BSU-da elmi konfrans keçirilib

BSU-da elmi konfrans keçirilib
  20 Dekabr 2013    Oxunub:2885
Bakı Slavyan Universiteti respublikamızın dinamik inkişaf edən təhsil mərkəzlərindən biridir. Bu təhsil mərkəzində daim beynəlxalq konfranslar, dəyirmi masalar, tanınmış xarici ictimai xadimlər və ədiblərlə, tədqiqatçı və alimlərlə görüşlər keçirilir. Bu ənənənin davamı olaraq, 20 dekabr 2013-cü il tarixində Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istoriografiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq Elmi Konfransın açılışı baş tutub.

Konfransın işində 17 ölkədən (ABŞ, Ukrayna, Qazaxıstan, İsveç, Fransa, İsrail, Gürcüstan, Rusiya, Canada, Yaponiya, Türkiyə, İtaliya, İran, Özbəkistan, Avstraliya, Böyük Britaniya, Almaniya) 40-dan çox, Azərbaycanın ali məktəblərindən və elm müəssisələrindən (Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Xarici Dillər Universiteti, Xəzər Universiteti, AMEA-nın Ədəbiyyat İnstitutu) 50 alim və tədqiqatçı iştirak edirlər.

Konfransı giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayev konfrans iştirakçılarını salamladı və xüsusilə vurğulayıb: “Biz artıq ənənəyə çevrilmiş və “Müqayisəli ədəbiyyat” devizi altında keçirilən konfransın beşincisində iştirak edirik. Konfransa gələn xarici qonaqların sayının çoxluğu bu beynəlxalq elmi tədbirə olan marağın artdığını bir daha təsdiqləyir”. Rektor BSU-nun Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası ilə birgə keçirdiyi konfransa gələn xarici qonaqları iştirakçılara təqdim etdi və onlara konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirib.

Azərbaycan Müqayisəli Ədədbiyyat Assosiasiyasının sədri, universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, prof. R.M.Qeybullayeva konfransın işi haqqında geniş məlumat verdi.
Konfransın əsas məruzəçiləri, Viskonsin Medison Universitetinin (ABŞ) dosenti Marks Statkiyeviç “Başlanğıc: ədəbiyyat tarix və mif arasında vasitə kimi”, Boğaziçi və Yeditəpə Universitetinin (Türkiyə) professoru Suat Karantay “Səyahət yaddaşın forması kimi: Montegyunun “Türk Səfiri məktubları”” mövzularında elmi məruzə ilə çıxış edbilər.

V Beynəlxalq Elmi konfrans münasibətilə iştirakçıları təbrik edən Osaka Universitetinin (Yaponiya) professoru Takayuki-Yokota Murakami prof. K.M.Abdullayevin yapon dilinə tərcümə olunmuş və bu uzaq ölkədə işıq üzü görmüş “Sehirbazlar dərəsi” kitabını müəllifə təqdim edib.

Daha sonra Asiya Universitetinin rektoru prof. C.Nağıyev, Miçiqan Universitetini (ABŞ) alimi, prof. Jaspal K.Singh, Təbriz Universitetindən (İran) Hossein Sabouri, Ural Federal Universitetindən (Rusiya) S.Sokolov, BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Millət vəkili, prof. S.Qafarova və digərləri çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Konfrans aşağıdakı bölmələrdə öz işini davam etdirir: “Tarixi və ədəbi janrlar: təsvir üsulları”, “Ədəbi mətnlərdə tarixin təsviri formaları” , “Keçid dövründə ədəbiyyat və tarix”, “Mifoloji qatda tarix”, “Tarix və istorioqrafiya”, “Dil tarixin mənbəyi kimi”.

Konfrans çərçivəsində Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anuar Qaliyevin “Keçmişin dərki: mif və tarix arasında”, Orenburq Dövlət Pedaqoji Universitetinin (Rusiya) professoru S.Lyubiçanovskinin “Yaddaş və gündəlik (Leonid Bolşakovun şəxsi gündəliyi əsasında)” adlı ustad dərslərinin, Osaka Universitetinin dosenti Takayuki-Yokota Murakaminin sədirliyi ilə “İtirilmiş milli tarixin bərpası: Latviyanın rusdilli yəhudi yazıçıları və onların əsərləri” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Konfransda iştirak edən xarici qonaqlar üçün maraqlı mədəni proqram çərçivəsində paytaxtımız ilə tanışlıq, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, tarix və ədəbiyyat muzeylərinə ekskursiyalar təşkil olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti