Zeynəbin çin olan arzusu: “Hələ də inana bilmirəm” - VİDEO

  Zeynəbin çin olan arzusu:    “Hələ də inana bilmirəm” - VİDEO
  24 Avqust 2019    Oxunub:13925
Azərbaycan Dillər Universitetinin “Jurnalistika” fakültəsinə ödənişli əsaslarla qəbul olan Zeynəb Əlizadənin iki illik təhsil haqqı ödənilib. Zeynəb bu gün ADU-da qeydiyyatdan keçib və rəsmən tələbə adını qazanıb.
Məlumat üçün bildirək ki, Astara sakini Zeynəb Əlizadə müəllim yanına hazırlığa getmədən ali məktəbə qəbul olub. Atası olmayan, anası isə yataq xəstəsi olan Zeynəb və bacı-qardaşı nənələrinin himayəsində böyüyüb.

Ailənin maddi durumu yaxşı olmadığı üçün gənc qız illik təhsil haqqını ödəyə bilmirdi. Zeynəbin təhsilini davam etdirməsi üçün ötən gün Azvision.az saytında dərc olunan yazı geniş rezonans doğurdu və mərhəmətli oxucularımız jurnalist olmaq arzusu ilə yaşayan Zeynəbə maddi yardım göstərdilər. Nəticədə gənc qızın iki illik təhsil haqqı ödənildi.

Bundan əlavə, digər bir oxucumuzun təşəbbüsü ilə onun adına bank hesabı açıldı və IV kursu bitirənə qədər hər ay hesaba 100 manat vəsait köçürüləcək. Zeynəbin yataqxanada qalması üçün ADU tərəfindən də şərait yaradılıb və o, 4 il ərzində pulsuz yeməklə təmin olunacaq.

Xeyirxah insanlarımızın sayəsində arzusu çin olan Zeynəb bu gün redaksiyamızın qonağı oldu. Tələbə qız onun təhsil alması üçün maddi köməklik göstərən hər kəsə öz təşəkkürünü bildirdi və ona yardım edən insanların ümidlərini doğruldacağını söylədi.



Aytən Zəhra
Video: Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Zeynəb   Tələbə   ADU   Universitet  





Xəbər lenti