65 il AMEA-da işləyən qadın “Qocalar evi”ndə yaşayır - VİDEO

65 il AMEA-da işləyən qadın “Qocalar evi”ndə yaşayır -  VİDEO
  07 Oktyabr 2019    Oxunub:15431
“Bəxt üzüyü” filmində “Sevda” obrazını yaradan aktrisa onun ögey qızıdır.

Sona Rəhimbəyova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinidir. 87 yaşlı müsahibimiz ömrünün 65 ilini Azərbaycan Milli Elmlər Akademiyasında işləyib. Təqaüdə çıxdıqdan sonra yolu "Qocalar evi"ndən keçib.
Azvision.az -ın əməkdaşı ilə həmsöhbət olan S.Rəhimbəyova əslən bakılı olduğunu deyib. Bu yaxınlarda AMEA prezidenti Akif Əlizadə ilə görüşən qadın onunla illər öncə tanış olduğunu söyləyib.



“Əslən Bakılıyam. Zarafatla desək, içərişəhərli qızı, ağşalvarlılardanam. 1952-ci ildən AMEA-da işləmişəm. Akademiyanın prezidenti Akif Əlizadə ilə tanışlığım da o vaxtlardan başlayıb. O, aspiranturanı, mən isə məktəbi bitirib ora gəlmişdim. Komsomolun birinci katibi işləyirdi, birgə iclaslara gedirdik, insanlarla tanış olurduq. Akademiyanın kitabxanasında, xəritəçilik şöbəsində 15 il fəaliyyət göstərmişəm. Oranın 7 prezidenti ilə çalışmışam.7-ci Akif Əlizadə olub. 10 ildir ki, onu görmürdüm. Münasibətimiz bacı-qardaş kimi idi. Harada görürdüsə, mənimlə salamlaşırdı, hal-əhval tuturdu. Əliaçıq, ürəyi təmiz, çox yaxşı insandır. 65 il orada işlədim, sonra təqaüdə çıxdım”.



Həmsöhbətimiz deyir ki, "Qocalar evi"nə gəliş səbəbi yeganə övladı olan qızının İsrailə köçməsi olub: “Bir qız övladım var. O, ailəsi ilə birgə buradakı evi satıb İsrailə köçdü. O zaman kürəkənimlə qızım məni də özləri ilə ora aparmaq istəyirdilər, ancaq mən getmədim. Onlara dedim ki, İsraildəki istiyə tab gətirə bilmərəm. Qərar verdim ki, evimiz satılandan sonra qonşumla birgə qalım. Ancaq o da qızım gedəndən sonra mənə yaxşı baxmadı, başıma müsibətlər açdı. Sonradan öyrəndim ki, qızımın İsraildən mənə göndərdiyi pulları mənimsəyirmiş, əvəzində mənə yaxşı davranmırdı. Bacımın oğlu vəziyyətimin ağırlığını görüb məni bura gətirdi. Qızımgil gəldilər, yenidən məni aparmaq istədilər. İkinci dəfə də getmədim. Bura mənim üçün daha əlverişlidir”.



S. Rəhimbəyovanın ikinci həyat yoldaşı onun doğma xalası oğlu olub: “Birinci yoldaşım rəssam idi. Rayona gedəndə avtoqəzada həyatını itirdi. Bir neçə ildən sonra xalam oğlu ilə evləndim. Onun birinci nikahdan bir qızı, bir oğlu var. Məşhur aktrisa, “Bəxt üzüyü” filmində “Sevda” obrazını yaradan Firəngiz Rəhimbəyova mənim xalam oğlunun qızıdır. Özü də, qardaşı da Amerikaya köçüb. Arada danışırıq, hal-əhval tuturuq. Qardaşım, bacılarım var, ancaq onların yanında qalmaq istəmədim”.



Müsahibimiz gündəlik rəfiqəsi ilə gəzməyə gedir, filmlərə baxır. Deyir ki, burada heç nə üçün darıxmır. Bir sözlə, həyatından razıdır və bura gəldiyinə peşiman deyil.



Şahanə Rəhimli
Foto: Şahin Sərdarov
Vİdeo: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Qocalar-Evi  





Xəbər lenti