Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!
  04 Aprel 2020    Oxunub:2361
Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb. Yeni variant onlayn sınaq imtahanı (Azərbaycan və rus bölməsi üzrə) da 2020-ci ilin iyul ayınadək ödənişsiz olacaq.

İmtahana DİM-in saytında yazılmaq mümkündür.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.

Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 14748 istifadəçi tərəfindən 30089 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. Onlayn imtahan başa çatan kimi imtahanın nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları otk.az-ın “Təlimatlar” bölməsində verilib.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti