İspaniya Qarabağ məsələsində Azərbaycanı dəstəklədi

  13 İyun 2019    Oxunub : 1908
 İspaniya Qarabağ məsələsində Azərbaycanı dəstəklədi
Bakıda Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, İspaniya Krallığının nümayəndə heyətinə isə bu ölkənin xarici işlər, Avropa İttifaqı və Əməkdaşlıq nazirinin müavini Fernando Martin Valenzuela Marzo rəhbərlik edib.

Azərbaycan ilə İspaniya arasında siyasi sahədə münasibətlərdən məmnunluq ifadə edən R.Həsənov mütəmadi əsasda siyasi məsləhətləşmələrin keçirilməsinin önəminə diqqət çəkib və iki ölkə arasında qarşılıqlı, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından vacibliyini vurğulayıb. Həmçinin iqtisadi və humanitar sahələrdə, xüsusilə də turizm, təhsil, energetika, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sektorlarında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

R.Həsənov hazırda iki ölkə arasında baxılmaqda olan saziş layihələrinin aktuallığının müəyyən edilərək tərəflər arasında ən qısa zamanda razılaşdırılmasına diqqət çəkərək, prioritet istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının da genişləndirilməsinin vacibliyini vurğulayıb.

R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyinin danışıqlar prosesinə ciddi zərbə vurduğunu bildirib.

Fernando Martin Valenzuela Marzo iki ölkə arasında mövcud siyasi münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib, iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu fikri ilə razılaşıb və İspan şirkətlərinin Azərbaycanda fəaliyyətinin artırılması üçün geniş imkanların olduğunu qeyd edib. Həmçinin Fernando Martin Valenzuela Marzo ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd edib.

Fernando Martin Valenzuela Marzo Azərbaycanın Kataloniya məsələsinin İspaniyanın Konstitusiyasını rəhbər tutaraq, ölkənin ərazi bütövlüyü əsasında həllinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb və İspaniya tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstək göstərildiyini bildirib.

Tərəflər həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini Fernando Martin Valenzuela Marzo tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Azvision.az

Teqlər: XİN   İspaniya   Qarabağ