Dünyanı “silkələyən” 16 saniyə: Oyun bitdi, oyunlar davam edir - TƏHLİL (VİDEO)
Nə görürük? İki nəfərə polis yaxınlaşır və diqqət! – 16 saniyədən sonra yenidən uzaqlaşırlar. Özünüz də ölçə bilərsiniz. 16 saniyə! Polisin 16 saniyə ərzində insandan nəsə soruşması heç bir şəkildə “saxlanılma”, “sorğu-sual”, “təzyiq” və sair və ilaxır kimi qiymətləndirilə bilməz. Mən özüm də jurnalistəm və əlimi ürəyimin üstünə qoyub, deyə bilərəm ki, Final oyununun baş tutduğu günün xəbər palitrasında bu hadisənin xüsusi çəkisi ən yaxşı halda sıfır idi. Çünki ortada hadisə yoxdursa, onunla bağlı xəbər də olmamalıdır. Buna görə də, əgər mən qlobal medianın qərəzkarlığına bu qədər yaxş bələd olmasaydım, onları qeyri-peşəkarlıqda ittiham edərdim.
Amma burada ortaya bir neçə sual çıxır: Necə olub ki, Azərbaycan polisi əyninə Mxitaryanın formasını geyinmiş iki azarkeşlə söhbət edəndə dərhal xarici jurnalistlər bunu lentə alıblar?
Bunu ancaq bir halda etmək mümkündür: Həmin şəxsləri əvvəlcədən öyrədib, lazım olan paltarı geyindirəsən, sonra da gizli kamera ilə silahlanıb, başlayasan yanlarınca getməyə. “SNTV” adlı xəbər agentliyinin etdiyi məhz elə bu olub. Çünki onlar Bakıya əvvəlcədən konkret missiya ilə gəlmişdilər: Ölkəyə qarşı kompramat düzəltmək, olmasa belə, yox yerdən quraşdırmaq. Bu kompromatı sifariş edənlər isə sonra onun sosial şəbəkədə və qlobal mediada, o cümlədən, BBC-də yayılmasının da qayğısına qalıblar.
Azərbaycana qarşı informasiya həmləsinin miqyasını bilmək istəyirsinizmi? Açığı, təsvir etmək, göstərmək çətindir. Maraqlı final oyunu, qüsursuz təşkilatçılıq, xarici qonaqların kütləvi şəkildə Bakıda rahat əylənib, xoş vaxt keçirmələri qalıb bir tərəfdə, əvəzində bir gün ərzində olmamış, baş verməmiş hadisə haqqında qlobal mediada onlarla material yayımlanıb, sosial şəbəkədə yüzlərlə postlar, tvitlər yazılıb.
Bir daha təkrarlayıram: bütün bunlar OLMAMIŞ hadisənin haqqındadır. Necə ki, ümumiyyətlə, lap əvvəldən başlayaraq, Azərbaycana qarşı bu ssenari, bu çirkin oyun olmayan şeylər bəhanə gətirilərək, aparılır. Bəyəm Mxitaryanı Bakıda hansısa təhlükənin gözləməsi real idi ki? Əlbəttə, yox. Yəni əvvəlindən sonuna qədər bizi olmamış, baş verməmiş hadisələrə, eləmədiyimiz əməllərə görə ittiham atəşinə tutub, diqqəti əsas mövzudan yayındıraraq, Azərbaycanı ləkələmə çalışdılar.
Bəs əsas mövzu nə idi? O idi ki, Azərbaycan Final oyununa bu cür gözəl ev sahibliyi etdiyinə görə təşəkkür və sevgi qazanmalı idi. Bu, bizim mənəvi qazancımızdır və haqqımız idi. Amma bunun baş verməməsi üçün bütöv bir şəbəkə qollarını çırmalayaraq, Azərbaycanın üstünə nifrət dalğasını yönəltməyə çalışır. İnsafən, çox yaxşı da işləyirlər.
Amma Azərbaycanın rasizimdə, ksenofobiyada, daha hansı “-izm”lərdə və “-fob”iyalarda suçlandığı saatlarda cəbhə xəttində ermənilərin atəşkəsi pozması nəicəsində hərbi qulluqçumuz, mayor Aqil Omarov şəhid oldu. Bu hadisə elə bir vaxtda baş verdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadırlar, Final oyununa baxmağa gələn qonaqların isə çoxu ölkəni hələ tərk etməyib. Yəni hər şey onların gözlərinin qabağındaca yaşandı: Azərbaycan haradır, necədir, ermənilər və onların konkret bir nümayəndəsi olan Mxitaryan kimdir, əslində real olaraq kim-kimi öldürür, kim kimin üçün təhlükədir...
İndi qlobal media onu da deyəcəkmi ki, dünən adı Bakı küçələrində utanmadan reklam olunan Mxitaryanın həmvətənləri bu gün bir azərbaycanlını öldürdülər? Tvitterdə Azərbaycanın üstünə yaylım atəşi yağdıran jurnalistlər, fəallar və digərləri bu haqda bircə dənə də olsun, tvit atacaq, status yazacaqlarmı?
Əlbəttə, yox, onlar heç nə deməyəcəklər. Və mən buna görə hətta onlara təşəkkür də etmək istəyirəm. Çünki nəsə desələr, yəqin ki, həmin xəbər belə olacaqdı: “Mxitaryanı Bakıya buraxmayan rasist, ksenofob azərbaycanlılar ardınca cəbhə xəttində dinc bir ermənini də qətlə yetirdilər” . İnanın ki, belə də deyərdilər. Neçə gündür ki, olmayan hadisələrdən xəbər düzəldib, dünyanı silkələyən vicdansız şəbəkədən bunu da gözləmək olar.
Vüsal Məmmədov
Azvision.az
Teqlər: İnformasiya-müharibəsi Antiazərbaycan-şəbəkəsi