Yanukoviç: “Biz Avropa xalqıyıq”

Yanukoviç: “Biz Avropa xalqıyıq”
  01 Dekabr 2013    Oxunub:1090
Ukrayna prezidenti Viktor Yanukoviç vəd edib ki, Ukrayna və Avropa Birliyi arasında yaxınlaşma prosesinin sürətlənməsi üçün hər şeyi edəcək. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin “Ukrinform” dövlət agentliyinin saytında yerləşdirilən bəyanatında deyilir.

“Ukraynanın iqtisadiyyatımız üçün itkilər olmadan və vətəndaşların həyat səviyyəsi pisləşmədən Avropa Birliyi ilə yaxınlaşması prosesinin sürətlənməsi üçün məndən asılı olan hər şeyi edəcəyəm”, - Yanukoviç qeyd edib.

Viktor Yanukoviç onu da bildirib ki, Ukrayna Avropa Birliyinə bərabərhüquqlu müttəfiq kimi və öz iqtisadiyyatında itki vermədən inteqrasiya etməlidir: “Biz istisnasız olaraq milli maraqlarımızı əsas götürməliyik, öz gələcəyimiz üçün məsuliyyətli olmalıyıq. Biz ölkəmizi Avropanın və dünyanın siyasi xəritəsində böyük və həqiqətən müstəqil dövlət kimi qorumalıyıq”.

“Biz Avropa xalqıyıq, yolumuz tarixən müəyyənləşib”, - Ukrayna prezidenti bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Viktor Yanukoviç Kiyevdə müxalifətin aksiyasının dağıdılmasından narahatlığını ifadə etmişdi.

Bu arada Ukraynanın paytaxtı Kiyevin Mixaylovsk meydanında Avropaya inteqrasiya tərəfdarlarının aksiyası davam edir. Səhər saatlarında meydanda 1500-ə yaxın adam var. Aksiyada çıxış edən ictimai fəallar ölkə əhalisini bazar ertəsi tətil etməyə çağırırlar. Onlar bildirirlər ki, bazar ertəsi Kiyevdə ictimai nəqliyyat işləməyəcək.

Şənbə gününə keçən gecə aksiyanın dağıdıldığı Müstəqillik meydanında isə kommunal xidmətlərin əməkdaşları Yeni il yolkası qururlar.


Teqlər:





Xəbər lenti