Subbakalavrların ərizə qəbulu davam edir

Subbakalavrların ərizə qəbulu davam edir
  11 İyun 2020    Oxunub:2796
Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır.

Subbakalavrlar internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 11:55-ə olan məlumata görə, 7379 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Xatırladaq ki, subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra subbakalavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Azvision.az


Teqlər: Ərizə   Qəbul   İmtahan   DİM  





Xəbər lenti