riyakarlıqlarını üzə çıxarmış olduğunu deyib.

“Ermənistan daxilində COVID-19 ilə bağlı gərgin bir vəziyyət hökm sürür və bu ölkənin rəhbərliyi belə təxribatlara əl atmaqla diqqəti sözügedən problemdən və onun nəticəsində daha da qəlizləşmiş sosial-iqtisadi vəziyyətdən yayındırmağa cəhd edir”.

Avropa İttifaqının bu prosesdə roluna toxunan H.Hacıyev qeyd edib, Avropa İttifaqı və onun üzv dövlətləri vəziyyəti yaxşı başa düşürlər.

“Azərbaycan öz növbəsində bu proseslərlə bağlı Aİ-ni məlumatlandırır. Azərbaycan Avropa İttifaqından aqressor ölkə ilə aqressiyaya məruz qalmış ölkə arasında fərq qoymasını gözləyir. Belə ki, Ermənistanın addımları beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən qəti şəkildə pislənilməlidir. Əks halda, Ermənistanın cəzasız qalması rəsmi İrəvanı yeni hərbi təxribatlara həvəsləndirəcək. Azərbaycan ümid edir ki, Aİ Ermənistanın işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni fəaliyyətinə, o cümlədən qeyri-qanuni məskunlaşma siyasətinə hüquqi qiymət verəcəkdir”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Avropaİttifaqı