Mikayıl Cabbarov Gəncəyə yeni direktor təyin edəcək - ÖZƏL

Mikayıl Cabbarov Gəncəyə yeni direktor təyin edəcək - ÖZƏL
  13 Dekabr 2013    Oxunub:1922
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına bazar ertəsi yeni direktor təyin edəcək.

AzVision.az-a bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. Bildiriblər ki, hələ ki, bu vəzifəyə heç bir təyinat olmayıb:

“Bazar ertəsi günü Təhsil Nazirliyinin bu barədə əmr verməsi gözlənilir. Amma hələ ki, heç bir təyinat yoxdur”

İcra hakimiyyətindən bildiriblər ki, institutda direktor olmasa da, dərslərdə heç bir ləngimə olmayıb: “Bütün dərslər qrafik üzrə keçirilib. Direktorun vəzifəsini müvəqqəti olaraq müavinləri yerinə yetirirlər”.

Qeyd edək ki, bu gün Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 noyabr 2013-cü il tarixli 899 nömrəli əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tədris və maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılıb.

Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.

Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə,təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti