İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlandı

İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlandı
  06 İyun 2020    Oxunub:3391
“Azəriqaz” İstehsalat Birliyi Suraxanı və Abşeron rayonlarında işbazların əməllərini üzə çıxarıb.
"Azəriqaz"dan Azvision.az -a verilən məlumata görə, Abşeron rayonunda Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 1 a ünvanında yerləşən “R+R” Mənzil Tikinti Kooperativinin (MTK) inşa etdiyi binada qazdan qanunsuz istifadə edən mənzillər aşkarlanıb. "Bina 2 blok, 66 mənzildən ibarətdir. 55 mənzildə yaşayış mövcuddur. Həmin binanın yalnız 31 mənzilində qaz sayğacı quraşdırılaraq qeydə alınıb, abonent kodu təyin edilib. Digərlərinə isə qaz açılışı ilə bağlı hər hansı rəy verilməyib. Bu vəziyyətdən istifadə edən bəzi sakinlər kimlərinsə vasitəçiliyi ilə müxtəlif yollarla qaz xətlərinə müdaxilə edərək qanunsuz qoşmalar aparıb. İki fakt binanın fasadından aydın göründüyü üçün tam təsdiqini tapıb. Daha 10-a yaxın mənzildə də belə halların mövcudluğuna dair ciddi əsaslar var. Karantin rejimini əsas gətirərək sakinlərin mənzil baxışına şərait yaratmaması da binada çox sayda qanunsuz qoşulmanın olduğunu deməyə əsas verir",- qurumdan bildirilib.

“Azəriqaz” İstehsalat Birliyi ünvanı qeyd edilən bina sakinlərindən xahiş edir ki, MTK nəzarətçisi (komendant) ilə əlaqə saxlayıb, mənzillərində qanunsuz qoşulma varsa, həmin xəttin ləğvinə şərait yaratsınlar. Əks halda bu cür vəziyyət təkcə həmin ailə üçün deyil, bütün bina sakinləri üçün təsəvvür edilməyəcək dərəcədə qəzalı durum yarada bilər.

"Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində isə qanunsuz şəkildə qaz xətti çəkilərək 4 fərdi yaşayış evinə qaz verilib. Dövlət Neft Şirkətinə məxsus pay hasilat torpaqlarının ərazisindən qaz xətti çəkilməsi qadağan olunduğu halda, bu işi podratçı təşkilatlardan biri icra edib və nəticədə vətəndaşlar aldadılıb. Başqa yerlərdə layihə əsasında quraşdırılmalı sayğaclar gətirilərək bu ərazidə yaşayan vətəndaşların istifadəsinə verilib. Qeyd edək ki, bu cür ərazilərdə daşıyıcı qaz xətləri yaşayış evinin yaxınlığından keçdiyi halda həmin evə qaz verilişinə icazə verilə bilər.

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları aldanmış vətəndaşlara vəziyyyəti yerində izah etməklə qaz təchizatını dayandırıb və sayğacları açaraq götürüb. Lakin onu da qeyd edək ki, baş verənlərdə heç bir günahı olmayan aldadılan insanlara hansısa güzəştlərin edilməsi üçün Birliyin rəhbərliyi müvafiq işlərin görülməsinə çalışacaq",- qurumdan bildirilib.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti