Konqresmendən bəyanat: “ABŞ Azərbaycanın yanındadır”

  21 Yanvar 2020    Oxunub : 1994
 Konqresmendən bəyanat: “ABŞ Azərbaycanın yanındadır”
20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı ABŞ Konqresində növbəti bəyanat verilib. ABŞ Konqresinin nüfuzlu Xarici Məsələlər Komitəsinin üzvü Robert Aderholt faciə ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, bəyanatda bildirilir ki, bu ay bizim dost və müttəfiqimiz Azərbaycan Respublikası “Qara Yanvar” hadisəsinin 30 illiyini qeyd edir. Diqqətə çatdırılır ki, bu hadisə, 20-ci əsr ərzində davam etmiş işğalın, yəni Azərbaycan üzərində Sovet idarəçiliyinin sonunun başlanğıcı kimi simvolizə olunur.

Bəyanatda həmçinin məlumat verilir ki, 19-20 yanvar 1990-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində zorakılıq zamanı Sovet ordusu 100-dən çox Azərbaycanlı nümayişçini qətlə yetirib, 700 nəfər isə yaralanıb. Sovet hərbçilərinin zorakılığına baxmayaraq, Azərbaycan əhalisi dinc etirazını 1991-ci il 18 oktyabr tarixində SSRİ-dən müstəqilliyini elan edənə qədər davam etdirib.

Konqresmen Aderholt bəyanatında həmkarlarına səslənərək Azərbaycanda “Qara Yanvar” faciəsinin və azadlıq uğrunda canlarından keçmiş insanların xatirəsinin yad edilməsinə çağırıb, ABŞ-ın müttəfiq və tərəfdaşı Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

Azvision.az

Teqlər: ABŞ   Konqress