Azərbaycanda 2400-dən çox məhkum elektron qolbaq daşıyır

   Azərbaycanda 2400-dən çox məhkum elektron qolbaq daşıyır
  18 Yanvar 2020    Oxunub:3796
Məhkəmələr tərəfindən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, ötən il yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların sayı əvvəlki illə müqayisədə 7,5 faiz artaraq 23 minə çatıb. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin sayı isə 2018-ci illə müqayisədə 4,4 dəfədən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə məlumat verilib.

Bildirilib ki, yerli probasiya qurumlarının qeydiyyatında olan 9.727 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunmuş cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 728 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 120 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək 2019-cu ildə 2400-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

2019-cu ildə məhkəmənin qərarlarına əsasən 1.502 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 886-ı ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İl ərzində bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 183 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib. Cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2.5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Azvision.az


Teqlər: Ədliyyə   Müşavirə   Məhkum   Elektronqolbaq  





Xəbər lenti