Azərbaycan-Fransız Universiteti tələbələrə güzəşt etdi

Azərbaycan-Fransız Universiteti tələbələrə güzəşt etdi
  06 Aprel 2020    Oxunub:3537
Nazirlər Kabinetinin qərarına əsasən ölkədə xüsusi karantin rejiminin tətbiq olunması və təhsil müəssisələrində tədris prosesinin aprelin sonuna qədər təxirə salınmasını nəzərə alaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsinə sənəd qəbulu və imtahan tarixi dəyişdirilib.
UFAZ-dan Azvision.az -a verilən məlumata görə, sənədlərin qəbulu üçün son tarix mayın 10-u müəyyənləşdirilib. Daxili imtahan isə mayın 29-a olacaq.

Bundan əlavə, xüsusi karantin rejimi ilə əlaqədar universitetlər distant formada fəaliyyət göstərdiyi üçün tələbələrin transkript əldə etməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, sənəd qəbulu zamanı transkriptin mütləq təqdim olunma şərti aradan qaldırılaraq imtahan gününə qədər təqdim olunmasına icazə verilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 70-dən artıq bal toplayan hər kəs UFAZ-ın ikinci daxili imtahanında iştirak edə bilər. İngilis dilində baş tutacaq daxili imtahan Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunur və UFAZ-a qəbul yalnız bu imtahan nəticələrinə (DİM nəticələri nəzərə alınmır) əsaslanır.

Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və Rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur. Tələbələr nəticələrini mayın 29-dək təqdim edə bilərlər.

UFAZ-a qəbul imtahanı mayın 29-da seçilən magistr ixtisasları üzrə həyata keçiriləcək.

Magistratura proqramı üçün nəzərdə tutulan ixtisaslar aşağıdakılardır:

Kimya Mühəndisliyi / Fiziki Kimya

Tətbiqi Kompüter Elmləri (Böyük Verilənlər Bazası və Süni Zəka)

Yer Elmləri

Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir.

Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.

Azvision.az



Teqlər: Tələbə  





Xəbər lenti