20 Yanvar şəhidlərinin xatirəsi İstanbulda yad edilib
Tədbirin aparıcısı sosial elmlər üzrə tədqiqatçı, yazıçı-tərcüməçi Mətin Yıldırım 20 Yanvar faciəsi barədə məlumat verib.
Sonra mərasimdə çıxış edən dərnəyin sədri Səfər Qaraqoyunlu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin deputatı Hayrettin Nuhoğlu və digərləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilmiş faciədən danışıblar. Bildirilib ki, yaddaşlara əbədi həkk olunmuş bu faciə, əslində, Azərbaycan türklərinin 70 illik əsarətə son qoyduğu və zülm qarşısında əzmlə dayandığı gündür. 20 Yanvar hadisələri Azərbaycan tarixinə qanlı faciə kimi daxil olub. Lakin, eyni zamanda, bu faciə Azərbaycan xalqının milli qəhrəmanlıq tarixinin unudulmaz səhifələrindən biridir.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev faciədən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu qanlı cinayəti cəsarətlə pisləyib, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirib.
Çıxışlarda bu gün Azərbaycanda həyata keçirilən siyasətin müstəqilliyi daha da möhkəmləndirdiyi vurğulanıb.
Sonra 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, Türkiyədə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Azvision.az
Teqlər: