Lökbatanda batanlar: Mitinq harada keçirilsin? – VİDEOKÖŞƏ

    Lökbatanda batanlar: Mitinq harada keçirilsin? –    VİDEOKÖŞƏ
  02 Oktyabr 2019    Oxunub:10528
AXCP-nin şəhərin mərkəzində planlaşdırdığı mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədi. Daha doğrusu, AXCP-nin mitinqdə çoxlu sayda adam iştirak edəcəyi iddiasını nəzərə alınaraq, Lökbatanda aksiya keçirmək təklif edildi. Getmədilər, dedilər, bu mitinqə “yox” cavabı vermək kimi bir şeydir. Biz Lökbatana getmirik. Niyə? Axı sizin çox böyük bir ordunuz var. Axı xeyli adam var ki, sizinlə dünyanın harasına desəniz, gedər. Axı ölkədə hamı acından ölür, sizə söykənib durub…
Burada bir haşiyə. Deyim, biləsiniz, AXCP-nin Lökbatana getməməsinin iki səbəbi var.



Birincisi. Ölkədə bir toplum var. O, nə müxalifətdir, nə iqtidar. Ona ən sağlam təbəqə də demək olar. Müxalifətə inanmır, məmurlardan incikdir. Dayanıb, müşahidə eləyir. Əminəm, məhz o təbəqə danışanların hamısından daha dövlətçi, daha millətçidirlər. O üzdən, ağızlarına su alıb, ortadakı bu mübarizəfasov nəsnəyə diqqət kəsilib. Bu mənada müxalifət şəhərin göbəyində aksiya keçirsəydi, yəqin ki, həmin təbəqənin nümayəndələri evinin balkonundan məlul-müşkül həmin aksiyaya müşahidəçi qismində qatılmış olacaqdılar. Ancaq o təbəqə durub Lökbatana AXCP-nin dalıyca gedəsi deyildi.

…Qayıdaq Lökbatana getməməyin ikinci səbəbinə. AXCP sədri, onlayn çıxışlarından birində “İndi bizi 7000 adam izləyir. Etiraf etməliyəm ki, bu, çox azdır. Biz on minlərlə, yüz minlərlə olmalıyıq. Olmasaq, alınmayacaq. Şəhərin mərkəzində mitinq etməsək, alınmayacaq”,- dedi…

Gələk o yeddi minə…Onların bir qismi hər iki düşərgədən media adamlarıdır, bir qismi ictimai-siyasi fəal şəxslər, rəqib partiya yetkililəri, sıraviləri. Təbii ki, təhlükəsizlik, güc strukturlarının nümayəndələri də digərləri kimi bu statistikaya daxildirlər. Bayaq qeyd etdiyim neytral təbəqəni də unutmayaq, o, iqtidarlı-müxalifətli hər kəsi müşahidə eləyir. Yerdə qalan bir ovuc da AXCP fəali, söyüş dəstəsinin üzvləridir. O üzdən, təklif edirəm, mitinqi elə FB-də keçirin. Nə də olsa, sosial şəbəkədə bütün düşərgələrdən üst-üstə yeddi minəcən adama özünüzü göstərə bilirsiniz.

Yox, əgər bütün deyilənlər cəfəngiyyatdırsa, illah meydan istəyirsinizsə, gedin Lökbatana. Getmirsinizsə, demək, adamlarınızın ora gələcəyinə əmin deyilsiniz. Əmin deyilsinizsə, demək, rol oynayırsınız. Rol oynayırsınızsa, demək, səmimi deyilsiniz. Səmimi deyilsinizsə, yüz faiz ən müxtəlif maraqlarınız var. Və əgər ki, maraqlarınız varsa, demək, siz millət, dövlət, vətəndaş adından sadəcə və sadəcə yararlananlardan başqa heç nə deyilsiniz, vəssalam!..

Jalə Mütəllimova
Azvision.az üçün



Teqlər: Mitinq  





Xəbər lenti