İsanın həyatının 17 gizli ili – ARAŞDIRMA
Görəsən, insanlar bu qədər qədim tarixə, saysız tərəfdarlara malik İsa haqqında nə bilirlər? Cavab ürəkaçan deyil. Hətta, illərlə çalışan xristian tədqiqatçıları onun doğum tarixi (ehtimallara görə, e.ə. 8-ci illə e.ə. 4-cü il arasına, dekabr-yanvar aylarına təsadüf edir), doğum yeri (Vefleem yoxasa, Nazaret), atasının kimliyi (Yusif ata, yoxsa atalıqdırmı) və digər detallar barədə hələ də ümumi fikrə gələ bilməyiblər.
Hətta, İsanın həyatı boyu təbliğ etdiyi, uğrunda çarmıxa çəkildiyi əqidəsi də zaman-zaman tədqiqatçıların mübahisə obyekti olub. Bu gün 400-dən çox şaxəyə bölünən xristianlıq hər bir variantda ayrıca bir din təsiri bağışlayır. Amma bu, elə də böyük dərd deyil. Çünki, onların ümumi tərəfləri də az deyil. Lakin İsa Məsihin həyatını və xristianlığı araşdırırkən rastlaşdığımız faktlar müasir Xristianlıqla İsanın öz zamanında yaydığı təlim arasında dərin fərqlər olduğunu meydana qoyur. Sanballı bir kitaba mövzu ola biləcək həmin faktlardan kiçik, amma vacib bir qismini sizin müzakirənizə veririk.
Bakirə qızdan doğulan Məsih kimdir?
Sadaladığımız mübahisəli detallardan bəzilərini dəqiqləşdirməyin əhəmiyyətsiz olması fikri ilə yəqin, siz də razılaşarsınız: məsələn, doğum tarixi və yeri. Bu, o qədər də önəmli sayılmamalıdır. Yusifin (İosifin) İsanın atası və ya atalığı olması barədə də eyni sözü demək olar. Hərçənd, xristianlar İsanın anası Məryəmin məhz Müqəddəs Ruhdan hamilə qalması fikrinə xüsusi önəm verirlər. Mattanın İncilində bu məqam xüsusi qabardılıb: “İsanın doğuluşu belə oldu: anası Məryəm Yusiflə nişanlanmış olduğu halda, nikah kəsdirməzdən əvvəl onun Müqəddəs Ruhdan hamilə olması üzə çıxdı... bütün bunlar Tanrının öz peyğəmbəri vasitəsi ilə xəbər verdiyi: “Həmin bakirə qız öz bətninə Oğul qəbul edəcək və doğacaq, Adını isə Emmanuil qoyacaq”-sözlərinin həyata keçməsi üçün idi. Bu isə Tanrı bizimlədir deməkdir” (Matta 1:18-23).
Matfeyin (Mattanın) xatırlatdığı öncəgörüm Tövrata aid 5 kitabdan biri olan “İsayanın kitabı”nın 54-cü bölməsindədir. Qərb mütəxəssislərindən Raymond Braunun da qeyd etdiyi kimi: “Matfeyin (Mattanın - C.B.) qayğısı, Məryəmin bakirəliyini vurğulamaqla İsayanın öncəgörümündə bəhs edilən, Davudun nəslindən olan, yəhudilərin xilaskarı Məsihin məhz İsa olduğunu göstərməkdir”. Yəhudilər hələ də, bu iddianı qəbul etmirlər. Onlar Tövratda bəhs edilən Məsihin gəlişini gələcəyə aid edirlər.
Elmi dəlillər İsanın doğulduğu yerin Vifleem deyil, Nazaret olduğunu sübut etsə də, rəsmi kilsə bunun əksini iddia edir. Amma Roma papası XVI Benediktin 2007-ci ildən nəşr etdirməyə başladığı “Nazaretli İsa”
çoxcildliyinin 21 noyabr 2012-ci ildə çapdan çıxan 3-cü cildində kilsə ilə elm arasında mübahisə obyekti olan bir çox məqamlarda müəllif ənənəvi xristianlığa zidd olaraq elmin tərəfini tutub. Belə ki, XVI Benedikt də İsanın doğum tarixinin 6-cı əsrdə yeni təqvim tətbiq edən abbat Kiçik Dionisin səhvinə görə 8-9 il irəli çəkildiyini, onun doğum yerinin Xilaskar “çar Davidin evində və ailəsində doğulmalıdır ” - öncəgörümünün İsaya aid edilməsi marağı ilə Nazaret deyil, Vifleem kimi göstərildiyini qəbul edir.
İncildəki İsa
İsanın doğuluşuna bu qədər önəm verən xristian ədəbiyyatı onun beşikdə danışıb insanlara Tanrının sözlərini çatdırdığını, bir neçə xırda epizodu qeyd edəndən sonra susur. Onun uşaqlıq dövrü barədə son fraqmenti Luka qələmə alıb: “O, 12 yaşına çatdığı zaman adət üzrə Yerusəlimə bayrama getdilər...İsa gün-gündən hikmətdə və qamətdə, Tanrı və insanlar qarşısında lütfdə tərəqqi edirdi” (Luka 2:42-52). Bundan sonra onun haqqında rast gəldiyimiz əsas məlumatlar həyatının 30-33-cü illərinə aiddir.
Onun 13-30 yaşlarına aid bir kəlmə belə axtarsaq, nə 4 İncildən birində, nə də digər rəsmi xristian ədəbiyyatında tapa bilməyəcəyik. Yer üzü sakinlərinin həyatında bu qədər önəmli rol oynamış, milyonların sitayiş obyekti olan İsa görəsən, bu illər ərzində doğrudanmı, diqqətəlayiq bir iz qoymayıb? Bəlkə, xristianlar bu barədə heç nə bilmir? Bəlkə, qəsdən susurlar? Araşdırmalarımız zamanı bu suallara cavab ola biləcək bir çox maraqlı faktlarla qarşılaşdıq. Amma birbaşa cavabları təbii ki, sizin öhdənizə buraxırıq.
Tanıdığımız İsa
İsa peyğəmbərin həyatı haqqında məlumatsızlığı əksər mütəxəssislər o dövr xristianlarının tarixi dəlillərdən çox təlimin dini məqamlarına diqqət yetirməsi ilə izah edirlər. “Ölü dəniz əlyazmaları” layihəsinin direktoru Doktor Con K.Trever də, “Tarixi İsanın yeni axtarışları”
kitabının müəllifi Ceyms M.Robinson da bu fikirdədirlər. Amma bu fikri heç də bütün müəlliflər bölüşmür.
İsa peyğəmbərin müasir rəsmi xristianlıq tərəfindən qəbul edilən həyat tarixçəsinin qısa təsviri belədir: o, 30 yaşında öz yeni təlimi ilə indiki İsrail torpaqlarında peyda olur və ətrafına tərəfdarlar toplayır. Sonra şagirdlərilə təbliğat səyahətinə çıxır və yol boyu xəstələri sağaltmaqla, ölülərə can verməklə, beş arpa çörəyi ilə 5 min adamı doydurmaqla bir çox möcüzələr göstərir.
İsanın şöhrəti artdıqca təşvişə düşən yəhudi rəhbərləri ona sui-qəsd planı hazırlayırlar. Nəhayət, onu şagirdlərindən Yəhuda İskaryot adlı biri ələ verir. İsa sorğu-sual edilir və Ponti Pilat adlı hakimin hökmü ilə çarmıxa çəkilir.
Bu hadisə Pasxa bayramı ərəfəsində baş verdiyi üçün kahinlər cəsədin çarmıxdan bir neçə gün əvvəl endirilməsini xahiş edirlər. İsanın cəsədi gizli şagirdi Yusifin xahişi ilə ona verilir. Şagirdləri onu bir sərdabədə dəfn edir. İki gün sonra İsanın yaxın davamçılarından olan Məcdəlli Məryəm (Mariya Maqdalena) sərdabəyə baş çəkərkən İsanın nəşini orada görmür. O, digər şagirdlərə də bu xəbəri çatdırır. Bir neçə gün sonra sərdabənin yanında oturub ağlayan Məcdəllı Məryəm İsanı sap-sağlam formada görür. Daha sonra İsa digər şagirdlərə də görünür, bir neçə gün onlar birlikdə olurlar və nəhayət o, qeyb olur.
Rusiyalı jurnalistin şok kəşfi
İsa peyğəmbərin 13-30 yaş kəsimindəki həyatı haqqında müxtəlif fikirlərə qədim mənbələrdə də rast gəlmək olur. Bəzi mənbələr bu illərdə onun Misirdə, bəziləri İngiltərədə, bəziləri isə Hindistanda olduğunu qeyd edirlər. Lakin rəsmi kilsə bütün bunları “yeres” (küfr) və apokrif kimi rədd edir.
1887-ci ildə Hindistana yaradıcılıq səfəri edən rus jurnalisti Nikolay Notoviçin 7 il sonra Fransada nəşr etdirdiyi “İsa Məsihin naməlum həyatı” adlı əsəri xristian dünyasını silkələdi. O da maraqlıdır ki, N.Notoviç hərbi və siyasi mövzularda yazan qələm adamı kimi tanındığı halda, birdən-birə dini mövzuda, özü də belə radikal bir mövqedən çıxış edir. Müəllifin səyahət qeydlərinə diqqət edərkən də onun dinlə maraqlanmasını əks etdirən heç bir detala rast gəlmədik. O, Hindistana uşaqlıq illərindən bu diyara olan marağının diktəsi ilə getdiyini yazır: “1887-ci ildə Qafqazdan və Farsistandan keçərək hələ uşaqlıqdan məni cəlb edən Hindistana yol aldım...”
Notoviç Lahora, oradan Ravalpindiyə gəlir və Kəşmirdən keçərək Ladaka yol alır. O, Ladakdan Karakorum və Çin Türküstanı ərazilərindən keçərək Rusiyaya qayıtmağı planlaşdırırmış.
Notoviç sirli tapıntının izinə Mulbekdə düşür. Oradakı qompalardan (buddist məbədlərindən) birində lamalarla söhbət edərkən yaşlı bir kahin onun xristian olduğunu bilincə: “Sizin peyğəmbəriniz İsa da bir zaman bu yerlərdə olub”,- deyir. Müəllif öncə bu sözlərə əhəmiyyət vermədiyini, bunu bir yanlışlıq hesab etdiyini yazır. Amma yaşlı lama İsa barədə daha detallı danışmağa başlayınca, rusiyalı qonaq onun dediklərinə təəccüb edir.
Lamanın Notoviçə dediklərinə görə, Tibetin paytaxtı Lhasda və bir neçə başqa yerlərdəki məbədlərdə İsa peyğəmbərin həyatından bəhs edən əlyazmalar var və həmin əlyazmalar onun vaxtilə, bu torpaqlarda səyahət etməsindən xəbər verir.
Bu şok məlumatdan sonra həmin əlyazmaları tapmaq Notoviçin əsas məqsədinə çevrilir. O, dağ yolları ilə səyahətin bütün ağırlıqlarına qatlaşaraq bir çox məbədlərə baş çəkir. Onların bir neçəsində İsadan bəhs edən manuskriptlərdən xəbəri olan başqa insanlarla da görüşür. Nəhayət, o, Ladakın paytaxtı Lehdən 22 mil (32 km) məsafədə yerləşən Himis məbədinə çatır. Himis Ladakın ən böyük və məşhur məbədi sayılır. Burada Notoviçə əlyazmalar haqqında daha ətraflı danışırlar: “İsanın həyatından bəhs edən sənədlər Hindistandan Nepala, oradan da Tibetə gətirilib. Həmin sənədlər pali dilində yazılıb və hal-hazırda Laosdadır. Amma onun tibetcəyə çevrilmiş surətləri bizim məbədin arxivində də var”.
Notoviç çətinliklə də olsa, həmin sənədlərlə tanış olmaq imkanı əldə edir və onları tərcüməçisinin köməyi ilə ruscaya çevirir. Amma sirli sənədləri Rusiyada çap etdirə bilmir. Notoviç əlyazmaları barədə öncə Kiyev mitropoliti Plotonla məsləhətləşir: “O, kəşfimin böyük əhəmiyyət daşıdığını qeyd etsə də onları çap etdirməmək üçün məni dilə tutdu. Çünki, memuarların mənim həyatım üçün təhlükə yarada biləcəyini düşünürdü”.
Sirli 17 il
Notoviçin tərcüməçisinin köməyi ilə çevirdiyi variantda sirli əlyazmalar “İnsan oğullarının seçilmişi Müqəddəs İssanın həyatı” adlanır. Görünür, bu adı Notoviç özü fikirləşib. Çünki bu əlyazmaları ondan sonra arşdıran Nikolay Rerix və Abhidenanda Svami onu fərqli adla təqdim edirlər.
Mətn 14 fəsilə bölünmüş 244 bənddən ibarətdir. Əlyazmalar “Yəhudilərin törətdiyi dəhşətli günahlar Yeri titrətdi və göyləri inlətdi ” – sözləri ilə başlayır. Burada söhbət yəhudilərin İsaya verdiyi işgəncələrdən gedir. Növbəti fəsil İsanın doğuluşu və uşaqlığından bəhs edir. Bu bəndlər bütün parametrləri ilə İncildəki analoji məlumatları xatırladır.
(Ardı burada)
Cəmşid Bəxtiyar
AzVision.az üçün