Ukrayna DİN: 100 milis xəsarət alıb

Ukrayna DİN: 100 milis xəsarət alıb
  02 Dekabr 2013    Oxunub:1573
Ukrayna DİN Daxili qoşunlarının komandanlığı vətəndaşlardan hüquqa zidd hərəkətlərini dayandırmağı xahiş edib. Toqquşmalarda 100 milis, 53 mülki vətəndaş xəsarət alıb.
Ukrayna Daxili İşlər Nazirliyinin Daxili qoşunların komandanlığı aksiya iştirakçılarından Kiyevdə hüquqazidd hərəkətlərini dayandırmağı xahiş edib. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili qoşunların mətbuat xidməti məlumat verib.

"Ukrayna DİN Daxili qoşunlarının komandanlığı və şəxsi heyəti fitnəkar çağırışlara uymamaq, ictimai asayişi pozmamaq, hüquqazidd hərəkətlərə dərhal son qoymaq və insanların kütləvi toplaşdıqları yerləri tərk etmək barədə vətəndaşlara təkidlə müraciət edib", - mətbuat xidmətindən bildirilib.

Prezident Administrasiyasının binası qarşısında ictimai asayişin təmin olunması üçün Şimal ərazi komandanlığının hərbçiləri cəlb olunub. Hazırda orada toqquşmalar davam edir.

Kiyevin mərkəzində bazar günü iğtişaşlar zamanı 100-ə yaxın hüquq mühafizə orqanlarının əməkdaşları yaralanıb.

"Dörd saat ərzində təxminən 100 nəfər xəsarət alıb. Onların bir qismi xəstəxanaya yerləşdirilib", - mətbuat xidmətindən deyiblər.

Kiyev şəhər Administrasiyasının Səhiyyə Departamentindən bildiriblər ki, dövlət əleyhinə keçirilən aksiyalar zamanı müxtəlif bədən xəsarətləri alan 53 nəfər təcili tibbi yardıma müraciət edib.

Müraciət edənlərdən 14-ü xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti başlarından aldıqları travmalardan və üzlərindən aldıqları kimyəvi yanıqlarla xəstəxanaya yerləşdiriliblər.

Bütün yaralılara lazımi tibbi yardımın göstərildiyi qeyd olunur.


Teqlər:  





Xəbər lenti