Jurnalistlərin Şirməmməd müəllimi - VİDEOREPORTAJ

Jurnalistlərin Şirməmməd müəllimi -   VİDEOREPORTAJ
  25 İyun 2019    Oxunub:7305
Bu gün Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mərhum professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

Azvision.az xəbər verir ki, Bakı Dövlət Universitetində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, elm xadimləri və dövlət rəsmiləri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elçin Babayev Ş.Hüseynovun fəaliyyətindən danışıb, onun ölümünün Azərbaycan elmi üçün böyük itki olduğunu diqqətə çatdırıb.

BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu professorun araşdırmaçı xidməti ilə yanaşı, müəllim və insani kefiyyətlərinin jurnalistlərə nümunə olduğunu söyləyib.

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O, bildirib ki, Ş.Hüseynov tələbələrinə bir insan və peşəkar kimi nümunə olub.

Vida mərasimindən sonra mərhumun cənazəsi ikinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, görkəmli alim Şirməmməd Hüseynov ötən gün 95 yaşında dünyasını dəyişib. O, 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı, 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedrasının müdiri vəzifəsində işləyib. 1988–ci ildən kafedranın professoru idi.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Azər Həsənov

Azvision.az


Teqlər: Şirməmməd-Hüseynov   Alim   Professor   Jurnalist  





Xəbər lenti