AzVision: Həftənin REAL təhlili (5 iyul) VİDEO

      AzVision:    Həftənin REAL təhlili  (5 iyul)  –    VİDEO
  06 İyul 2020    Oxunub:30393
Ötən həftənin əsas hadisələrinin təhlilini REAL TV-də efirə gedən AzVision verilişindən izləyə bilərsiniz.
Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.



Bu həftə Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentləri arasında çox mühüm mövzulara həsr olunan bir videokonfrans keçirildi. Nə idi həmin mövzuları mühüm edən?
Əvvəla, Lapis Lazuli dəhlizinin bir az da böyüdülməsi və imkanlarının artırılması. Ad bir qədər yeni görünə bilər, amma əslində bizə lap çoxdan tanışdır. Hələ əsrlər əvvəl bu marşrutla daşınan lacivərd indiki Əfqanıstanın Bədəxşan vilayətindən Azərbaycana, buradan Yaxın Şərqə, hətta Avropaya aparılırdı. İpək yolunin daxilində qiymətli daşların, klassik dillə desək, ləl-cavahiratın daşındığı bir Lacivərd Yolu idi bu. Füzulini xatırlasaq, poeziyamızın peyğəmbəri
“Gər qarə daşı qızıl qan ilə rəngin edəsən,
Təbbə təğyiri verib, ləli-bədəxşan olmaz”
deyəndə, həmin bu yol ilə Bədəxşandan gətirilən lacivərdi nəzərdə tuturdu. Bu həftə 3 ölkənin prezidenti qərara gəldilər ki, Şərq-Qərb dəhlizinin halqalarından olan Lacivərd Yolu bir qədər də böyüməlidir.
***
...Fikir verdinizmi cənab Qani cənab İlham Əliyevə söz verərkən, necə dedi? Təkrarlayıram: “Sizi müdrikliyinizi və proqramlarınızı bizimlə bölüşməyə dəvət edim”. Onun belə deməsi heç də təsadüfi deyil. Çünki vaxtilə İlham Əliyevin həqiqi müdrikliklə və gələcəyə hədəflənmiş uzunmüddətli proqramlarla gördüyü işlər olmasaydı, bu gün bütün bu layihələrin müzakirəsi də mümkün deyildi. Yalnız Azərbaycanın son illərdə bir nəqliyyat qovşağı kimi böyüyüb güclənməsi tərəfdaşlarımıza şans yaradır ki, bizim imkanlara arxayın olub, yeni layihələr həyata keçirmək haqqında planlar qursunlar. Bu gün masanın üstünə qoyulan regional miqyaslı layihələrin hamısının dayandığı məhək daşı Azərbaycanın son illərdə yaratdığı infrastruktur, qurduğu logistikadır.
***
Dünya xəritəsi təkcə bir qatdan ibarət deyil. Və ölkələrin boyu, çəkisi, nüfuzu xəritədən-xəritəyə dəyişir. Azərbaycan dünyanın fiziki xəritəsində balaca ölkədir. Amma tutaq ki, nəqliyyat xəritəsində olan ölçü və çəkisi fiziki xəritədəkindən qat-qat çoxdur. Azərbaycan hökuməti ölkənin bir xəritədəki coğrafi mövqeyini digər xəritələrdəki siyasi və iqtisadi mövqeyə konvertasiya etmək xəttini seçib və getdikcə bu istiqamətdə strateji məzənnəni yüksəldir. Bunun isə həm iqisadi, həm də siyasi və geosiyasi faydaları var. İqtisadi faydasından danışsaq, bu gün pandemiyaya yoluxub, yatağa düşməyən sahələr çox azdır. Dünya iqtisadiyyatınnın əksər sektorları tənəzzüldə olduğu halda, nəqliyyat inkişaf edir, yük daşınmaları artır. Düzdür, neft, yanacaq məhsulları, elektronika kimi malların daşınması azalıb, amma əvəzində tibbi avadanlıq, maska və dərmanların, gübrələrin, tikinti məhsullarının daşınması çoxalıb. Məsələn, bu ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə daşınan yük keçən ilin uyğun dövrü ilə müqayisədə 28 faiz çoxdur. Pandemiya yüklərin ənənəvi daşınma sxeminə də təsir göstərib: avtomobil daşınmaları azaldığı halda, qatarların yükü artıb. Azərbaycanın son illərdə aktiv inkişaf etdirdiyi dəmir yolları nəqliyyatın əsas sektoruna, prezident Qanininin təbirilə desək, xilasına çevrilib. Bu da anlaşılandır: yüzlərlə yük maşını yüzlərlə sürücü deməkdir. Onların test edilməsi, sərhəddən keçmə, getdikləri ökələrdə davranış protokolları və sair və ilaxır problemlər var ki, bunlar üst-üstə yığılanda ciddi əngələ çevrilir. Dəmiryolu isə bu nöqsanlardan xali olduğundan, hazırda dünya nəqliyyatının yükünün böyük hissəsini sözün hərfi mənasında öz çiynində daşıyır.
***
İşin miqyasına fikir verin: Azərbaycanın gördüyü işlər Avropa İttifaqı ilə Qoşulmama Hərəkatı arasında praktiki əməkdaşlıq üçün ilk addım ola bilər. Bunun nə demək olduğunu tam dəyəri ilə açıqlamaq asan deyil. Söhbət dünyanın qiymətdə ağır, vəzndə heç də yünğül olmayan bir təşkilatı ilə vəzndə ağır, qiymətdə heç də yüngül olmayan birliyinin arasında indiyə qədər mümkün olmamış işbirliyinin yaradılmasından gedir. Bu əməkdaşlığa vaxtaşırı çox cəhdlər edilib. Və əgər o, mümkün olacaqsa – necə ki, artıq bütün əlamətləri ortadadır,- yazın gələcəkdə diplomatiya tarixi kitablarında ayrıca fəsillə təsvir edilməyə layiq bir hadisədir. Bu, o deməkdir ki, Azərbaycanın həyata keçirdiyi işlər əslində regional miqyası da aşıb. Bu gün dünyanın siyasi xəritəsində də Azərbaycanın boyu və çəkisi fiziki xəritədə olduğundan qat-qat böyükdür. Şərti olaraq dünyanın bir informasiya xəritəsinin də mövcudluğunu qəbul etsək, orada da Azərbaycan sürətlə böyüyən bir dövlətdir. Üç ölkə başçısının bu həftə keçirdiyi videokonfransda həmin məsələyə də toxunuldu.
Bu layihənin reallaşması Şərqlə Qərb arasında çox nəhəng bir informasiya magistralının işə salınması deməkdir. Həmin layihəyə boşuna “Rəqəmsal İpək yolu” demirlər. Əgər çəkilən fiziki yollar Azərbaycanı nəqliyyat qovşağına çeviribsə, Transxəzər Fiber-Optik Kabel Xətti də ölkəmizi regionun internet qovşağı, informasiya, daha dəqiq desək, rəqəmli kontent qovşağı edəcək. Bu dəhliz Avropa ilə Uzaq Şərq arasında internet kontentinin Azərbaycan vasitəsilə daşınması demək olacaq. Bizim elektron informasiyaya çıxışımız şaxələnəcək, asılılığımız azalacaq. Müqayisə bir az qüsurlu ola bilər, amma ölkənin eneri təhlükəsizliyi üçün TANAP xətti nədirsə, informasiya təhlükəsizli baxımından Transxəzər Fiber-Optik Kabel Xətti də təxminən o olacaq.
Bunun nə qədər önəmli olduğunu biz, o cümlədən də, pandemiya vaxtı gördük: Dünyada internet-trafik təxminən 45-50 faiz artaraq, bir çox provayderləri çətin vəziyyətə salmışdı. Çünki yüz milyonlarla insan videozənglər edir, görüşlər keçirir, onlayn filmlərə baxırsa, bu, internet kanallarının xeyli yüklənməsi deməkdir. İş o yerə çatmışdı ki, YouTube başda olmaqla hostinq, Netflix öndə gəlməklə striming şirkətləri videoların keyfiyyətini bilərəkdən aşağı salırdılar. Avropa Birliyi rəsmən “Netflix”dən xahiş etmişdi ki, videoları HD formatda göstərmək vacib deyil, əsas odur ki, hamıya internet çatsın. Cavabında Netflix striminqin həcmini 25 faiz azaltmışdı. YouTube Avropa üçün HD videoları bir aylıq ləğv etdi və standart keyfiyyətə keçdi.
Yəni pandemiya təcrübəsi göstərdi ki, informasiya texnologiyalarının ən yüksək inkişaf səviyyəsində olduğu Avropa kimi yerdə belə, internetin ötürücülük qabiliyyəti tükənə bilər. Yəni “Rəqəmsal İpək Yolu” internet-magistralının yaradılmasına investisiya qoymaq hazırda strateji əhəmiyyət daşıyır. Çünki dünya artıq onlayn iqtisadiyyata doğru sıçrayış edib və Pandemiya bitəndən sonra da bəzi sahələr onlayn formatda qalacaq, demək, internet trafik artmaqda davam edəcək. Demək, bu layihə ən yaxın gələcəkdə Azərbaycanın həm gəlirlərini, həm də strateji önəmini artıran daha bir ciddi amilə çevriləcək.
Ümumyyətlə, peşəkar idarəçilik həmişə bir neçə addım sonranı görmək, olanlara yox, olacaqlara reaksiya verməkdir. Liderləri başqalarından fərqləndirən cəhət budur. Bu həftə Azərbaycan prezidentinin keçirdiyi daha bir videogörüş də gələcəyə hədəflənmişdi. Dövlət başçımızın Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə söhbətində postpandemiya dövründə Azərbaycan turizminin necə dirçəldilməsi müzakirə olundu. Bu gün dünyada turizminin ümumi itkilərinin həcmi artıq təxminən 1,5 trilyon dollara çatıb. Üstəlik, hətta pandemiya bitəndən sonra da, aydındır ki, turizmdə bir sıra məhdudiyyətlər qalmaqda davam edəcək. İnsanlar hələ vaksin taplana qədər öz səyahətlərində, əyləncələrində, istirahətlərində virus amilini nəzərə alacaqlar. Nəticədə, illərdir qayğı göstərilən, inkişafı üçün ciddi işlər görülən turizm sahəsi tənəzzül təhlükəsilə üzləşib. Amma belə olmaması üçün Azərbaycan hökuməti çox kəsərli addımlar atır. Hər şeydən əvvəl, Dünya Turizm Təşkilatının baş katibi ilə videosöhbətində prezident İlham Əliyev göstərdi ki, ilk növbədə, yenə də onu insan amili – yəni bu sahədə çalışan şəxslərin işsiz qalmaması, dolanışıqları maraqlandırır.
İkincisi, Azərbaycan son illərdə turizmə böyük qüvvə sərf edib, yatırım qoyub, inftrastruktur, kadr potensialı yaradılıb. Dünyanın nəhəng otel brendləri ölkəmizə cəlb olunublar. Nəticədə, hər il ölkəmiz turizmdən təxminən 1,5-2 milyard dollar gəlir götürürdü. Ona görə də, bu sahəni mütləq qorumaq, yaradılmış potensialı və toplanmış təcrübəni saxlamaq lazımdır. Bu səbəbdən, dövlət başçımız artıq sonrakı mərhələni fikirləşərək, sualı belə qoyur ki, postpandemiya dövründə turizmi necə bərpa eləmək olar? Təbii ki, bunun üçün detallı plan olmalı və mütəxəsislərin fikirləri öyrənilməlidir. Dünya Turizm Təşkilatı bununla bağlı tədbirlər planı hazırlayıb. Azərbaycan da o plandan faydalanmaq, postpandemiya dövründə turizmin bərpası prosesində öz yerini vaxtında tutmaq istəyir. Bu, belə deyək, qabaqlayıcı bir addımdır. Pandemiyadan sonra turizm mərhələlərlə, tədricən bərpa olunacaq. Güman ki, əvvəlcə daxili turizm inkişafa başlayacaq. Beynəlxalq turizmin əvvəlcə pandemiya nöqteyi-nəzərindən daha təhlükəsiz istiqamətləri işini bərpa edəcək. Həmin mərhələdə dalğanı tutmaq şanslarını qaçırmamaq üçün Azərbaycan bu sahənin beynəlxalq səviyyəli peşəkarlarının məsləhətlərindən faydalanacaq.
***
Dövlət başçısı xüsusilə vurğuladı ki, hazırda səhvə yol verməmək lazımdır. Bəli, turizm biznesi çox incə işdir. Bu sahə bərpa olunmağa başlayanda sənayenin yeni iştirakçıları – o cümlədən də Azərbaycan,- indiyə qədər keçilən yolu təzədən bir də sürətlə və səhvsiz keçməlidirlər ki, qaldığımız yerdən davam edək. Və aparılan hazırlıq işlərindən belə görünür ki, Azərbaycan Dünya Turizm Təşkilatının imkanlarından da istifadə etməklə, bunu bacaracaq.
Bəli, peşəkar idarəçilik hər zaman gələcəyə hədəflənmək, gözlənilən və gözlənilməyən, proqnozlaşdırılan və proqnoza yatmayan hər birşeyi nəzərə almaq deməkdir. Azərbaycan peşəkar idarə olunur. Məhz ona görə bəzi istiqamətlərdə həttta pis ssenarilər reallaşanda belə, vəziyyət nəzarətdən çıxmır, uğurla yönəldilir. Fərqi yoxdur, bu pis ssenarilər cəmiyyətdə qarşımıza çıxır, yoxsa təbiətdə. Məsələn, təbitdə üzləşdiyimiz pis ssenari Kürdə suyun səviyyəsinin kəskin şəkildə düşməsidir. Bizim əsrlərlə Ana Kür, Dəli Kür dediyimiz o şıltaq çay bu gün sanki yatağındakı xəstəyə bənzəyir. Çox kədərli mənzərədir. Əgər Azərbaycan hökumti buna hazır olmasa, o deməkdir ki, susuz və meyvə-tərəvəzsiz qalacağıq. Bəs Azərbaycan hökuməti buna hazır idimi?! Bu haqda ölkənin su təsərrüfatını idarə edən iki vacib qurumun səlahiyyətli şəxslərilə söhbətləşmişik.
***
Bəşəriyyətin koronavirusla qaçdı-qovdu, çilingağac, çövkan oyunu davam edir. Oyun o qədər mürəkkəb xarakter alıb ki, artıq ona ad da qoymaq olmur. Bu həftə bir neçə ölkədə vəziyyət yenidən xeyli kəskinləşdi. Onlardan bəziləri karantini təzədən sərtləşdirdilər, bəziləri hələ yox. Amerikada vəziyyət xüsusilə ağırdır. Gündəlik yoluxma antirekordları muncuq kimi sapa düzülür. Məsələn, dünən – Ölkənin müstəqillik günündə 57.500 adam yoluxub. 16 ştatda gündəlik yoluxma sayı pik həddədir.
Rusiyada həmçinin, yoluxanlar sürətlə çoxalır və ölkə artıq xəstələrin sayına görə dünya üzrə 11-ci yerə qalxıb. Karantinin yumşaldıldığını nəzərə alsaq, yəqin, tezliklə ilk onluğa da düşəcək.
Braziliya, Hindistan, İspaniya, İsrail... hansından danışasan?
Azərbaycanda gündəlik yoluxma və ölüm sayı sabitləşsə də, ümumi dinamikada ürəkaçan heç nə yoxdur.
Belə bir vəziyyətdə ortaya son dərəcə vacib sual çıxır: Niyə? Dünya artıq 7 aydır ki, bu virusla tanışdır. Lap belə dünyadan ən bixəbər adamlar da ən azı 3-4 aydır hər gün koronavirus haqqında məlumat eşidirlər. Getdiyimiz hər yerdə koronovirusdan necə qorunmaq barədə təlimatla rastlaşırıq. Evdə, işdə, nəqliyyatda, küçədə... İnsafən, cəzalar sərtləşəndən sonra rastlaşdığımız adamların da demək olar ki, hamısı maska taxır.
Bəs niyə, niyə bütün bunlara baxmayaraq, yoluxma sayı azalmır?
Bu yoldaşın adı Şankar Kuradedir. O, Hindistanın Maxaraştra ştatında yaşayır. Taxdığı maska isə qızıldandır. Yerli mediaya açıqlamasında deyib ki, qızılı və qızıldan zinət əşyaları taxmağı sevir; bir gün küçəyə çıxanda gümüş maska taxmış bir adam, yaxud, ali primat görüb. Düşünüb ki, əgər belədirsə, niyə daha ali primat kimi görünmək üçün özü qızıl maska taxmasın? Və gedib düzəltdirib. Maskanın çəkisi yarım kilodur və sahibinə təxminən 3900 dollara başa gəlib.
Necə deyərlər, varlığa nə darlıq? Amma bu əhvalat mənə çox simvolik gəldi. Sanki, “niyə hamı hər şeyi bildiyi halda, virusa qalib gəlməyi bacarmırıq” sualının cavabı burada gizlənib. Çünki maskamız qzıldandır. Biz onu göstərmək üçün taxırıq, nəticə üçün yox. Və bu “qızıl maska” sindromu bizim virusla mübarizəmizə çox ciddi şəkildə mane olur.
Şankar öz qızıl maskası ilə qanunun tələbini yerinə yetirmiş olur. Polis ona heç bir söz deyə bilməz. Amma virsun qarşısını alırmı? Yox. Çünki o, nəfəs ala bilmək üçün maskada xırda deşiklər açdırıb. Virus isə milçək deyil ki, deşikdən keçə bilməsin. Formal olaraq, adam maska taxıb, amma nə olsun? Maska taxa-taxa da başqalarını yoluxdurmaq mümkün olduğu kimi, maska taxmadan yoluxdurmamaq da mümkündür. Artıq bu məsələyə baxış bucağımız dəyişməlidir. “Dərviş qaşığı” fəlsəfəsinə keçmək vaxtıdır. Təhlükəsizlik tədbirlərini “mən yoluxa bilərəm” deyil, “mən yoluxdura bilərəm” məntqilə görməliyik. Bəlkə yalnız bu halda yoluxma dinamikasındakı artım dayanar. Sürücülük qaydalarında belə bir müddəa var: Əgər sən əsas, yoxsa, ikinci dərəcəli yolda olduğunu dəqiq bilmirsənsə, özünü ikinci dərəcəli yolda hesab eləməlisən. Bu məntiqi virusla mübarizəyə tətbiq etməliyik. Əgər sən yoluxub-yoluxmadığını bilmirsənsə, özünü yoluxmuş və virus daşıyıcısı hesab edərək, buna uyğun davranmalısan. Bəlkə yalnız bu halda, yəni “yoluxmayaq” prinsipindən “yoluxdurmayaq” prinsipinə keçsək, bu savaşın gedişatı dəyişər. Əks halda, təcrübə göstərir ki, bizim bütün ehtiyat tədbirlərimiz “qızıl maska” taxmaqdan başqa bir şey olmur. Yəni biz nəyisə göstərmək üçün edirik, nəticə almaq üçün yox. Nəticə almalı olduğumuz istiqamətlərdə isə göstərmək üçün taxdığımız qızıl maskamızdakı deşiklər ciddi əngəl törədir. Bunlar hansı istiqamətlərdir?
Harvard universitetinin epidemioloqu Tobias Kurt Almaniyadakı vəziyyətin niyə başqaları ilə nisbətdə daha yaxşı olmasını izah edərkən deyib ki, çox nadir halda bir neçə alman ailəsi bir evdə yaşayır. Xüsusilə də qocalar çox vaxt övladlarından ayrı qalırlar. Məhz bu sosial-mədəni xüsusiyyət almanların virusla mübarizəsində onlara ciddi kömək olub.
Bizdə tam əksinədir – bir evdə iki, hətta üç ailənin yaşaması, qocaların övladları ilə bir yerdə qalmaları adi haldır. Hələ bir neçə ailənin ev tikib, yaşadığı ümumi həyətyanı sahələrdən danışmırıq. Bu, pisdir, yaxşıdir – orasına toxunmaq istəmirəm, amma indiki halda belə görünür ki, yoluxmalar aildaxili, qohumlararası əlaqələr zəncirilə gedir. Bu, elə bir sahədir ki, dövlətin ora nəzarət və müdaxilə eləmək imkanı yoxdur. Bizdən nəqliyyatda, dükanda maska taxmağı tələb və buna nəzarət edirlər, insafən, biz də artıq hamımız taxırıq. Amma heç bir polis nəzarət edə bilməz ki, həyətə çıxan gənc evə qayıdıb, yaşlı babasını yoluxdurdumu? Bu, dövlətin əlinin girmədiyi bir yerdir. Bakıda minlərlə bina var və heç kim onların həyətindəki adamları, oynayan uşaqları evlərinə qovmur. Minlərlə ailə kirayə bağ evi tutaraq, çox vaxt qohumları ilə birlikdə qalır. Rayon yerlərindəki həyətləri, orada yaşayan insanların qonşularla sərbəst ünsiyyətini də bura əlavə edin və sizə aydın olacaq ki, bizim qızıl maskamızın deşikləri haradadır. Və nəyə görə evdə qalsaq da, çölə çıxanda maska taxsaq da, spirtlənsək də, yoluxma sayı azalmır ki, azalmır sualının cavabı da aydınlaşacaq.
Artıq dünya epidemioloqlarının fikri birmənalı şəkildə bu istiqamətə yönəlir ki, böyük ehtimalla, yaxın 1-2 ildə, ən azı, 1 il bu virusla yanaşı yaşamalı olacağıq. Buradan çox vacib nəticələr çıxarmaq lazımdır. Bir il evə qapanmaq olmaz. Biz yoluxmadan yaşamağı öyrənməliyik, ayrı yolumuz yoxdur. Bir növ sosial robinzonlara çevrilməliyik. İnsan dənizində özümüzə kimsəsiz adalar yaratmalıyıq. Sosial qismən təcrid protokolları qəbul edib, onlara uyğun yaşamalıyıq. Qəbul etməliyik ki, toysuz da evlənmək, vəfat edən şəxsləri yas məclisi keçirmədən də yola salmaq olar. Buna necə istəyirsinizsə, yanaşaq; belə təsəvvür edək ki, vaksin tapılana qədər hamımız bir növ robinzonlarıq. Yadınızdadırmı, “Həyat gözəldir” filmində Robert Benyini balaca uşağına konuslagerin dəhşətli rejimini necə bir oyun kimi izah edirdi? Bu filmə baxmayan varsa, xahiş edirəm, karantindən istifadə edib, mütləq baxsın. Onda görəcəksiniz ki, insan hətta ən çətin vəziyyətlərdən də çıxış yolu tapmağa qadirdir. Lazımdırsa bir il, lap iki il yeni ictimai protokollarla yaşayaq. Buna görə heç kim inciməz. Əvəzində, illər sonra övladlarımıza danışmağa maraqlı əhvalatlarımız olacaq ki, “o vaxtlar hamı saldığı pulları geri yığmaq üçün toy edərdi, amma sən karantin günlərinin toysuz sevgisindən yoğrulmusan, mənim balam”.
***
Hazırda koronavirus pandemiyasına görə ən ağır vəziyyətlərdən biri Ermənistandadır. Orada artıq virus səbəbindən ölənlərin sayı 477 nəfərə çatıb ki, hər milyon nəfərə görə ölüm sayını götürəndə, bu, dünyada ən pis göstəricilərdən biridir. Amma əgər dirilər Paşinyan hakimiyyətinin bütövlükdə ölkəni, o cümlədən, də, səhiyyəni bərabad günə qoymasının əziyyətini çəkirlərsə, maraqlıdır ki, artıq öləndən sonra da canları Paşinyandan qurtarmır. Çünki vəzifəsi onların ruhlarını sakitləşdirmək olan Erməni apostol kilsəsinin də başı hazırda Paşinyanla mübarizəyə qarışıb.
Ermənistanda kilsə ilə hökumət arasındakı münasibətlər heç vaxt indiki qədər gərgin olmamışdı. Əvvəlki rejimin bütün sahələrdəki dayaqlarını zəiflətmək üçün ölkədə total “əcinnə ovu” aparan Paşinyan din xadimlərini də həmin əcinnələrin sırasında görür. Buna görə, hazırda kilsənin siyasi və iqtisadi dayaqlarının zəiflədilməsi üçün hökumət ciddi hücuma keçərək, ib. Hakimiyyət çalışır ki, Kilsənin siyasi-ictimai proseslərə qarışmaq imkanlarını məhdudlaşdırsın, kilsə çalışır ki, Paşinyanı Kanossaya gəlməyə məcbur eləsin. Paşinyanı qəbul etməyən imkanlı şəxslərin kilsəyə dəstək verməsi vəziyyəti daha da gərginləşdirir. Erməni ruhaniyyatının mərkəzi olan Eçmiədzin, daha dəqiqi, tarxi adı ilə desək, Üç Müəzzin şəhərinə ateist Diana Qasparyanın mer seçdirilməsi isə kilsəni daha da qəzəbləndirib.
Bu prosesin nə ilə yekunlaşacağını indidən demək çətindir. Tərəflərin hər birinin o birinə dov gəlmək şansı hələ qalır. Amma bütün hallarda istənilən sonluq ciddi şəkildə ermənilərin ziyanına olacaq. Çünki kilsə qalib gələrsə, ölkədə siyasi böhran dərinləşəcək. Hökumət qalib gələrsə... unutmaq olmaz ki, Ermənistanda Kilsə təkcə kilsə deyil. O, həm də erməni xalqını formalaşdıran, təşkilatlandıran, vahid hədəflərə yönəldən ciddi siyasi-ictimai-mənəvi bir mərkəzdir. Onun dayaqlarının sarsıdılması Paşinyanın hakimiyyətini müvəqqəti olaraq möhkəmləndirəcəksə də, bütövlükdə erməniliyə gələcək baxımından öldürücü zərbə olacaq.
Beləliklə, bu gün ermənilər dünyada yeganə xalqdırlar ki, təkcə cismləri deyil, həm də ruhları ölümcül təhlükə ilə üzləşib. Və belə görünür ki, ikisini də eyni vaxtda xilas edə bilməyəcəklər.
Belə. Geridə qoyduğumuz həftənin hadisələri haqqında bu qədər. Hamımıza koronovirusla mübarizədə uğurlar arzulayıram. Yoluxmuşuqsa, qalib gələk, yoluxmamışıqsa qorunaq və hər iki halda möhkəm olaq. Sağ olun.





Teqlər: AzVision   Real-TV  





Xəbər lenti