Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib
  19 May 2020    Oxunub:3180
Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə "Türk dünyası muzeylərinin həftəsi” proqramı üzrə məktəblilər üçün muzey həftəsinə start verilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, cari ilin 18-24 may tarixlərini əhatə edən "Türk dünyası muzeylərinin həftəsi" proqramının videokonfrans formatında keçirilən rəsmi açılışında Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, builki "Məktəblilər üçün muzey həftəsi" proqramının COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilməsi nəzərdə tutulub. Həmçinin məktəblilərin evdən çıxmadan dünya muzeylərinə virtual ziyarətlərinin təşkili imkanları yaradılıb.

Nazir şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini, məktəblilərin muzeylərə ekskursiyalarının təşkilinin təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunmasının vacibliyini qeyd edib.



C.Bayramov muzeylərə ekskursiyaların təşkilinin şagirdlərin tariximiz, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz, tanınmış incəsənət xadimləri haqqında daha ətraflı məlumat almasında, onların dünyagörüşünün zənginləşməsində mühüm rolunu vurğulayıb.

COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan ekskursiyaların keçirilməsində əsas məqsəd məktəbliləri dünya muzeylərinin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkələrin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdir.



Layihə çərçivəsində mayın 18-dən başlayaraq 24-dək hər gün Türk dövlətlərinin aparıcı muzeylərindən biri uşaq və gənclər üçün onlayn təqdimat, virtual ekskursiya təşkil edəcək. Belə ki, proqrama əsasən, mayın 18-də Azərbaycan Milli Xalça Muzeyi, 19-da Qazaxıstan Milli Muzeyi, 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, 21-də Türkiyənin Troya Muzeyi, 22-də Özbəkistan Dövlət Tarix Muzeyi və 23-də Macarıstan Milli Muzeyi öz eksponatlarını onlayn formatda təqdim edəcəklər. Proqram ayın 24-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyaların təqdimatları ilə yekunlaşacaq. Virtual eksursiyalara məktəblilərin və Bakı şəhəri ilə yanaşı respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulması nəzərdə tutulub.







Azvision.az



Teqlər: Məktəbli   Muzey  





Xəbər lenti