Balakəndə heyvanlar yoluxucu xəstəliklərə qarşı peyvəndlənib

  17 Yanvar 2020    Oxunub : 2063
Balakəndə heyvanlar yoluxucu xəstəliklərə qarşı peyvəndlənib
Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirlərinə start verib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, bütün ölkədə olduğu kimi, Balakən rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

Hazırda Agentliyin Balakən Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir.

Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.

Balakən rayonunda mövcud olan 38 min baş iribuynuzlu, 37500 baş xırdabuynuzlu heyvan, 1300 baş təkdırnaqlı, 4200 baş it və 200 min baş quşlar arasında peyvəndləmə tədbirləri cari ildə də davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Balakən Rayon Baytarlıq İdarəsinin 11 sahə baytarlıq məntəqəsi tərəfindən 2019-cu il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 3587 baş iribuynuzlu heyvandan, 35 ana qoyun və 702 baş qoçdan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 3300 baş iribuynuzlu heyvanda vərəm (allergik), 702 baş qoçda infeksion epidedimit (seroloji) və 1000 baş atda manqo xəstəliklərinə görə (maleinizasiya) müayinələr aparılıb və yoluxma aşkarlanmayıb.

Həmçinin 2019-cu ildə rayonda 44240 (o cümlədən 5340 başı cavan) baş iribuynuzlu, 37340 baş xırdabuynuzlu, 1800 baş təkdırnaqlı heyvanda qarayara, 91065 (o cümlədən 13210 başı cavan) baş iribuynuzlu, 74910 baş xırdabuynuzlu heyvanda dabaq, 44494 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 1250 baş iribuynuzlu heyvanda leptospiroz, 37345 baş xırdabuynuzlu heyvanda çiçək, 6765 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini) və 5150 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4909 baş itdə quduzluq, 380200 baş cücədə (“La-sota” vaksini ilə) və 269400 baş quşda (“H” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb, eləcə də 6660 kvadratmetr sahədə profilaktik və 2150 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Azvision.az

Teqlər: Balakən   Baytarlıq